Hamımızda olur.
Şəhərin küyündən, işin çoxluğundan, yorğunluqdan, depressiyadan baş götürüb qaçmağa çalışırsan.
Bu vaxt ağlına uzaq bir adada heç olmasa 15 gün yaşamaq keçir.
Gənc dostum İsmayıl şənbə gününü maraqlı keçirmək üçün Adalara getməyi təklif edəndə elə mənim də buna böyük ehtiyacım olduğunu hiss etdim.
Baxmayaraq ki, nə bir adada 15 gün qalmağa imkan vardı, nə də ki tamamilə köçüb yaşamağa.
... Kadıköy iskələsindən İstanbulun Adalar adlanan üç adasından biri olan Burqazadaya doğru yola düşürük. Vapurumuz öncə Kınalıadaya yan alır, orada bəzi yolçular enir, biz isə yunanlardan qalan kilsəni görmək üçün Burqazadada enirik.
... Burgaz (Pyrgos) sözü yunanca “qala”, “bürc” mənasındadır. Lap qədim zamanlarda Böyük İskəndərin generallarından birinin atası olan Antiqonenin orada qala tikməsinə görə bir müddət onun adı ilə adlanıb.
Adada yerləşən Ayios İoannis kilsəsini ziyarət edirik. Kilsənin bazar günü açıq olacağını deyirlər. Biz də naçar kilsə önündə foto çəkdirib əzəmətini seyr edirik. Deyilənlərə görə, bu kilsədən vaxtilə zindan yerləşib, ortodoks patriki Metodios orada həbsə məhkum edilib. Daha sonra isə zindan üzərində kilsə tikilib və həmin Metodios burada rahiblik edib.
Adadakı yeganə məscid olan Burqazada məscidi isə 1953-cü ildə İstanbulun fəthinin 500 illiyi münasibətilə tikilib. Məscidi də ziyarət edib Türk xalqının gələcəyi üçün dualar oxuyub adanı gəzməyə başlayırıq.
Adanın sahilində gözlədiyimiz kimi balıqçı restoranları vardı. Sahildə isə balıqçılar tutduqları balıqları satmaqla məşğul idilər. Amma qəribədir ki, balıqların olduğu qablara yarım metr məsafədən baxan pişiklər balıqlara hücum etmir, onları seyr etməkdən zövq alırdılar. Ümumiyyətlə, buradakı pişiklər şəhər pişikləri ilə müqayisədə daha möcüzəli gözlərə sahib idilər, sanki insanla danışmağa meyilli idilər. Hətta küçədə tənha şəkildə yürüyən pişiyə foto çəkmək üçün yaxınlaşdığımda xüsusi şəkildə dayanaraq poz verməyə başladı.
Bu sirri çözmək üçün sahildə gəzişərkən başqa bir sirli adamla rastlaşdım: Kahinlə.
Əl falı baxmaq, kəhanət işləri ilə məşğul olan bu qəribə adam ağacın altında özü üçün qurduğu obyektə hətta Atatürkün də şəklini asmışdı. Rəsmini çəkməyə icazə verən kahindən əl falıma baxdırmaq, dolların gələcəyi ilə bağlı gizli bilgilərə əldə etmək fikrinə düşsəm də, kahinin məni ovsunlayaraq özünə mürid etməsindən qorxub aralanıram. Nə də olsa sirli bir adadayıq...
Adada qarşımıza Cem evi çıxır. Türkiyə gəldiyim gündən Cem evinə getmək istəsəm də, hələ ki fürsət olmamışdı. Ələvilərin toplaşdığı, yəni cəm olduğu bu məkanlarda özlərinəməxsus rituallar həyata keçirilir. Türkiyədə ələvilərin dünyagörüşü uzun müddətdir problemli olaraq qalmaqdadır. Cem evlərinə ibadət mərkəzi statusunun verilməsi məsələsi də müzakirə obyektidir. Cem evində təmir getdiyi üçün içəridə çox qalmırıq.
Burqazadada maşınlar yoxdur. Əvəzində faytonlar, velosipedlər fəaliyyət göstərir.
Adada yazıçı Saik Faik Abasıyanık adına muzey fəaliyyət göstərir. Yazıçı ömrünün sonlarını burada yaşamış və öldükdən sonra qaldığı köşk muzeyə çevrilmişdi.
Ada yunan və türk kültürünün bir arada yaşadığı ərazidir. Balıqçı restoranlarından eşidilən yunan mahnıları, yunan əsilli vətəndaşlar, faytonlar, vapurlar Osmanlı dönəmini xatırladırdı.
Geri dönərkən bir şeyə əmin oldum. Sanki nə 15 temmuz olayları, nə başqanlıq sistemi müzakirələri, nə dolların 3.40 lirə olması kimi problemlər bu adaya hələ gəlib çıxmayıb.
Yaxşı ki, gəlməyib. Nəhayət, üç aydan sonra Türkiyədə həqiqətən xoşbəxt insanları və təbiətinə insan amilinin həddindən artıq müdaxilə etmədiyi bir yeri görə bildim.
Dilqəm ƏHMƏD
Fotolar müəllifindir.