5 Dekabr 2015 15:28
1 929
12 Punto 14 Punto 16 Punto 18 Punto

Davaları zivə davası idi. Qapıbir qonşuların yanaşı eyvanları arasındakı məsafə 4-5 metr olardı. İki eyvanı bir cüt zivə birləşdirirdi, dinc yanaşı yaşayan və bir-birinə heç vəchlə mane olmayan paralel zivələr.

Əvvəlcədən danışıb paylaşmış, iki zivəni öz aralarında bölüşmüşdülər. Zivəyə paltar səriləndə də həyətin avara-bekar adamları dərhal bilirdilər kimin əl işinə tamaşa etdiklərini. Və tək zivənin yerinə görə yox, sadəcə, iki qonşudan biri paltarı ağ yuyub qara sərərdi, o biri isə həyasız arvad olsa da təmizkar idi - sərdiyi dümağ paltarların bəyazlığından göz qamaşardı. Sərilən paltar qadınların xarakterlərini də, həyata yanaşmalarını da sərgiləyirdi. Biri - azad düşüncəli idi, zalım qızının paltarlarının da cazibəsi vardı sanki, o biri ənənələrə daha sadiq idi və sərdiyi paltarlarla gizlinləri daha da dərində ört-basdır etmək, kənar gözdən, kənar baxışdan sığortalanmaq istəyirdi. Həndəsi düşüncəyə görə paralel xətlər heç vaxt kəsişmədiyi halda bu qonşuların paralel zivələrinin kəsişdiyi də olurdu arada, Bakı küləyi bəzən paltarları sarıl-sarmaş bir-birinə calayır, bir evin kişisinin şalvarının ayağı o biri evin xanımının köynəyinin yaxasında ilişib qalır, heç cür qopub aralanmaq bilmirdi. Həə, bəzən əşyaların da belə izaholunmaz, təsadüfi əlaqələri, məxsusi münasibətləri olurdu köhnə Bakı həyətlərində. Hansı enerjilərin təsirilə hansı gizli mətləblər faş olurdu - Allah bilir.

***

Günün birində - bu əsr təzə başlamışdı - rəfiqəm lapdan qəribə sual verdi. Barmağımdakı üzüyü göstərib “bu üzüyü satsan, nə qədər pul eləyər?”,- soruşdu. Təxmini ağlıma gələn məbləği söylədim. “Sat da,- dedi,- nəyinə lazımdı?” Yenə bir şey anlamadım. Niyə üzüyümü satım axı? “Sat, həmin pulun tən yarısına paltaryuyan maşın ala bilərsən”, - dedi. Bu, o vaxt idi ki, Bakıya avtomat maşınlar lap təzəcə gəlmişdi, od qiymətinəydi, nadir zinət əşyalarına tən yarı qiymətə. Canım rəfiqəm bir söz deyirdisə - bilirdim ürəkdən deyir və bilirdim düz deyir. Üzüyümü satmasam da, pul düzəldib aldım təzə maşınlardan. Yadımdadı, birinci dəfə quraşdırıb işlədəndə uşaqlar da, anam da saatlarla tamaşasına durardılar - o qədər qeyri-adi mənzərə idi ki. Əvvəli tamaşa idi, sonrası ləzzət. Əziyyətsiz-filansız yuyulub-yaxanan tərtəmiz, xoş qoxulu paltarları rahat-rahat zivəyə sərmək səliqəli bir mənzərə yaradır və sadəcə, zövq verirdi.

***

Roberta Kartounun 1981-ci ildə çəkdiyi “Zivə” sənədli filminin qəhrəmanı da həmin zivələrdi, paltar zivələri. Rejissor etməyib tənbəllik, düz 21 qadının paltar yumaq, yaxalamaq, sərməklə bağlı düşüncələrini, hər birinin ayrı həyat hekayəsini də əlavə etmək şərtilə yığıb bir filmə. Dünyanın yüz yerində - kimi çay kənarında, kimi bulaq başında, kimi camaşırxanada, kimi damdar mətbəxdə paltar yuyan, çirki-pası təmizləyən qadınlar, üzləri yox, yalnız çılpaq ayaqları, islanmış dizləri, əyilmiş qamətləri, qızarmış biləkləri, qabarlı əlləri görünən qadınlar və səslər - təngnəfəs, çılğın danışıq səslərilə paralel eşidilən uşaq qəhqəhəsi, körpə qığıltısı, və külək vıyıltısı, zivə çarxlarının cırıltısı, zivədə sallanıb küləyin rəqsinə qoşulan paltarların xışıltısı, ütü altında rahatlanan camaşırların pıçıltısı. Qadın var - evinin kandarından kənara çıxışı elə bu paltarların sərildiyi yerə qədərdir. Qadın var - özünü və düzənini sərgiləmək həddi zivədəki paltarların nümayişilə məhdudlaşır. Qadın var - yeganə sosiallaşmaq üsulu paltar sərməkdi. Dünyayla əlaqəsidi zivələr, həyatına rəng qatan maraqlı elementdi. Ki yalnız burada özünü, fərdiliyini, digərlərindən fərqləndiyini göstərə bilir. Ki yalnız bu yolla mesajlaşır qosqoca dünyayla. Dünya nə qədər belə qadınlar, nə qədər belə xoşbəxt və belə bədbəxt qadınlar görmüş, həyat dərsində kimlərə sevgi, səadət əlifbası öyrətmiş, özəl qabiliyyətlər və gözəl talelər bəxş etmiş, ağıl, bacarıq vermiş, əksəriyyətinə övlad lütf etmiş, amma bu da fərqli düzənlə - kiminə layiqli insan yetişdirməyi, kiminə avara-naxələf övladla ömür çürütməyi nəsib etmiş, kimlərinsə də missiyasını elə sadəcə, paltar yuyub ətrafını çirkdən-pasaqdan təmizləməklə məhdudlaşdırmış. Tanrının yazdığına nə şəkk-şübhə?

***

Filmin hadisəsi hər qadının bir ömür məşğul olduğu adi məişət işi - paltar yuyub sərmək üzərində qurulub. Maraqlı priyomdu. Əslində, qəhrəman - təbii ki, insandı. Bu, ən adi hadisələrsə insanın öz hekayəsini, içini, duyğusunu, dünyaya və tanrıya, özünə və ətrafına münasibətini sərgiləyir. Və burada - bütün həndəsi qanunlara zidd olsa belə - talelərin paralel xətləri kəsişir bəzən. Olur, hə, bəzən elə də olur.


Müəllif: Afaq Vasifqızı