Tbilisiyə yola düşməzdən öncə bir tanışdan almışdıq onun mobil nömrəsini. Tanışımız Musa kişinin şəninə həddindən artıq təriflər yağdırdı. Onun sadə, səmimi bir insan olmaqla yanaşı, həm də müsəlman olduğunu bildirərək, digər taksi sürücüləri ilə müqayisədə daha münasib qiymətlərlə müştərilərə xidmət göstərdiyini dedi. Düzdür, Tbilisidə olanlar orada taksi qiymətlərinin Bakı ilə müqayisədə dəfələrlə aşağı olduğunu onsuz da bilirlər. Orada 10 manat müqabilində qət etdiyin yol üçün burada nə az, nə çox 30-40 manat ödəməli olursan.
Musanın nömrəsini telefonumuzun yaddaşına həkk etməyimizin ilk səbəbi də onun bilinən biri, ən azından müsəlman olması idi. Tbilisidə taksi sürücüləri arasında kifayət qədər erməni olduğundan biz, təbii ki, xeyri onlara vermək istəməzdik.
Tbilisi daxilində bir-iki gün gəzdikdən sonra könlümüzə Msxeta şəhərinə getmək düşdü. Musa kişini arayaraq onunla təyin etdiyimiz məkanda görüşüb bu şəhərə yol aldıq. Maşına əyləşər-əyləşməz danışmağa başladı. Artıq azərbaycanlı olduğumuzu bilir. Çünki ona telefon açanda haradan olduğumuzu və nömrəsini kimdən aldığımızı demişdik. Yerimizdən tərpənən kimi “Msxetada elə də gəzməli yer yoxdur, bir-iki xristian abidəsi var, o da ki, biz müsəlmanların nəyinə lazımdır. İstəyirsinizsə, gedək ora, amma icazə verin, sizi bildiyim yaxşı yerlərə aparım”, - deyə bizə müraciət edir. Razılaşırıq. Yolboyu məsləhətlər verir, gəzməli-görməli yerləri söyləyir. Hətta yaxşı yemək verilən məkanları da bizə tanıdır.
“Heç vaxt xeyri gürcülərə, ermənilərə verməyin. Burada azərbaycanlıların yaxşı restoranları var, yeməyinizi orada yeyin. Həm dadlı yeməkləri olur, həm də müsəlmandırlar. Onların yeməyi hansı məhsullardan hazırladıqlarıını da yaxşı bilirsən. Axı özünüzünkü ola-ola xeyri niyə başqasına verəsiniz ki?! Qayıdan zaman apararam sizi Azərbaycan restoranına”.
Msxetanı gəzirik və bizi buradan sözün həqiqi mənasında möhtəşəm mənzərəli bir yerə - Tblisidən 70 kilometr Şərqdə, dağların arasında yerləşən Jinvali su anbarına, habelə bu su hövzəsinin və Araqvi çayının sahilində yerləşən XIII əsrdə inşa olunmuş Ananuri qalasına aparır. Söhbətimizin mövzusu artıq dəyişib, indi onun Ermənistandakı vəziyyətlə bağlı təsbitlərinə qulaq veririk. Hər vəchlə düşmən ölkəni pisləyən, aşağılayan Musa kişi deyir ki, Ermənistan sovet hökumətindən necə çıxmışdısa, elə də qalır. Yəni heç bir irəliləyiş, filan yoxdur.
“Mənim Ermənistana tez-tez yolum düşür. Bir ölkə kimi Azərbaycandan həddindən artıq geridədirlər. Sizin ölkənizlə müqayisə belə oluna bilməz. Yerevanda heç bir yeni tikili yoxdur, hər şey rusun qoyub getdiyi kimidir. Orada 2-3 minlik qiyməti olan maşınlar sürürlər, Azərbaycanda isə 150-200 minlik. Ermənistan bərbad gündədir, insanların vəziyyəti çox ağırdır. Güclü, qüdrətli, inkişaf etmiş dövlətiniz, nüfuzlu prezidentiniz var. Mən belə dövlət üçün hətta canımı fəda edərəm”, - deyir Musa kişi.
