İlk görüş yerimiz yadıma gəlmir. Amma çətin və əziyyətli bir ünsiyyət olduğunu xatırlayıram. Lap balaca idim və heç cür səliqəli qatlayıb düzəldə bilmirdim onu.
Gah əzilirdi, gah cırılırdı. Hirslənirdim ki, ətrafımdakı hər kəs bu işin öhdəsindən tezcə gəlir, məndə isə alınmır. Atam da acıqlanırdı. Bir-birinə qarışan qəzet vərəqlərini sahmanlayınca əməlli-başlı üzümü danlayırdı. “Litqazeta”nın palaz-palaz vərəqlərini sıralyıb düzəltdiyi indiki kimi xatirimdədi. Sonra bir qayda qoydu – “qəzetlərə mən baxandan sonra bax, – dedi, - nə qədər istəyirsən çevir özün üçün”. Bir gün poçt qutusunda öz adıma gələn ilk qəzeti gördüm – “Pioner qəzeti”. Bu, mənə aid ilk fərdi mülkiyyət idi – məndən başqa kimsə toxunmazdı ona. Böyüyüncə “Komsomolskaya pravda”ya sahibləndim. Zarafatla atama “ilişər”, “sən qocalmısan,- deyərdim, - bu qəzeti sən oxuma, mənimdi”. Sonralar elə həmin “Komsomolka”nın əlavələri çıxmağa başladı. Əlavələrdən birini – “Spid-info”nu gizlin alıb gizlin də oxuyardıq valideynlər görməsin deyə. Maarifçi xarakterli adi normal qəzet yazılarıydı, amma tabuları pozurdu - mövzuları fərqliydi, cinsəl həyat barədə yazılar da olurdu deyə evdə bu qəzeti aşkar oxumaq bir az ayıb sayılırdı, çox yox, amma bir az ayıb.
***
Məktəb illərində qəzetin bir başqa üzünü də gördüm – adət etdiyimizdən tam fərqli bir üzünü. Ailəcə biz bir türk aşiqləri idik. Babamın yazı masasının önündə Atatürkün iri portreti vardı. Atam türkoloq idi, Türkiyənin məşhur “Varlıq” jurnalının redkollegiyasının üzvü idi. Qonşu ölkədən bizə daim kitablar, jurnallar gəlirdi, poçtalyon daşımaqdan lap bezar olmuşdu. 70-lərin axırı idi, atam Türkiyədən dünya səyahətinə çıxan yazıçı Mustafa Səbətçioğlunu evə dəvət etdi. Bəxtiyar Vahabzadə idi, DTK-nın bir əməkdaşı idi, yazıçı öz xanımı ilə, bir də bizimkilər – yazıçı babam Nəsib Əfəndiyev, atam Vasif Nəsiboğlu, bəstəkar əmim Rəşid Nəsiboğlu. Söhbətlər təbii ki, DTK əməkdaşının nəzarətində. Və süfrə nə süfrə. Fisincan-plovdan tutmuş dovğaya qədər – anam milli mətbəximizin sərgisini keçirirdi elə bil. Bir ay keçmədi atam işdən evə qanı qara qayıtdı. Mustafa Səbətçioğlu qəzetdə bir podval yazı vermişdi – “Azərbaycan - rus imperializminin pəncəsi altında”. O yazıya görə atamı da, Bəxtiyar müəllimi də dəfələrlə DTK-ya çağırdılar. Sovetin çiçəkləndiyi dövrdə “imperializmin pəncəsi” nə demək? Mustafa bəy hər şeyi olduğu kimi yazmışdı – DTK əməkdaşından tutmuş Nigar xanımın bişirdiyi fisincanın reseptinə kimi. Bax o yazı – oxuduğum ilk “burjua mətbuatı” nümunəsiydi. Demə, qəzet – həm də gördüyünü tam olduğu kimi yazmaq üçün imiş. Və yazıya görə hətta o yazını yazmayanlar da məsuliyyət daşıyırmış.
***
Atam kimi şərqşünas olmaq istəyirdim. Həm də bu, sovet dönəmində ölkə xaricinə getməyə şərait yaradan yeganə ixtisas idi. Məktəbi qızıl medalla bitirsəm də sənədlərimi o fakültəyə götürmədilər – yerlərin hamısı rüşvətlə, tapşırıqla tutulmuşdu, mənsə vəzifəli adamın deyil, adi alimin qızı idim. Jurnalistikaya da götürmədilər – o fakültə üçün ən azı iki illik iş stajı lazım idi. Filologiyaya qəbul olundum. İş elə gətirdi ki, həmin il jurfakda “nedobor” oldu. 25 yerə cəmi 23 nəfər qəbul olunmuşdu. Şəxsi arzu və istəyimizə görə filfakdan 2 nəfəri – Mir Şahini, bir də məni keçirtdilər jurnalistikaya. O zaman bilə bilməzdim ki, bu xırda hadisə bütün həyatımın gedişatını müəyyən edəcək.
İlk imzam “Kommunist” qəzetində göründü. Həmin qəzetin şöbə müdiri Hidayət Zeynalovun gəlini oldum. Qaynatam, qaynanam, qaynım, yoldaşım – hamısı jurnalist idi. Qəzetçilik – bizim üçün peşə yox, həyat tərzi oldu.
***
Adətən 7-8 yaşlı oğlan uşaqları taxtadan tapança, samokat, quşatan düzəldərlər. Oğlumun o yaşda düzəltdiyi ilk əl işi qəzet oldu. A3 formatlı bir kağızda qəzet düzəltmişdi, başlığını da qoymuşdu “Adil” (o sözü haradan bilirdi, indiyəcən anlamıram). Əməlli başlı qəzet idi – sərlövhələr, yazılar, şəkillər. Axırında 4 portret də çəkmişdi – şəhid şəkilləri idi guya. Biz təəccüblənsək də əslində normal idi - aşıq gördüyünü çağırasıydı.
***
On illəri geridə qoyan qəzetçilik, televiziyaçılıq işimi düz 5 ildir AzTV-də davam etdirirəm. Burada nə reytinq davası var, nə ucuz müğənnilərin ara söhbəti. Bu mövsüm milli efirimizin ən səviyyəli aparıcılarından biri – Nərgiz Cəlilova dəvət olunub kanalımıza və yaxşı ki rəbərlik məhz bu verilişi mənə etibar edib. Uzun illər dostluq etdiyim həmkarımla “Sevilənlər” proqramını hazırlayırıq. Cəmiyyətin sevdiyi insanlarla sanballı, səmimi sənət söhbətləri təqdim edirik. Gördüyümüz işdən gerçəkdən qürur duyuruq – kimsəyə daş atmadan, dava salmadan, səviyyəli tamaşaçıya xidmət edirik. Bizi tamaşaçının kəmiyyəti yox, keyfiyyəti maraqlandırır. Lentə aldığımız son verilişi isə ona həsr elədik – milli mətbuatımıza, sırasında bizə də yer verən 140 yaşlı dostumuza. Bir də sentyabrda tamaşaçılarla görüşəcəyik. 141-ci ilinə qədəm qoyan milli mətbuatımızın nümayəndələri kimi.