Teleqraf.com yazıçı-publisist Taleh Şahsuvarlı ilə müsahibəni təqdim edir.
– Taleh bəy, türk tarixində qurulan hər dövlət bir türk boyuna dayanır. Məsələn, Səlcuqlar Qınıq boyu, Ağqoyunlular Bayındırlı boyu, Qaraqoyunlular Baharlı boyu, Osmanlılar Qayı boyu... Bəs Səfəvilər hansı boya dayanırdı? Bəzi tədqiqatçılar Səfəvilərin heç bir boya dayanmadığını əsas gətirib bildirirlər ki, bu dövlətin siyasi kökü olmayıb.
– Doğrusu, sualın qoyuluşunda yanlışlıq var. Çünki bir hökmdarın, həm də dövlət qurucusu olmuş bir hökmdarın şəcərəsi ilə bağlı açıq sualların olması hələ onun yaratdığı dövlətin siyasi kökü olmaması anlamına gəlmir. Ümumiyyətlə, böyüklüyündən-kiçikliyində, əhatə etdiyi torpaq və xalqlardan, tarix səhnəsində nə qədər qalmasından asılı olmayaraq bir dövlət yaranıbsa, onu meydana başda siyasi şərtlər olmaqla çox sayda faktor çıxarıb. Bu baxımdan istər Səfəvilər olsun, istər hər hansı bir orta çağ xanədanı, xanlığı, bəyliyi, yaxud XX yüzildə çox yaşamamış respublikalar, hamısının siyasi kökü, fundamenti var.
Səfəvilər dövlətinin tarixi qaynaqları isə daha dərində - Azərbaycan coğrafiyasının, türk və qeyri-türk kimliklərin, siyasi islamın kifayət qədər alt qatlarındadır. İcazənizlə, şəcərəyə keçməzdən öncə mən bu qatlara qısa bir ekskurs edim, çünki bu səyahət olmadan Şah İsmayılın nəcabət məsələsinin aydınlaşdırılması da heç bir əhəmiyyət daşımayacaq. Bəribaşdan isə onu deyim ki, Şah İsmayılın bizə adı dəqiq məlum olan ən ulu babası Səlcuqlu əmiri Firuz şah idi.
– Yəni, məsələ o qədər dərindirmi?
– Elədir! İslamın ortaya çıxması ilə Məkkə və ətrafında yaşayan ərəblər yarıxoş-yarızor inandırılmış, vahid topluma çevrilmiş və mərkəzi hakimiyyət altına alınaraq dövlət qurulmuşdu. Amma islamın peyğəmbəri dünyasını dəyişincə məlum oldu ki, onun liderliyini könüllü qəbul edənlərin bir çoxu, eynilə islama qılınc altından keçərək etiqad bəsləyənlər sayaq şübhə və inamsızlıq içindədir. Daha açıq desək, islamın ərəblərin ümumi etiqadına çevrilməsində önəmli rol oynayan səhabələr və eləcə də rəislərinin təhriki ilə müsəlman olmuş müxtəlif qəbilələrin mənsubları vəhyə dərin şübhə ilə yanaşırdılar. Mərkəzi hakimiyyət formalaşar-formalaşmaz iqtidar uğrunda mübarizə başlamış, bu mübarizə islamın peyğəmbəri vəfat etdiyi gün kuliminasiya nöqtəsinə çatmış, nəticədə dinin yaradıcısının dəfni gecikmişdi. İndi hər nə qədər “islam barış dinidir” deyə moizələr oxunsa da, fakt budur ki, bisətdən sonra ərəblərin qansız-qadasız bircə günü də olmayıb.
