R.Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşkilatçılığı və Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyinin (İLESAM) dəstəyi ilə tanınmış şair Ədalət Əsgəroğlunun anadan olmasının 60 illiyinə həsr edilmiş anma tədbiri keçirilib.
Teleqraf.com xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rza Ədalət Əsgəroğlunun həyat və yaradıcılığından, bir dost kimi insani xüsusiyyətlərindən söhbət açıb.
Bildirilib ki, Göyçayda dünyaya göz açan şair ilk ədəbi fəaliyyətinə “Kirpi” jurnalında başlayıb. Bir sıra qəzetlərdə çalışan Ədalət Əsgəroğlu 2003-cü ildən ömrünün sonunadək Azərbaycan Yazıçılar Birliyində mətbuat katibi kimi fəaliyyət göstərib. Şeir və poemaları bir çox xarici dillərə tərcümə edilib, əsərləri bir neçə beynəlxalq mükafata layiq görülüb. Onun “Yaz ilə gələn sevda”, “Göyçaydan başlayan ömür yolu”, “Mən sənə aşiqəm, dünya!”, “Özüm qürbətdə, gözüm Vətəndə”, “Sabahını itirməyən adamlar”, “Məmləkətim canım mənim...”, “Dərdimizin qan rəngi” və s. kitabları oxucuların rəğbətini qazanıb.
Filologiya elmlər doktorları Vaqif Yusifli, Buludxan Xəlilov, şairlər Əli Rza Xələfli, Oqtay Rza, Qəşəm Nəcəfzadə və başqaları Ə.Əsgəroğlunun yaradıcılığında vətənpərvərlik mövzusundan söhbət açıblar. Onun Xocalı faciəsinə həsr etdiyi “Dərdimizin qan rəngi” (4 dildə) poemasının məna tutumundan, əhəmiyyətindən danışıblar.
Bildirilib ki, bu poemada qan obrazı var. Qan obrazına ədəbiyyatımızda simvolik bir obraz kimi çox rast gəlinsə də, burada Qan milli dərdin obrazı kimi diqqəti cəlb edir. Qan burada Xocalıdan bütün dünyaya yayılan fəryadın, ahın, kədərin simvoludur. Qan burada tarixdir - bir məmləkətin təklənməsi, səsinin, fəryadının boğulması, öz içində qərq olmasıdır. Ümumiyyətlə şair elə bil şeirlərində öz həyatı ilə də bağlı demişdi hər şeyi – “Fələyin yazdığı yazılar”a təəssüflənmişdi. Öz həyatında gördüyü haqsızlığa üsyan etmişdi: “Mənə demişdilər getmə bu yolu” təəssüfünü yaşamışdı, “Haqqı tikə-tikə bölən”ə etiraz eləmişdi, “Sözün özünə qurduğu xana”da qalmaq istəmişdi. “Fələk qəmi qoşa-qoşa göndərir”- deyib, ədalətsizlikdən bezdiyini, yorğunluğunu ifadə eləmişdi. Çox əzabdan, əziyyətdən keçən bir şair ömrünün “Yenə düyün-düyün qarışıq” halından yazmışdı. Yaradıcılığında son zamanlar irfan ədəbiyyatına müraciət edərək “Yetiş dadıma gəl, Xudam”- deyib, üsyan elədiyi də olmuşdu Ədalət Əsgəroğlunun. Gördüklərinə etiraz edəndə “Şahə qalxıb ağ yalanlar” söyləmişdi. “Sonaladı əcəl məni”, “Ölüm haqq işidi” deyib, hamını, əsasən də əzizlərini öz ölümünə hazırlamışdı, “Dərdə qəmə bələnməyin”, “Qərib quşlar ağlasın məni” yazmışdı.
Mərasimdə bədii qiraət ustaları şairin şeirlərindən ibarət kompozisiya təqdim ediblər.
Tədbirdə şairin ölümündən sonra, AYB-nin “aybKitab” layihəsi çərçivəsində nəşr olunan “Yaşamağın dadı” adlı kitabının təqdimatı keçirilib. Kitabda şairin ömrünün son dövrlərində yazdığı əsərləri toplanıb.
Sonda şairin vaxtilə Bakıda “Şairlər günü”də layiq görüldüyü, lakin ala bilmədiyi “Mikayıl Müşfiq” ədəbi mükafatı oğlu Elşad Məmmədova təqdim edilib.
Elşad Məmmədov atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.