Bir neçə həftə bundan əvvələ kimi onu Azərbaycanda kimsə tanımırdı. Heç indi də tanımır. Bakıdan Gəncəyə qədər hansı avtovağzalda beş-on dəqiqə dayanıb “Arif Məmmədov kimdir” deyə sorğu aparsaq, hər kəs gözünü döyəcək, çox güman.
Ancaq 1993-cü ildən bəri Azərbaycanın diplomatik korpusunda təmsil olunan və müxtəlif ölkələrdə, beynəlxalq qurumlarda dövlətimizin maraqlarını qorumalı bu adam öz rəy, açıqlama və bəyanatları ilə hər vəchlə özünü gündəmə gətirmək istəyir.
Artıq o səfir deyil, Azərbaycan Xarici İşlər nazirliyində qələmi qırılmış keçmiş və uğursuz diplomatdır.
Zira, bu uğursuz və keçmiş diplomat bundan sonra siyasətlə məşğul olacağını elan edib və bu anonsdan sonra Əli Kərimlinin orbitində olan trollerdən “like” yığmaqla məşğuıldur.
Azərbaycan hakimiyyətinin Arif Məmmədova münasibəti açıq, qəti və haqlıdır: o, Prezident İlham Əliyevin etimadını doğrultmayıb, diplomat kimi peşəkar etikanı, dövlət qulluqçusu olaraq tabe olduğu qanunları çiynəyib.
Azərbaycan müxalifətinin tanınmış və informasiyalı simaları, məsələn, Milli Təhlükəsizlik üzrə sabiq nazir müavini Sülhəddin Əkbər onun SSRİ Müdafiə Nazirliyinin tabeliyində olan universitet bitirdiyinə işarə vuraraq ehtimal edir ki, Arif Məmmədov Rusiyanın hərbi kəşfiyyat çevrələrinin agenti ola bilər.
Müsavat Partiyası Arif Məmmədova xüsusi həvəslə yanaşmır, sanki onun öz kartlarını daha çox açmasını gözləyir, ancaq diqqətdən kənarda da saxlamır.
Milli Şura və dəstəkçiləri isə potensialı, iddiaları və rıçaqları naməlum olan, açıq müstəviyə çıxar-çıxmaz “diplomat“ sifətini “çemodan” ayamasına çevirmiş, Vəzirovun məşhur ləqəbini də alacağı gün uzaqda olmayan Arif Məmmədova züy tutmaqla məşğuldurlar. Hətta onun bu yaxınlarda Milli Şuraya üzv olacağı və rəhbərlikdə görəv alacağı haqqında da ehtimallar səslənir.
Arif Məmmədovun Milli Şura ilə tələm-tələsik qol-boyun olması isə bir daha diqqətləri Rüstəm İbrahimbəyovu ortaya atan çevrələrə yönəldir. Ancaq Arif Məmmədov özü uzun zamandır Avropada çalışdığını, xüsusən də Norveçin Azərbaycandakı sabiq səfiri Steynar Gillə yaxın olduğunu qabardaraq bu şübhələri əks səmtə yönəltmək niyyəti güdür.
Arif Məmmədov Rusiyanın, Qərbin, Səufiyyə Ərəbistanının, İranın, Gülən adamıdırmı?- suallar açıqdır.
Ancaq bu birmənalı şəkildə dəqiqdir ki, Arif Məmmədov eynən Rüstəm İbrahimbəyov sayaq Azərbaycanın adamı deyil, dövlətimizə və milli maraqlarımıza, dövlətimizin və milli maraqlarımızın qoruyucusu olan Prezidentə nankorluq etmiş avantüristdir.
Onun avantürasının növbəti bir parçası isə siyasi fəaliyyəti üçün “proqram hazırlaması” və proqram hələ hazır olmamış, ilk cümləsi yazılmamış Azərbaycan vətəndaşlarına yüksək maaş və sosial dəstək vədi verərək şirnikləndirici üsullarla danışmasıdır. Əgər sənin ekspertlərin, komandan, əlinin altında iqtisadi rəqəmlər, təhlillər və proqnozlar yoxdursa, proqramın yazılmayıbsa, hansı əsaslara sağa-sola pul səpməyə qalxarsan?
Mən Arif Məmmədovun məlum statusundan bu yana bütün açıqlamalarını oxumuşam, hər dəfə bu qənaətə gəlmişəm ki, o, qeyri-ciddi, qeyri-müstəqil, primitiv, xaraktersiz, cəmiyyətimiz haqqında təsəvvürləri məhdud adamdır. Sabiq səfir hazırda özünü “islahatçı”, “liberal” və “islamçı” cizgidə olan biri kimi təqdim etməyə çalışır ki, elə bu cəhdləri onun nə qədər konyukturaya meylli olduğunu sezməyə kifayət edir.
