“Niyə? Həm də necə? Necə baxırıq?” – soruşuram. Bu yerdə başqa bir sual yaranır – kim baxır? Ən səviyyəsiz kanala kimdi baxan? Statistikanı söyləsəm, ağlınız çaşar.
***
Senzuranın ləğvi və mətbuat azadlığı. Sahibkarlığın inkişafı və analoji olaraq mass-medianın iqtisadi azadlıq qazanması. Reklam bazarının genişlənməsi və media qurumlarında geniş şəbəkələrin yaranması, iş yerlərinin artması. Hamısı xoşagələn, yəni artan dinamikadan xəbər verən hadisələrdi. Amma və lakin hər addımda görünən kadr problemi digər – daha ağır bir sorun yaradır. Ucuz işçi qüvvəsi axtaran media-qurumlar işçiyə verilən tələblər sırasında peşəkarlığı arxa plana keçirirlər. İndi meydan özündən bixəbər qafillərin əlinə keçir. Beləsini isə oyatmaq qeyri-mümkün. Qəflət yuxusundadır və özü qəflət yuxusunda olduğunun da fərqində deyil ki, dəyişməyə, inkişaf etməyə barı bir cəhd göstərsin.
***
Mədəniyyət Nazirliyindəki köhnə dostlardan biri danışıb – məəttəl qalmışam. Milli musiqi günü ərəfəsində sanballı saytlardan birinin müxbiri nazirliyin səlahiyyətli nümayəndəsinə zəng vurub hadisə barədə xəbər hazırlamaq istədiyini söyləyir. Məmur xanım da kamal-ədəblə olacaqları sadalayır –– “Niyə məhz 18 sentyabr?” qəbildən suallara cavab vermək üçün lap əvvəldən başlayır, danışır, axır gəlib tədbirin proqramını da açıqlayır. Adı müxbir olan kəsin son sualı xanımı necə hövsələdən çıxarırsa, əvvəl elə bilir telefon xəttindəki adam onu dolayır, ələ salır, belə olmadığını görüncə başqa metoda əl atır - “nə yemisən turşulu aş”. Müxbirin də abrını verir, onun rəhbərinin də. Sual nə idi – deyimmi? “Leyli və Məcnun”un məzmunu. Adam mədəni şəkildə xahiş edib ki, bəs operanın qısa məzmununu deyin, məlumata əlavə edim. Bax belə. Çox mötəbər və sanballı media orqanının mədəniyyət xəbəri hazırlayan müxbirinin savad səviyyəsi iştə bu. Bu prizmadan baxanda situasiya daha aydın olur. Nədən mass-media ekstrimal situasiyalarda xəbər hazırlamaq əvəzinə ajiotaj yaratmaqla, çəkici başlıqlar seçməklə məşğul olur – təki reytinq toplasın? Cəbhə bölgəsindəki məlum əməliyyatlar və dəhşətli yanğın faciəsi işıqlandırılan zaman bir nüans bəlli oldu – həkimlər, müəllimlər, mühəndislər kimi jurnalistlər arasında da işini bilməyən, vəzifəsindən xəbərsiz olanlar çoxdu. O üzdən hər iki hadisənin təfərrüatı ekran-efir, həmçinin elektron informasiya məkanında anormal - bəsit, səhv, qərəzli, məqsədli əks olundu. Dəqiq faktların tərəfsiz şərhi əvəzinə əsasən özünü itirən aparıcıların hikkəli-iddialı-qərəzli atmacalarını yedirtdilər tamaşaçıya. Və tamaşaçı bütün bunları yedi. Niyə? Niyə yedi? Hamı yemədi – deyəcəksiz.
Xub, bu da düzdü. Sosial şəbəkələrdə geniş müzakirələr açıldı, amma bu, informasiya istehlakçısının çox kiçik hissəsinin, yalnız düşünə bilən və düşünə bildiyini gostərməyən hissəsinin reaksiyasıydı – orta hesabla çox kiçik bir kəsim. Bəs çoxluq? Çoxluq nəyə baxır, niyə baxır, nə oxuyur və niyə oxuyur?
***
Haqqında danışdığım izlədiyimiz kanallardan bəlkə də ən səviyyəsizidir. Həm də ən çox izlənəndir – paradoks. Təqdim etdiyi videoçarxların miqdarı 140-144 milyon arasındadır. Ümumi hesablamalara görə, gün ərzində 3-4 milyard insan bu kanala baxır. Şirkətin əsası 2005-ci ildə qoyulub. İlk olaraq 18 saniyəlik videogörüntü təqdim ediblər. Bir il sonra dünyanın ən güclü maqnatlarından biri – Google 1,65 milyard dollara bu şirkəti satın alıb. Söhbət Youtube kanalından gedir. Bu gün proqressiv ölkələrdə elə bir televiziya olmaz ki, youtube materiallarından faydalanmasın. Amma bu kanalın tamamilə qadağan olunduğu dövlətlər də var. Qonşu Türkiyədə bir ara youtube-a məhdudiyyət qoyulmuşdu. Pakistan, Çin, Türkmənistan, Tacikistan kimi ölkələrdə, Rusiyanın müəyyən inzibati dairələrdində belə youtube-dan istifadə etmək qadağandır.
Bizdə informasiya tam azaddır. Və gəlin görək bizim vətəndaş bu sərbəstlikdə nəyi seçir, nəyə baxır? (Niyə baxır? – sualını hələ ki açıq saxlayıram). Üzeyir Mehdizadənin 3 il əvvəl yerləşdirdiyi “Təki sən xoşbəxt olasan, yarım” mahnısına 375 342 baxış olub. Üzeyir bəyin 4 il əvvəl yerlədirilən “Koroğlu”nun uvertürasına 29 313 nəfər tamaşa edib. Popurri meyxanaya bir ildə 800 000 adam baxıb. Bundan altı dəfə çox bir müddətdə - yəni altı il ərzində Arif Məlikovun “Məhəbbət əfsanəsi”ndən fraqmentlərə baxanların sayı cəmi 3260 olub.
***
Son dəhşətli olay və olayın daha dəhşətli işıqlandırılması zamanı həmkarlarım ən müxtəlif aspektlərdən yanaşdılar mövzuya. Reytinqlərin saxta olduğunu iddia edənlər də oldu, reklamverən şirkətlərə rəsmi müraciət edənlər də. Amma bir məsələni unutduq. Babamız Həsən bəy nə deyirdi, yadınızdadımı? “Qəzet millətin aynasıdır”,- deyirdi. Aynada pis görünürüksə, aynanı qırmaq yox, özümüzə əl gəzdirmək lazımdı. Biz elə buyuq – Youtube kanalına ötəri bir nəzər salıb da çoxluğun rəngini müəyyən edə bilirik. Ən səviyyəsiz musiqiləri niyə dinləyirik? Ən pis videolara niyə baxırıq? Çünki zövqümüz korlanıb. Bugün ayrı-ayrılıqda götürülmüş heç bir media qurumu yaranmış vəziyyəti kökündən dəyişdirmək, oxucu-tamaşaçı kütləsinin lap aşağı düşmüş səviyyəsini təkbaşına qaldırmaq iqtidarında deyil. Çünki bu iş ibtidaidən aliyə doğru yüksəlməli, ilk növbədə ailədən və daha çox məktəbdən, məktəbdən və məktəbdən başlamalıdır.
Afaq Vasifqızı