Üstəlik, islamın doğuşu ilə ətraf səmtlərdə yaşayan yəhudi və xristianlar da dəfələrlə basqına məruz qalmış, sərvətləri talanmış, arvad-uşaqları əsir götürülmüş və müsəlmanlar arasında qənimət kimi paylaşdırılmışdı. Odur ki, islam peyğəmbərinin vəfatından dərhal sonra “riddət” dalğası meydana çıxdı. Ərəblərin önəmli bir bölümü müsəlman kimliyindən imtina edərək bir öncəki etiqadlarına dönmək istədilər. Bu prosesin qarşısı qılıncla və amansızcasına alındı. Yeni dinə sahib çıxmaq istəyən, islamı zamanında bəziləri könüllü, bəziləri müəyyən təzyiq-təhdid, o cümlədən, dünyəvi vədlər və mükafatlar qarşısında qəbul etmiş nüfuzlu ərəblər arasında da qovğa səngimədi və qanlı olaylara çevrildi. Bircə onu demək yetərlidir ki, islamın dörd xəlifəsindən üçü sui-qəsd sonucunda həyatını itirmişdi. Dördüncü xəlifə, şiələrin birinci imamı Həzrət Əli də sui-qəsdlə öldürülmüşdü.
Müaviyyə ibn Əbu Sufyan 661-ci ildə iqtidara yiyələndikdən və min bir kələklə “Əməvilər” adlanan xanədanı qurduqdan sonra islam hərbi-ideoloji vasitə kimi bölgə xalqlarının kabusuna çevrildi. Müaviyyə xilafət daxilində əsas vəzifələri öz qohum-əqrəbalarına, qəbilədaşlarına həvalə edir, digər ərəbləri ordunun canlı qüvvəsinə çevirir və hamısı birlikdə işğal edilmiş ərazilərin əhalisinə üstdən-aşağı baxaraq öz soylarının aliliyini nümayiş etdirir, ərəb olmayan müsəlmanları adam yerinə qoymurdular. Fəqət onların hücum çəkdiyi və işğal etdikləri bölgələrdə - Farsda, Xorasanda, Azərbaycanda və Qafqazın digər hissələrində hər baxımdan o dövrün ərəblərindən qat-qat üstün mədəniyyətə malik tayfalar, o cümlədən, türk boyları yaşayırdılar. Süleyman Əliyarlının “Azərbaycan tarixi üzrə qaynaqlar” toplusunda yer alan, ilk dəfə akademik Ziya Bünyadov tərəfindən dərc edilən və İbn Hişamın əsərində qeyd olunan məlumata görə, sözünü etdiyimiz Müaviyə Azərbaycan haqqında maraqlanmış və bu cavabı almışdı: “Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər”.
Kəramət, fizikanın “təsir-əks təsirə bərabərdir” qanunu cəmiyyətlər üçün də keçərlidir. Cəmiyyətlər və tarix üçün daha bir gerçəklik odur ki, hər iqtidar öz müxaliflərini yaradır. Əməvilərin sonunu gətirən üsyan VIII yüzilin tam ortalarında başladı. 750-ci ildə Əməvilər taxtdan endirildi, hakimiyyətə Abbasilər yiyələndi. Abbasilər iqtidara gələr-gəlməz ərəbçilikdən xeyli dərəcədə geri durdular, Əməvilərlə müqayisədə digər etnik varlıqlara daha tolerant yanaşdılar, türk, fars, kürd və digər köklərdən gələn fərdləri dövlət iyerarxiyasında irəli çəkdilər. O sadə səbəbə görə ki, buna məcbur idilər.
– Nə üçün?
– Bu suala cavab olaraq diqqəti bir tarixi şəxsiyyətə çəkmək istəyirəm - Əbu Müslüm Xorasaniyə! Milli mənsubiyyəti bu gün də tarix üçün gizəmini qoruyan Əbu Müslüm Xorasani Əməviləri taxtdan salan üsyançıların sərkərdəsi idi. Bu gün bəzi ərəblərin, farsların, kürdlərin və biz türklərin ona sahib çıxmaq cəhdlərində şovinist yanaşmaları kölgədə qoyacaq pozitiv bir mənimsəmə mövcuddur. Əbu Müslüm Xorasani faktiki olaraq sosio-kültürəl bir etiraz dalğasının lideri olmaqla ərəbçiliyə qarşı çıxırdı və onun qələbəsinin ən böyük tarixi faydası budur ki, Əməvilər üçün “ötəki” olanların coğrafiyasında “İsmayıloğullarının əfəndiliyinə” öldürücü zərbə vuruldu. Səfəvilər dövlətinin yaranmasında dərin tarixi və siyasi köklərdən birincisi məhz bu olaydır.
