Tanınmış şair İbrahim İlyaslı öz feysbuk səhifəsində son şeirini paylaşıb.
Teleqraf.com izləyicilər tərəfindən maraqla qarşılanan şeiri təqdim edir:
Halım hal deyil, soruşma
Sən gedəli necə varam.
Əlim ovcundan qopalı
Eləcənə tarimaram.
Qəm qoxuyur üstüm-başım,
Çölə həsrət divanəyəm.
Gölü quruyan balığam,
Bayquş ötən viranəyəm.
Günüm “sən” deyib başlanır,
Axşamım “sən” deyib bitir.
Alışıram dilim-dilim,
Əriyirəm sətir-sətir.
Nur çeşməsi – səsin ki, var
Hər yandan bürüyür məni.
Ürəyimdən bir ah qopur:
“Qız, səni sevirəm, səni!”
Bu qədər zülmün içində
Məni bir ümid yaşadır.
Başını qaldır, göyə bax,
İki ulduz baş-başadır.