Arif Məmmədov islahatçı deyil. Çünki bu günə qədər hələ heç bir açıqlama verməyib ki, onun xarici işlər nazirliyi sistemində hansı innovativ təkliflərin müəllifi olduğu bilinsin. Əgər uzun illər ərzində çalışdığı sistemin fəaliyyətinin optimallaşması üçün bircə ideyası olmayıbsa, deməli, ona “islahatçı” demək üçün Gədəbəyin sabiq deputatı Nazim Məmmədovun tayı olmalısan.
Arif Məmmədov liberal da deyil. Çünki liberalizm insandan öz fəaliyyətində “azadlıq və hüquq” münasibətlərinin dəqiq tarazlamağı tələb edir ki, bir səfirin nə və necə deməsindən asılı olmayaraq, qanunları pozaraq siyasi bəyanatlar verməsi onun qaydalara hörmətsiz yanaşması anlamını verir. Qaydalara hörmətsiz yanaşan fərd heç zaman demokrat sayıla bilməz və Arif Məmmədovun əleyhinə yazılan ilk tənqidlərə reaksiyası da onu göstərir ki, adamda tolerantlıq deyə bir hiss, sadəcə, yoxdur.
Arif Məmmədov əslində mömin də deyil. Çünki “mən islamçıyam” deyə bir təqdimatla siyasətə atılan şəxs üçün Allah da, Quran da, peyğəmbər də alver predmetidir. Fəqət bu təqdimat Arif Məmmədovun həm pərdəarxası danışıqlarını, həm də Azərbaycanın gələcəyinə “sözəbaxan uşaq” baxışlarını da çox bariz şəkildə ortaya qoyur.
Yeri gəlmişkən, Arif Məmmədov tez-tez məşhur bir uşaq jurnalının adını – “Murzilka” – tələfüffüz etməyi də sevir. Ancaq rusiyalı jurnalist Oleq Kaşinin 2011-ci ildəki interpretasiyasından sonra bu kəlimə sadəcə həmin jurnalın adını ifadə etmir. Eynən Arif Məmmədov kimi “özünü aşan” və virtual dünyada özünü “daha fərqli” bir şəxs kimi təqdim edənlər “murzilka” sayılır. “Murzilka” məhz virtual aldanışın yaratdığı komiksdir, ancaq onu qəhrəman sayan, başına yığışanlar da olur. Rüstəm İbrahimbəyovun məşhur avantürasından sonra “öz siyasi fəaliyyətini Avropada davam etdirməyi” planlaşdıran Arif Məmmədovun özünə tərəfdar toplaması mümkünsüzdür. Ancaq öz müsahibələrində Azərbaycanı Qırğızıstanla müqayisə etməsindən, üstəlik, Azərbaycan diplomatlarına üz tutaraq onlara “daha yaxşı vəzifələr” vəd verməsindən belə məlum ki, diplomatik korpusun Surət Hüseynovu özünü Roza Otunbaeva missiyasında görür. Düzdür, onun bioqrafiyası Otunbaevadan qat-qat zəifdir, populyarlığı isə yoxdur, ancaq “tülpan inqilabı”nın xanım lideri də bir zamanlar beynəlxalq təşkilatda- BMT-nin Gürcüstandakı nümayəndəliyində çalışırdı. Arif Məmmədovun “mama”sı Rozanın yolunu gedə bilməsi üçün isə onun ilk növbədə qarşıdakı seçkilərdə parlamentə düşməsi lazımdır.
Arif Məmmədovun Azərbaycana gəlişi, parlament seçkilərində iştirakı böyük sual altında olsa da, onun xəyalında öz seçki kampaniyası üçün hazırladığı lozunqu təxmin etmək çətin deyil: “Qəbinlə səs ver”! Bu, Rusiya prezidenti Boris Yeltsinin 1996-cı ildə istifadə etdiyi lozunq idi, seçki texnoloqları onu irrasional kütləyə emosional çağırış hesab edirdilər. Təsadüfü deyil ki, Arif Məmmədov diplomatiyadan siyasətə “emosional ovqatı” tutmaq istəyərək atılıb və tez-tez “qəlbinin səsi”ni dinləməsindən dəm vurur. Ancaq absurd siyasətin bu yeni tragifars elementinin qəlbini infarkta həssas kimi görünür. Baxın, o, özü və ailəsi haqqında deyir: “əlbəttə, hamı əsəbidir, fikirlidir”.
Onun haqqında hələ nə deyilib, nə yazılıb ki?