29 Oktyabr 2016 12:42
5 657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəssam Cavad Mircavadovun əsərlərinə hələ uşaq olanda “Qobustan” jurnalında rast gəlmişdim. Bu rəsmlər məni cəlb eləmişdi və hər dəfə jurnalın yeni nömrələrini vərəqləyib rəssamın başqa əsərlərini axtarırdım. Bəlkə bu rəsmlər simvolik və mistik olduğu üçün mənim uşaq dünyama doğma gəlirdi.

Rəssamın əsərləri ilk baxışda tamaşaçıda belə bir təsəvvür yarada bilər ki, o, sadəcə nağıl qəhrəmanlarını canlandırıb. "Yəqin uşaqlar üçün çəkib" deyə düşünənlər də ola bilər. Cavad rəsmlərini o dövrdə az yayılmış abstrakt janrda yaradırdı, yaradıcılığında mistika əsas mövzu idi. Bir qədər qarışıq və hətta bəzən qorxunc görünən rəsmlərdə divlər, şeytanlar, qəribə varlıqlar təsvir edilirdi. Rəssam öz ideyalarını, irad və istəklərini mistik obrazlar vasitəsilə insanlara çatdırmaq istəyirdi və bu Azərbaycan rəssamlıq məktəbi üçün novatorluq idi.

Cavad Mircavadov 1923-cü ildə Bakı kəndlərinin birində doğulub. Abşeron bizə daha bir dahi rəssam bəxş edib. O, ilk rəsmlərini Fatmayı kəndində, Xəzərin sahilində yaradıb.

Uşaqlıqda dəniz sahilində, qumun üstündə əllə müxtəlif şəkillər çəkirmiş. Bu şəkillərin ömrü çox qısa olurdu - dalğalar onları yuyub aparanadək...

1941-49-cu illərdə Cavad Bakıda rəssamlıq məktəbində təhsil alır, amma bu təhsil onu qane etmir, sovet təhsili Cavad üçün primitiv, sadə və maraqsız idi. O, artıq bir rəssam kimi püxtələşmişdi, sovet tədris sistemi ona yad və sıxıcı görünürdü.

1949-cu ildə Cavad Leninqrada gedir və sovet ölkəsinin ən böyük və zəngin muzeyi olan Ermitajda fəhlə işləməyə başlayır. Cavad bu addımı saysız rəsm əsərləri və kolleksiyalarla tanış olmaq naminə atır. Ermitajın işçiləri bu qəribə rəssama nəhəng muzeyin hər bucağına daxil olmağa icazə verirlər. Beləliklə, Cavadın əsl “institut illəri” başlayır.

Cavad burda ən çox sevdiyi, özünə kumir hesab etdiyi Pol Sezanın və başqa dünya rəssamlarının əsərləri ilə tanışlaşır, onlardan çox şey öyrənir. Ermitajda işlədiyi beş il Cavad üçün əsl rəssamlıq məktəbi olur.

Bu dövrdə o, şərq rəssamlıq məktəbinin incəlikləri, həmişə maraqlandığı, əsərlərində aydın sezdirdiyi şaman ayin və mərasimləri ilə tanış olmaq imkanı da qazanır.

1954-cü ildə Cavad Bakıya qayıdır, Buzovnada bir dostunun yiyəsiz və boş evində məskunlaşır. O, burada yalnız rəsm çəkmir, həm də yaradıcılıq təcrübələri aparır. Daş, bitum, metal və sementdən təsviri sənət nümunələri yaratmağa başlayır.

Bakıya qayıtdıqdan sonra Cavad Qobustanı da kəşf edir. O, Qobustanı çəkən ilk rəssamlardandı. Tez-tez dostları ilə Qobustana gedər, oradakı intəhasızlıqdan, və qəbilə incəsənətinin sadə və vəhşi gözəlliyindən zövq alardı.

Tərki-dünya həyat tərzi on il davam edir. Bu illər ərzində Cavad bir çox əsərlər yaradır, deyilənə görə, o vaxt üçün təhlükəli hesab olunan daha cəsarətli əsərlərini gizlətmək məqsədilə Buzovnanın kənarında qumluqların içində basdırır, sonra isə yerini tapa bilmir.

1966-cı ildə Cavad yenə şəhər həyatına qayıdır, insanlarla təmas yaradır. Elə həmin ildə də Lyubov adlı rus xanımla tanış olur və onunla evlənir. İlham pərisinə, dost və köməkçisinə çevrilən bu qadından rəssamın Xəzri adlı bir oğlu olur.

Cavad Mircavadovun ilk əsəri 1967-ci ildə qeydə alınıb.

1987-ci ildən isə rəssamın əsərləri yerli və xarici sərgilərdə uğurla nümayiş olunur, tez bir vaxtda bütün dünyada maraqla qarşılanır.

