16 Noyabr 2016 16:53
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Gənc Tamaşaçılar Teatrında mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfrans teatrın yaradıcı heyətinin Kalmıkiya Respublikasının Milli Dram Teatrında qastrol səfərində mükafatlandırılmalarına həsr olunub. Belə ki, qastrol səfərinin təntənəli bağlanış mərasimində Şövqi Hüseynov və aktyor İlham Əsədov Kalmıkiya Respublikasının əməkdar artisti fəxri adına, aktyor Elnur Kərimov “Stanislavski” medalına layiq görülüblər.

Naibə Allahverdiyeva, Nəsibə Eldarova, Elnur Hüseynov, Sona Babayeva, Sevinc Mehrəliyeva, Şəbnəm Hüseynova, Səbinə Məmmədova, Mehriban Hüseynova, Ramil Məmmədov Kalmıkiya Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının diplomları və fəxri fərmanları ilə təltif olunublar.

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov səfərin sayca 5-ci olduğunu bildirib: “Teatrımızla Kalmık Milli Dram Teatrı arasında 5 illik qarşılıqlı yaradıcılıq müqaviləsi imzalanıb. Bu müqavilənin bəndlərinə uyğun olaraq biz qarşılıqlı qastrol səfərləri təşkil edirdik. Ötən ay Kalmık teatrı şəhərimizin və teatrımızın qonağı idi. Bu günlərdə də biz sözügedən teatrın səhnəsində öz tamaşalarımızla çıxış etdik”.

Əməkdar artist Nəsibə Eldarova bu teatrla ilk qastrol səfərinə çıxdığını etiraf edib: “Səfər təəssüratlarım çox gözəldir. Kalmıkiyada bizi çox gözəl qarşıladılar. Mən çox razı qaldım”.

Teatrın qocaman aktrisası Sona Babayevanın 75 illik yubileyi Kalmıkiyada qeyd olunub. Aktrisa bu məqamın onun üçün yadda qalan olduğunu deyib: “54 ildir ki, bu teatrdayam. 75 illiyimin orda qeyd olunması çox ürəyimcə oldu. İlk dəfə getdiyim Kalmıkiyada tamaşaçıların bizim tamaşaları necə gözəl qəbul etmələrinin canlı şahidi oldum. Həmişə deyirəm, bizim kollektivimiz ən güclü kollektivdir”.

Əməkdar artist Şövqi Hüseynov layiq görüldüyü bu adı şərəflə daşıyacağını deyib: “Bu, çox böyük məsuliyyət və cavabdehlikdir. Bu, insana ayaqüstə durmağa, yuxarı qalxmağa bir az kömək edir. Güman edirəm ki, biz bu adı şərəflə daşıyacağıq. Gənc Tamaşaçılar Teatrı ən işgüzar teatrlardan biridir. Çünki mövsüm açılandan artıq bizim üçüncü beynəlxalq səfərimizdir. İşgüzarlığın da nəticəsi həmişə olub və olacaq”.

Kalmıkiyanın əməkdar artisti adını alan İlham Əsədov hamıya bu fəxri ada layiq görülmələrini arzuladı: “Çox xoşbəxt və sevincliyəm. Hər bir aktyor ad almağı xoşlayır. Bəzən bunun əksini desələr də, belə deyil. Ona görə sağ əlim bütün aktyorların başına...”

Mükafata layiq görüləcəyini gözləməyən Şəbnəm Hüseynova kalmıkların diqqətli teatr tamaşaçısı olduğunu deyib: “Onlarda çox güclü aktyor məktəbi var. Bu mənada onlarla bir səhnəyə çıxmaq nəinki bir yaradıcılıq həzzi, eyni zamanda, dərs xarakteri daşıyırdı. Qulaqlıqla tamaşaya baxmaq çox çətin prosesdir. Amma həm qulaqlıqla, həm əziyyətlə tamaşaya baxsalar da çox gözəl reaksiya sərgiləyirdilər. Tamaşaçı zalından aldığımız impuls insanı daha da şövqlə işləməyə məcbur edirdi”.

Nərmin


Müəllif:

Oxşar xəbərlər