– Bəs ikincisi?
– İkinci və çox ciddi tarixi qaynaqlardan biri Xürrəmilər hərəkatı və Babəkin Azərbaycanda 22 il mövcud olmuş dövlətidir. Babək 816-cı ildə Bəzz qalasında xürrəmilərin lideri olduqdan sonra ərəb istehkamlarını xarabaya çevirdi, üstünə göndərilən qoşunları dəfələrlə darmadağın etdi və Araz çayının hər iki sahilini əhatə edən, Həmədandan Bakıya, Urmiyadan Göyçə gölünə olan ərazilərdə faktiki olaraq öz dövlətini qurdu.
– Taleh bəy, daim müzakirə olunan mövzulardan biri də budur: Babək türk idimi?
– Mən Babəkin etnik mənşəyinin türk olduğunu düşünürəm. Bu barədə dəfələrlə yazmışam, mövzudan kənarlaşmamaq üçün dəlillərimi indi təkrar etmək istəmirəm. O, hazırda tarix səhnəsində ərimiş və türklərə qarışmış “azəri” adlanan xalqa da aid edilir. Hansı ehtimalın doğru olmasına baxmayaraq, Babək birmənalı şəkildə Azərbaycan coğrafiyasının övladıdır və Azərbaycan mədəni arealının yaradıcısıdır. Mənim bayaqdan sözü gətirmək istədiyim yer məhz bura idi – Azərbaycan mədəni arealı.
Fikir verin, Əbu Müslümün məşhur üsyanından sonra ərəb irqçiliyi zəifləmiş, lakin yerli xalqlar ərəb xilafətinə və onun rəsmi ideologiyası olan islama qarşı etirazlarını davam etdirmişdi. Xeyli dərəcədə türkləşmiş, eyni zamanda, Arazın güneyində azərilərin, quzeyində ağvanların aborigen olduğu, bu etnosların hələ Müaviyə zamanında qaynayıb-qarışdığı yuxarıda istinad etdiyim şəkildə bizə məlum olan Azərbaycanda tarixin ən möhtəşəm qəhrəmanlarından biri kimi ortaya çıxmış Babək Xəzər xaqanlığının dövlət modelinə söykənir, əski Sasani ənənələrinin, Xilafətin və Bizansın təsirində olmayan yeni və müstəqil bir mədəni areal inşa edirdi. Dünyaca ünlü tarixçi Lev Qumilyovun da təsdiq etdiyi kimi, Babəkin strateji dayağı Xəzərlər idi. Ərəblər Xəzərlərlə ticarət müqaviləsi bağlayandan sonra Babək zaman-zaman hərbi-siyasi dəstək verdiyi Bizansı hərəkətə gətirmək istədi, lakin ağciyər Feofili Konstantinapoldan çıxara bilmədi. O, elə bu səbəbdən məğlub olsa da, son nəticədə Azərbaycan bir mədəni areal olaraq Qərb qarşısında da əlahiddəlik qazandı.
– Bu mədəni arealda türk soyunun yeri və rolu nə qədər idi?
– Talas savaşından sonra Abbasilərlə yaxınlaşmış və bineyi-qədimdən çinlilərlə düşmən olan Asiya türkləri axın-axın qədim Mesopotomiya hüdudlarına gəlir, Xorasan, Azərbaycan, Anadolu ərazilərində yurd salırdılar. XI əsrin ortalarına doğru tarix səhnəsinə Oğuz elinin Qınıq boyundan olan Səlcuqlar çıxdı. Xorasana köç etmiş səlcuqların lideri Toğrul bəy 1038-ci ildə özünü Nişapurda sultan elan etdi.
1055-ci ildə isə Sultan Toğrul Bağdadda at oynadan fars mənşəli Büvehyoğullarını tarix səhnəsindən silərək Abbasi xəlifələrini öz qoruması altına almış, başqa sözlə, əlaltısına çevirmişdi. Ümumiyyətlə, yüzillərcə Abbasi xəlifələri türk sultanlarının qoltuğunun altında yaşayıblar. Səlcuq dövləti adına daha bir zəfəri Alparslan Malazgirt döyüşündə Bizansa qarşı qazandı və bununla da türklər Anadolu bölgəsinin daimi sahibi oldular. Səlcuqların bölgədə möhkəmlənməsinin Azərbaycan mədəni arealı üçün iki mühüm nəticəsi oldu:
1.Azərilər və ağvanlarla müqayisədə türklər mütləq çoxluq qazandılar, şifahi dil qətiləşdi və hər iki etnosu əritməyə başladılar. Amma bu hələ tam mənada xalqlaşma demək deyildi.
