Sevgi İsmayılbəyli
Tarix dərslərindən oxuduğumuz kimi, qədimdə əgər qız uşağı dünyaya gələrsə, onu diri-diri basdırırdılar. Bu qandondurucu məlumatları eşidəndə dəhşətə gəlirdik. Ağlımda bir sual yaranırdı: "Necə ola bilər ki, kamil insan öz övladını göz görə-görə məhv etsin?”
Çox təəssüf ki, bu dəhşət tarixdə qalmadı. İnsanların cahil olduğu bir dövrdən bu günümüzə - "kamil" olan dövrə qədər gəldi. Həmişə qədimdə qızlara münasibəti onların savadsızlığı, dünyagörüşlərinin olmaması ilə əlaqələndirirdim. Bəs indi? Qızına naməhrəm əli dəyməsin deyə onun boğulmasını izləyən "ata"! O "ata" dediyimiz şəxsin keçmişdə qızını diri-diri gömən "ata" ilə fərqi nədir? Elmin, biliyin bu qədər inkişaf etdiyi bir dövrdə hansı düşüncə bir atanı buna sövq edə bilər? Bir insanın qəlbi nə qədər "qara" ola bilər? O qəlbi "qara" fikirlərlə dolduran nədir? Cahillik, savadsızlıq, düzgün alınmayan tərbiyə!
Gözümün qabağında hər an o lövhə canlanır. Dənizdə boğulan, ölümlə mübarizə aparan bir can. Sahildə qızına yardım etmək istəyən biri. Və qızına yardım əlini uzatmağa icazə verməyən "ata".
Bu mövzunun acısı keçmədən 24 yaşlı bir ananın 3 uşağını atıb evdən qaçması xəbərini eşitdim. Hər kəs gəlini qınayır, hamı onu tənqid edirdi. Bir anlıq gəlini qınadıqdan sonra mövzuya başqa tərəfdən baxmağa çalışdım. Onu canından əziz olan övladlarını atmağa nə vadar edirdi? Onun qaçmağı sadəcə nəticə idi. Bu nəticəni törədən səbəb nə idi? Sualımı cavabsız qoymamaq üçün hadisəni araşdırmaq istədim. Gəlin müsahibəsində "13 yaşında nişanlanmışam və 18 yaşında evlənmişəm" deyib. Bir insanın yaşadıqlrını yaşamadan onu qınamaq olmaz.
13 yaş... Hələ insanların daxili aləmini tam dərk etməyən bir uşaq. 13 yaşlı bir qızın dərsləri ilə məşğul olmaqdansa, onu gələcəyə layiqli bir övlad kimi yetişdirməyə çalışmaqdansa, onu nişanlamaq. Bütün qapıları üzünə bağlamaq.
18 yaşında universitetə getməli olan bir qızı qaynana və qaynata əmrlərinə qul etmək! Sonra da kənddə "biabır olduq" deyə saçını yolan valideynlər!
"Bir oğlana təhsil versən, savadlı bir adam qazanarsan. Lakin bir qıza təhsil versən, savadlı bir ailə".
Məncə, bütün bu hadisələrin, geriliklərin təməlində savadsızlıq durur. Oxumamış savadsız bir qızın böyütdüyü, tərbiyə verdiyi uşaqlar da cəmiyyətə cahil atılırlar. Nə vaxta qədər qızlar oxumaq haqlarını tələb etməyəcəklər? Əlbəttə, qızlarını oxutmaq, onları layiqli övlad kimi yetişdirmək çətindir, amma uşaq yaşlarında, hələ həyatın çətinliklərini anlamadan onları gəlin vermək asan...
Qız valideynlərinə səslənirəm. Hazıra qaçmayın! Qızlarınızı oxudun və icazə verin onların səsi yüksəklərdən gəlsin.
Və qızlar, siz də oxuyun! Çünki insanın biliyindən başqa hər şeyini əlindən almaq olar. Hansısa oğlana, kiməsə görə təhsilinizi atmayın. Bir gün o gedər, amma savadınız, diplomunuz sizinlə qalar, daim imdadınıza çatar. Oxumuş qız qürurlu, alnı açıq, başı uca olar!