Cavad üçün sənətdə sərhəd yox idi, o ürəyinin diqtə etdiyi və zövq aldığı üslubda çəkirdi. Sovet dövründə rəssamların müstəqil üsluba meyli, sənətə yenilik gətirmələri etiraz və maneələrlə qarşılanırdı. Onlardan yalnız rejimin maraqlarını təbliğ edən əsərlər tələb olunurdu. Abstrakt janr sovet sənətkarlığı üçün qeyri-məqbul idi. Cavad bir dəfə belə demişdi: "Sovet dövləti mənim sənətimin cəlladı olub".

Sənətdən siyasi təbliğat vasitəsi kimi istifadə edilməsinin qəti əleyhdarı olan rəssam yaradıcılığa baryer və sərhəd qoyulmasını da qəbul edə bilmirdi. Cavadın əsərlərindəki azad, orijinal ideyalar qəlibləri dağıdırdı. O, yalnız ruhunun pıçıldadığı rəngli mövzuları fırçasına, ordan da kətana köçürürdü.

Abstrakt üslubda çəkən rəssamın əsərlərinin əsas qəhrəmanları divlər, şeytanlar, qorxulu varlıqlar və heyvanlardı. Daha çox div obrazına müraciət edirdi.

Nağıllardan mənfi qəhrəman kimi tanıdığımız divi Cavad da əsərlərində qəddar, ağılsız obraz kimi göstərib. Onun rəsmlərində div yalnız rəzil və iyrənc tələbatları üçün yaşayan və buna görə başqalarını incidən bir canlıdır. "Divin hiylələri", "Arena", "Ehtiras" əsərlərində divin bu cəhətləri daha çox qabardılıb.

Rəssamın əsərlərinin daha bir parlaq qəhrəmanı qadındır. Onun qadın qəhrəmanı bəzən gözəl, bəzən ağıllı, bəzən də şəhvətpərəstdir. "Toy", "Naxır bulağı", "Şaman qadın", "Sərinlikdə və sakitlikdə" əsərlərində qadın obrazı özünü müxtəlif yönlərdən göstərir. Cavad bu obrazların dili ilə insan qəlbinin yaxşı və pis, ali və alçaq cəhətlərini göstərməyə çalışırdı. Onun əsərlərindəki varlıqlar bəzən xeyirxah, bəzən əxlaqsız, bəzən zalım olurdu – eynilə canlı insanlar kimi.

Cavad əsərlərində daha çox şux rənglərdən istifadə edirdi, forma və rənglər arasında vəhdət yaratmağa çalışırdı.

Bəlkə də əsərlər bizə ilk baxışdan əyləncəli, nağılvari görünür. Amma diqqətlə baxsaq hiyləgər baxışların, çılğın rəqslərin, eşq səhnələrinin arxasında incə bir kədər görə bilərik. Çingiz Aytmatov ilk dəfə Mircavadovun əsərlərini seyr edəndə demişdi: "Mən heç bir rəsm əsərində bu qədər faciə görməmişəm".

Cavadın yaradıcılığında boz, soyuq əsər yoxdur, bütün rəsmlərdə ehtiras, aqressiya, bəlkə bir az da divanəlik var. Onun əsərlərində yaşadığı cəmiyyətə qınaq, inciklik də sezilir. O, fırçası ilə bəşəriyyətin səhvlərini, günahlarını “boyayırdı”...

Böyük rəssam ömrünün son illərində sağalmaz beyin xəstəliyindən əziyyət çəkirdi və daha əlinə fırça ala bilmirdi. O, son əsərini 1990-cı ildə Vyanada "Bethoven" otelində tamamladı. 1992-ci ildə Kopenhagendən Bakıya dönərkən 69 yaşında qatarda vəfat etdi.

Mircavadovun əsərləri bu günə qədər Bakıda və Avropanın bir çox tanınmış şəhərlərinin muzeylərində nümayiş olunur. Bu əsərləri avropalılar maraq və heyrətlə qarşılayır, çoxları onun əsərlərin əldə etmək, satın almaq istəyirlər.

Rəssamın əsərlərinin sayı az deyil, amma o, daha çox iki əsərini özünə doğma bilirdi: "Məxfi gecə" və "Ümid işığı". İkinci əsərini o, Salvador Daliyə həsr eləmişdi.

Günü bu gün də Cavad Mircavadovun əsərləri rəssamların yaradıcılığına təsir etmək gücündədir. O özündən sonra maraqlı və qeyri-ordinar üslub qoyub getdi.

Rəssamın iri tablolarından ilk baxışda insanda vahimə yaradan divlər, əcinnələr, şeytanlar boylanır, əslində bütün bunlar insanların içindəki xəbis duyğular, vəhşi arzulardır. Çünki hər insanın içində div var; kiminki bir az sakit, kiminki yırtıcıdır. Bəzi hallarda bu divlər xeyirxah da ola bilir... Onları idarə etmək, yönləndirmək biz insanların ixtiyarındadır.

Cavad Mircavadov bunu demək istəyirdi öz əsərləri ilə.

Təranə Qurbanlı


Müəllif:

Oxşar xəbərlər