2.Azərbaycan mədəni arealı ilə Bizans mədəni arealının Anadolu hissəsi dominant etnos, dil və din zəminində çuğlaşdı.
Tarixin acı gerçəkliyi Böyük Səlcuq Dövlətindən yan keçmədi. Dövlət çökməyə başladı və bu prosesin əsasında üç ciddi amil dayanırdı:
a).Abbasi xəlifələrinin Səlcuqlardan qurtarmaq çabaları;
b). Şiə məzhəbinin bir qolu olan İsmaililərə mənsub olan Həsən Sabbahın qurduğu xaşxaşilərin terror və propoqandaları;
3).Oğuz üsyanları.
Bu amillərin hər birinin üzərində dayanmaq vaxt aparar, buna lüzum yoxdur. Zira, əgər elə bu sadalananlara baxsaq, artıq bölgədə üç önəmli aktyorun - ərəblərin, farsların və türklərin ön planda olmasını və öz strateji münasibətlərini aydınlaşdırmaq istəməsini görmək mümkündür.
– Bu münasibətlər Səfəvilərin sayəsində aydınlaşa bildimi?
– Onların münasibətlərinin qətiləşməsinə ilk təkanı, əslində, moğollar verdi. XIII yüzilin ilk yarısında bölgəyə yürüşlər təşkil edən və dövlət quran moğollar sosio-kültürəl baxımdan türklərə doğma idilər və onları qarşısında girinc qaldıqları islamdan daha da soyudub şaman inanclarını, buddist dünyagörüşləri aşıladılar. Moğollar bölgədəki dinlərdən açıqdan-açığa kütlələri idarə etmək üçün vasitə kimi istifadə edir, günün tələblərinə uyğun şəkildə tez-tez inanc dəyişdirirdilər. Yaxşı anlaşılsın deyə bir az qabardaraq söyləyirəm, gecə hansı dindən olan qadınla yatmaları da onların sabahkı seçimlərinə təsir edirdi. Beləliklə, Azərbaycan və Anadolu arealındakı türklərin inanc sistemi ərəblərdən və farslardan ayrıldı - türklərin islam yorumları doqmalardan uzaqlaşdı, təsəvvüfə çevrildi. Bu prinsipial dəyişim türk təriqətlərinin və sufilərinin meydana çıxmasına rəvəc verdi.
– Həmin təriqətlərdən biri də Səfəvilər idi...
– Tamamilə doğrudur! Şeyx Səfiəddinin təriqət quruculuğu yönündəki çalışmalarının məğzini çılpaq şəkildə çatdıran və “Könül risaləsi”ndə yer alan bir cümlə var: “Dərvişlər dedilər: “Midani, nəmidani?” Bilməziz, kim quş dilimi söylərsən? Türki söylə kim eşidən anlasın”. Yüzillər keçəcək, biz eyni mesajı ustad Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasında da görəcəyik:
Heydər baba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.
İndi bir beyin həmləsi ilə bu iki mesajı birləşdirsək, çıxan nəticə budur: “Heydərbabaya salam” poemasını yazan Şəhriyar kimi Şeyx Səfiəddinin də öncəlikli xitab etdiyi topluluq türklər idi. Necə ki Şəhriyarın zamanın şərtlərindən dolayı farsca şeirlər yazması onun Azərbaycan türkü olmasını sual altına almaz, eləcə də “Pir-i-Türk” ləqəbi ilə tanınan Şeyx Səfinin də digər bir çox dillərdə yazıb-yaratması etnik mənsubiyyəti baxımından fərqli ehtimallar üçün əsas ola bilməz.
– Elədirsə, Səfəvilərin türk olması niyə sual altına alınır?