Ermənistan haqqında olduqca mənfi fikirlər (əslində mənfi yox, gerçək fikirlər) havada uçuşur və söhbət gəlib Qarabağa çatır. Musa kişi ağızdolusu deyir ki, Ermənistan torpaqlarıınızı rusların hesabına işğal altında saxlayır, yoxsa Azərbaycan ordusu bir günə ərazilərinizi geri qaytarar: “Bilirəm ki, Cənubi Qafqazda ən güclü ordu Azərbaycan ordusudur. Azərbaycan artıq özü silah istehsal edir, güclü valyutanız var, Ermənistansa hələ də dilənçi kimi rusun əlinə baxır. Bir sözlə, bu gün ermənilərin dövlətlərində fəxr edəcəkləri heç nələri yoxdur”.
Milli pul vahidindən söz düşən kimi, Musa kişi cibindən Ermənistanın qəpik formasında olan 500 dramını bizə göstərir və bunun 1 manata yaxın olduğunu söyləyir. “Belə dövlətlə Ermənistan vətəndaşları necə fəxr etsinlər axı? Əgər Azərbaycan torpaqlarını işğal etməsəydilər, vətəndaşlarınız Gürcüstan kimi, Ermənistanın da pullu müştəriləri olar, oraya sərmayə qoyardılar. Bununla Ermənistan ən azından Gürcüstan kimi yavaş-yavaş olsa da, inkişaf edərdi”.
Musa kişi, demək olar ki, bütün cümlələrində azərbaycanlıları çox sevdiyini deyir: “Sözün həqiqi mənasında sizin milləti çox sevirəm. Azərbaycanlılar qonaqpərvərdirlər, mərddirlər. Gözəl mətbəxiniz, mədəniyyətiniz var”.
Nəhayət, 3-4 satlıq səfərimiz başa çatır. Və Musa kişi dediyi kimi bizi Tbilisinin mərkəzində yerləşən azərbaycanlıların restoranına gətirir. 200 kilometrə yaxın məsafə üçün gözlədiyimizin əksinə olaraq bizdən 50 lari (təxminən 25 manat) alır. “Azərbaycanlı olub-olmasından asılı olmayaraq bütün müştərilərimi sizin restoranlarınıza gəlməyi məsləhət görürəm”, - deyən Musa kişi bizimlə sağollaşır.
Taksi sürücüsü ilə sağollaşan zaman restoran sahibinin heyrətlə söhbətimizi izləməsi diqqətimi çəkir. Bizi hörmətlə qarşıladıqdan sonra restoran sahibi sual edir: “Sizi bu, gətirdi?”
- Müsəlmandır, adı da Musadır, - deyə cavab veririk.
- Nə müsəlman o, ermənidir, adı da Stepandır, - söyləyir restoran sahibi: “Onu yaxşı tanıyıram. Amma sözün əsl mənasında azərbaycanlılardan ötrü sino gedir, desəm, yalan olmaz. Demək olar ki, bütün müştərilərini bizim restorana gətirir. O, ermənilərə, Ermənistan dövlətinə nifrət edir. Hətta pulunu belə, Azərbaycan manatı ilə saxlayır. Burada belə ermənilər çoxdur...”
Bu sözlərdən sonra artıq “Musa”nın bizi nə qədər istəməsindən asılı olmayaraq, biz onu istəmirik və Stepan adlı birinə xeyir verdiyimiz üçün özümüzü qınamağa başlayırıq...
P.S. Şübhə yox ki, Ermənistanda milliyyəti erməni olan, lakin “Musa” olmaq üçün dəridən-qabıqdan çıxan yüzlərlə, bəlkə də, minlərlə Stepanlar var...