Bu gün Nizami Kino Mərkəzində Türk Filmləri Həftəsinin açılışı olub.
Teleqraf.com xəbər verir ki, həftə çərçivəsində Bakıya Türkiyə prezidentinin ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu, Yerli Düşüncə Dərnəyinin sədri Metin Gündoğdu, tanınmış aktrisa Meral Konrat, gənc aktyorlar Sarp Levendoğlu, Emre Kızılirmak və başqaları gəlib.
Mərasimdə çıxış edən festivalın sənət koordinatoru Önər Kılıç ötən illərdə də Bakıda türk film həftələrinin keçirildiyini və tamaşaçıların marağına səbəb olduğunu deyib. "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov belə tədbirlərin iki ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsinə xidmət etdiyini deyib.
Çıxışlardan sonra əməkdar artist Azərin səhnəyə çıxaraq, mahnılarını təqdim edib. Sonda Türkiyəni Oskar mükafatında təmsil edəcək "Kalandar soğuğu" filmi nümayiş olunub.
Nərmin
Fotolar Elçin Murad