– Bilirsən, qədim və orta çağlarda metal pulların üstünə hökmdarlar öz adlarını zərb etdirirdi. Bu, həmin pulun tədavülünə hökmdarın verdiyi qarantiya idi. Sikkələrin saxtalaşdırılması hökmdara qarşı ən böyük sayğısızlıq sayılır və buna cəhd edənlər işkəncə ilə edam edilirdi. Eynilə “soy-kök məsələsi” hökmdarların iqtidarını legitimləşdirən ən əsas faktor idi, onu dəyişməyə, saxtalaşdırmağa heç bir tarixçi öz yanından cəhd edə bilməzdi. Orta əsr imperiyalarının ən xarakterik cəhəti odur ki, hökmdarlar hansı etnik mənşəyə malik olursa-olsun, təbəələrinin bütününə xitab edir, özlərini onlara doğmalaşdırırdılar. Bu, imperiya xüsusiyyətidir. Deməyim odur ki, Səfəvilərin kökəni ilə bağlı bütün versiyaların yaranması sarayın məlumatları daxilində baş verib. Lakin həqiqət birdir. İndi gəlin o həqiqəti aydınlaşdıraq. Orta çağ qaynaqlarına nəzər salanda Səfəvilərin kökəni ilə bağlı dörd iddia üçün əsas ortaya çıxır.
– O iddialardan biri də Səfəvilərin kökünün fars olmasıdır, eləmi?
– Bu, iddialar içərisində ən zəif və ən etibarsız olanıdır. Daha çox populyar olan və dartışılan Şeyx Səfinin seyid olması versiyasıdır. Ancaq əksər tarixçilər bu fikirdə həmrəydilər ki, “seyidləşdirmə” saray tarixçilərinin məqsədli propoqandası olub, heç bir əsası yoxdur. Başqa sözlə, Səfəvilər ərəb deyil.
– Kürddürmü?
– Bu iddia Şeyx Səfinin yuxarıda adını çəkdiyim Firuz şah adlı ulu babasının Bəzzazın “Safvət əs-Səfa”da “Kürdi” təxəllüsü ilə tanıdılmasına dayanır. Lakin Səfəvilərin seyidləşdirilməsi də elə həmin kitaba əsaslanır. Buna görə də həmin qaynağa əsasən həqiqəti ortaya çıxarmaq bir az analitik yanaşma tələb edir. Səfəviləri “kürd” çıxarmaq isə daha çox Osmanlı və onları birbaşa “fars” elan edə bilməyən Əhməd Kəsrəvi kimi İran tarixçilərinin siyasi yanaşması olub. Halbuki heç Bitlisli Şərəf xan Səfəvilərin kürd olmasına eyham belə vurmur.
Səfəvilər kürd olsaydı, Şərəf xan nədən bunu bilməz və deməzdi? Zəki Vəli Toğanın və Faruk Sümərin irəli sürdüyü iddialar, yəni Səfəvilərin sonradan türkləşməsi ehtimalı ona görə qəbul oluna bilməz ki, onların söylədiyi “devşirilmə dönəmi” Firuz şah Qızılbörkün yaşadığı dövrlə ötüşmür. O, Şeyx Səfinin altıncı babasıdır, Şeyx Səfidən təxminən 100-150 il qabaq, yəni XII əsrin birinci yarısında, bəlkə də bir rüb artıq yaşayıb. Bu dövrdə isə nə Toğanın dediyi kimi Rəvvadilər, nə də Sümərin söylədiyi sayaq Elxanilər adlı dövlət vardı. Uzunçarşılı, Bartold və Petruşevski kimi şərqşünaslar isə Ərdəbil şeyxlərini türk kökənli sayır.
– Qeyd etdiniz ki, həqiqəti ortaya çıxarmaq üçün qaynaqlara analitik yanaşmaq lazımdır. Maraqlıdır, bu cür yanaşma ilə siz özünüz nə çıxarmısınız ortaya?
