18 Aprel 2015 15:19
1 252
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssis deyiləm - səyahəti sevən və gördüklərimi müqayisə etməyi bacaran adi bir insan, amma və lakin həm də bu gözəl məmləkətin hər mənada inkişaf edəcəyinə ümid edən, xoş xəyallara belə səmimi qəlbdən inanmaq istəyən bir vətəndaş. Altını çizərək qeyd edim ki, ələlxüsus - vətəni sevən birisi. Gəl ki, vətəni nə qədər sevsə belə insan daim səyahət edib təzə məkanlar görmək, səfərdən zövq almaq istəyir.

Bir mülahizəyə görə, səyahətə daha çox meyil edənlər məhz xoşbəxtlik axtarışında olanlardır. Yəni şəxsi həyatlarında bəxti gətirməyənlər, xoşbəxtlik hormonuna həsrət qalanlar hormon qıtlığından əziyyət çəkməmək üçün dünyanı gəzmək fikrinə düşür. Neyçün ki, endorfin əmələ gətirməyin yollarından biri də budu - səyahət. Xoşbəxtlik qıtlığı çəkənlərdən olmasam belə - zira, fikrimcə, əzizlərin, doğmaların sağ-salamatdırsa, çətin dərdin yoxdursa - şükür yaradana deyib də şikayətlənməmək lazım - hər halda əlavə endorfindən heç zaman və heç vəchə imtina edən də deyiləm. Nə ziyanı?

***

Sinandali - məşhur “Mimino”dan tanıdığımız balaca bir gürcü qəsəbəsi. Məkanın kino ilə başqa əlaqəsi də var - “Əsgər atası”nın qəhrəmanına ucaldılan heykəl elə Sinandalidədir. Və bu ilişgi tək heykəl faktıyla da tamamlanmır. Nağıla bənzər başqa bir hekayəti də var - sevgi hekayəti.

***

Bura Sinandalinin mərkəzindən xeyli aralıda 200 il əvvəl inşa edilmiş qəribə auralı yay evidir, zadəgan imarəti. Tam Avropa üslubunda bir tikili, qarşısında gözəl bağ. Deyirlər, bu bağın sahibi o zaman ağac şitillərini Britaniyadan gətirdib, tək ağacları yox ki, bağ salacaq xüsusi bağbanı da. Qafqazlardakı yurdunu avropalaşdırmaq istəyən ilk gürcülərdən olub şair Aleksandr Çavçavadze. Avropadan muzdla gətirdiyi həm də şərab mütəxəssisləri imiş. O gələn - bu yerlərdə sənaye yolu ilə şərab istehsalının da əsasını qoyurlar. Bu, həmin şairdir ki, qızı Nino Çavçavadze şair diplomat Qriboyedovla ailə qurub.

Zaman o zaman idi ki, çar Şeyx Şamilin oğlunu zindana salmışdı. Oğlunu xilas etməyə başqa yol tapmayan çeçen qəhrəman günün birində hücum edir bu yerlərə, malikanəyə od vurur, general Çavçavadzenin ailəsini, uşaqlarını da girov götürür. Bir illik danışıqlardan sonra Şamilin oğlu azad edilir, o da əvəzində Çavçavadzenin külfətini sərbəst buraxır. Mülk isə keçir rusların ixtiyarına.

Knyaz Çavçavadze Tiflisdə yaşasa da, yayı Sinandalidəki bu bağ evində keçirərmiş, Düma, Puşkin, Lermontov kimi ünlüləri qonaq edərmiş. İndi malikanə muzey kimi fəaliyyət göstərir. Deyim ki, ekspozisiyası zəngindir, yox, elə deyil. Qriboyedovun bağışladığı bir piano, tək-tük çini qablar, ailə portretləri, kitablar, bir iki şəxsi əşya, vəssalam. Amma turist cəlb etməyin görün hansı yolunu tapıblar.

Bağdakı qollu-budaqlı ağaclardan biri guya niyyət ağacıdır. Bizdə yol qıraqlarındakı qorxunc, əyiş-üyüş, cır-cındırlı ağaclardan deyil amma, ala-bəzək lentlərlə elə bəzənib ki, Şaxta babanın yolkası onun yanında heç nədir. Hər gələn turist ağaca əlvan lent bağlayır. Yəni hətta inanc məsələsini səviyyəli, mədəni və göz oxşayan bir hadisəyə çeviriblər. Muzey işçiləri başqa bir sevgi hekayətindən də söz açırlar. Bu hekayətin kulminasiyası elə həmin malikanədə gerçəkləşib. Nikita Mixalkovun qızı Nadya ilə gürcü kinorejissor Rezo Gigineşvilinin toy mərasimi Çavçavadzenin malikanəsində baş tutub. Muzey əməkdaşları danışır ki, toyda qonaq qismində vur-tut 60 nəfər iştirak etsə də, iki o qədər çalıb-oxuyan, tamaşa göstərən, üç o qədər də xidmətçi, gətir-götür eləyən qulluqçu olub. Neyçün ki, o zamankı prezident özü də əsabələriylə bu şərafətli məclisə təşrif buyurubmuş. Amma o hadisədən sonra daha mzeydə toy eləmək fikrinə düşən olmayıb. Hərçənd yeyib-içənlər günü bu gün də var. Muzeyə turist cəlb etmək istəyilə burada xüsusi bir aksiya - dequstasiya da keçirirlər. Muzey biletindən əlavə ödəniş etməklə malikanənin zirzəmisində saxlanan neçə illik şərabları dadıb istədiyin qədər içə bilərsən.

Mən demirəm - muzeylərdə toy eləyək, demirəm - içki məclisləri keçirək, yox. Amma müəyyən interaktiv oyunlar keçirmək ki olar. Başqa nə? Deyək ki müsafirin adı həkk olunmuş şəkərbura, rəsmi həkk olunmuş örpək, lap öz əlilə toxuduğu balaca - əl boyda xalça parçası, lap elə kəkotu, mixək, darçın qatılmış dəmləməni xüsusi milli çay kimi təqdim edib diqqət çəkmək də olar, üstəlik, əlavə pul qazanmaq da. Bakıya filan qədər turist gələcək. Gedib bir də qayıtmaları üçün nələrsə etməliyik. Baxmağına baxacaqlqar. Amma nəyə baxacaqlar? Düşünmək lazım.


Müəllif: Afaq Vasifqızı