– Mən tarixçi və mənbəşünas deyiləm. Amma XXI əsrin adamları istənilən orta çağ müəllifinin əsərlərinə əl gəzdirənlərdən daha geniş informasiya və texniki imkanlara malikdir. Bu da oxu və təhlil imkanlarını artırır, həm qaynaqlara əl gəzdirmiş adamların hiyləsini, həm də əl gəzdirilməyən məqamlar vasitəsi həqiqəti ortaya çıxarmağa imkan verir. Onu da qeyd edim ki, “Səfvətüs Səfa”da bir məqam bizim Elmlər Akademiyasından Tofiq Nəcəflinin diqqətini də çəkib və o, bildiyim qədər bu yöndə tədqiqatlarını davam etdirir. “Səfvətüs Səfa”da açıq şəkildə deyilir ki, Şeyx Səfinin 6-cı babası Əmir Firuz Şah Qızılbörk Ərdəbilə əmir təyin olunaraq gəlmişdi və çoxlu var-dövləti vardı. Diqqətinizi iki titula çəkmək istəyirəm: “əmir” və “şah”.
Furuz Qızılbörk ona görə “əmir” idi ki, qoşun başçısı idi. Bəs niyə “şah” idi? Bu sualı hələ heç kim qoymayıb. Davam edək, Ərdəbilə qoşun yeritmək və əmir təyin etmək gücü, iqtidarı kimdə idi Firuz Qızılbörkün zamanında? Böyük Səlcuqlu hökmdarı Sultan Səncərdə! Bax, bu detal üzərində düşünəndə bütün daşlar yerinə oturur. “Şah” o zamanlar təkcə dövlətin başında duran şəxslərə yox, həm də onların şahzadələrinə deyilirdi. Yürüşə çıxmış şahzadələr ordunun qollarından birinə başçılıq edir və əgər savaş uğurla başa çatardısa həmin bölgəyə vali təyin olunardılar.
Digər tərəfdən, Bəzzaz Əmir Firuz şahın “İbrahim Ədhəm övladı” tərəfindən təyin olunduğunu da yazır. İbrahim Ədhəm vaxtilə Xorasanda yaşamış, sonra tərki-dünya olmuş övliyadır. Onun oğlunun, övladının olub-olmaması ən azı mübahisəlidir, amma soyu davam etsəydi belə, Ərdəbilə vali təyin etmək iqtidarında olan bir əşirət yaratmamışdı. Dediyim kimi, tarix səhnəsində Səlcuqlular və Sultan Səncər kimi hökmdar vardı. Orta çağ qaynaqlarında isə bu cür təşbehlərdən, hökmdarları tarixin mifləşdirdiyi adamlarla eyniləşdirmək, o cümlədən, “övliya balası” kimi təqdim edərək aydan arı, sudan duru göstərmək, yaxud onların yürüşlərinə müqəddəs missiya həvalə etmək ənənəsi vardı. Eyni zamanda, “qızıl börk”, qaynaqda keçən ifadə ilə desəm, “zərrin külah” fərqli bir baş geyimi olmalı idi ki, ləqəb çevrilsin. Bu cür qızılla işlənmiş baş geyimindən isə ancaq əsilzadələr, şahzadələr istifadə edə bilərdi.
– Bütün bunları bir araya gətirib Əmir Firuz Şah Qızılbörkün Səlcuqlu şahzadəsi və əmiri olduğunu düşünürsüz?
– Bəli. Bu cür düşünməyimə o da qüvvət verir ki, Firuz Şah müəyyən müddətdən sonra Azərbaycandan geri çağırılır, Gilana göndərilir, müəyyən zaman keçir və yenidən Ərdəbilə təyin edilir. Biz bu təyinatlarda oturuşmuş bir dövlət mexanizmi görürük. Hətta istisna etmək olmaz ki, onun Ərdəbili tərk etməsi və Gilana getməsi Sultan Səncərin oğuzlara əsir düşməsi ilə bağlı idi.
Onu da xatırladım ki, rəsmi tarixə görə Sultan Səncərin oğlu olmayıb. Belə olan halda onun digər qan qohumları “şahzadə” statusu almış olurdu. Necə ki, Böyük Səlcuqlu Dövləti Sultan Səncərin ölümü ilə dağılandan sonra Anadolu Səlcuqlu Dövlətini bu cür qan qohumu və şahzadə olan Süleyman qurmuşdu...
(ardı var)
Kəramət Böyükçöl