Teleqraf.com Yusif İlhamoğlunun Orhan Pamukun "Qar" romanı barədə yazdığı esseni təqdim edir:
Orhan Pamuk və "Qar" romanı. 2005-ci ildə ABŞ ədəbiyyatsevərləri üçün fərqli bir əsər olan bu roman ilin ən mühüm 10 bədii uğurundan biri kimi mükafatlandırılıb. Bəs niyə?
Romanı oxumaqdan həqiqətən həzz aldım. Demək olar ki, birnəfəsə oxudum. Bütövlükdə sevgi romanı, yaxud siyasi romandır deyə bilərəm. Öncə siyasi tərəflərinə baxaq.
Əsərin qəhrəmanı şair Ka Avropada on iki illik siyasi sürgün həyatından sonra Türkiyəyə dönür (Maraqlıdır ki, "Mənim adım qırmızı" romanında da Qara obrazı on iki il Türkiyədən kənarda yaşamışdı). Bir dostunun köməyiylə reportaj hazırlamaq üçün Qarsa yola düşür və bununla da Qarsın simasında Türkiyənin siyasi-sosial problemləri ön plana keçir. Öncə ölkə ərazisində nəqliyyat problemləri qabardılır. XX əsrin sonlarında bərbad avtovağzallar, köhnə avtobuslar, keyfiyyətsiz asfalt yollar təsvir olunur. Qarsda yüzillik azmərtəbəli binalar, köhnə otellər, ermənilərdən, ruslardan qalmış və hazırda müxtəlif dövlət idarələrinin istifadəsində olan köhnə evlər nəzərə çarpdırılır.
O.Pamuk romanı yazmaq üçün Qarsa ziyarətlər edib, Qarsın küçələrini bir-bir gəzib, otellərində qalıb, çayxanalarında oturub, insanlarını seyr edib, dinləyib öyrənib, Qars insanıyla iç-içə olub. Şəhərin tarixində maraqlı hadisələr olub ki, buna ermənilərin azərbaycanlılarla, kürdlərin Osmanlı türkləriylə iç-içə yaşayışı, Osmanlının süqutunun son dövrlərində Qarsda yaradılan, az müddət yaşayan dövlət, rusların Qarsı idarə etməsi, hətta rus çarının əylənmək üçün bura gəlməsi, Türkiyə Cümhuriyyəti qurulduqdan sonra şəhərin TC-yə daxil olması və s. daxildir. Sadaladığım hadisələrin çoxusunu əsəri oxuyaraq öyrəndim.
Üstəlik, bu və digər səbəblərdən Qarsın sosial həyatının geriliyini görürük ki, müxtəlif obrazların dilindən müxtəlif səbəblər irəli sürülür. Radikal islamçılar şəhərdəki gənc qızların intiharını hökumətin başörtüsünü açdırmaq qərarıyla, laiklər geridəqalmışlıqlıqla, polis və təhlükəsizlik orqanı əməkdaşları ailə və sevgi problemləriylə izah edir.
Bir də vəziyyətin idarə oluna bilməyən tərəfi var. Türkiyədə hərbçilərin hakimiyyətə əl qoyması bilinən faktdır. 2016-cı ilin yayında belə bir cəhdin tarixi şahidlərindən olduq.
Ka Qarsda olarkən yağan qarın yolları bağlaması şəhərdə səfərdə olan teatr truppasının başçısı, Mustafa Kamal Atatürkün obrazını oynamağa ən birinci namizəd olmuş, itiriləcək heç nəyi olmayan xəstə bir aktyorun ağlına qiyam etməyi salır. Aktyor səhnəylə həyatı birləşdirərək teatr tamaşasını qiyama çevirir. Qətllər, həbslər başlayır, radikal dinçilər həbs olunur, şəhərdə komendant saatı elan olunur, finalda özünün öldürüləcəyini əvvəlcədən elan edərək səhnədə öldürülür. Bu səhnədə insan oxumağı yarımçıq saxlayıb, saatlarla düşünür: axı niyə?
Həqiqətən problemin dinçilərdə olduğunu, Cümhuriyyətçilik, Atatürkçülük prinsiplərindən uzaqlaşıldığını düşündüyü üçünmü? Yaxşı, bəs onda hökumətin qərarını yerinə yetirərək hicablı qızları universitetə buraxmayan cümhuriyyətçi bir universitet direktorunun qatilini həbs edib, ölümünə qərar vermək, sonra bir tamaşadan ötrü onu azadlığa buraxmaq nəyə lazımdır? Və yaxud gördüyü işin doğruluğuna inanan birinin qarın əriyib, yolların açılacağı təqdirdə şəhərə gələcək olan hərbçilərdən öncə özünü öldürməyinin mənası nədir?
Və yaxud başqa suallar çıxır. Avropadan heç bir dəstəyin, demokratiya nümunəsinin gəlməyəcəyini bilə-bilə ölkə miqyasında bilinən bir radikal dinçinin Avropanın hansısa bir qəzeti üçün bəyanat göndərməyinin mənası nədir? Avropada həyatın necə olması, demokratiyanın necə olması sualına cavab verə bilməyən kürd gənclərin həmin bəyanata imza atması nə deməkdir? Bu suallarla insanı baş-başa qoyan Pamuk sanki demək istəyir: Avropa ölkələri - Almaniya, Fransa, İngiltərə, yaxud ABŞ şərq ölkələrinin inkişafında, şərqdə demokratiyanın qələbəsində heç də maraqlı deyil. Hətta dünya kitab bazarına çıxdığını bilə-bilə Fransanın Əlcəzairdə törətdiklərini açıq şəkildə tənqid edir. Sanki əsəriylə özünün də bir zamanlar siyasət aləmində olduğunu xatırladır, nələrisə bildiyini demək istəyir.
İndi də əsərin niyə həm də romantik əsər olması haqqında danışaq. Bu cəhətdən, fikrimcə, sırf baş qəhrəmandan - Kadan danışmalıyıq. Çünki onun xaricində sevgidən danışan aşiq olduğu qadının bacısı - Qədifə, bir də İmam Xətib Liseyinin iki tələbəsi olan dostlar sevirlər ki, bu üçü də dolayısıyla Ka ilə əlaqəlidir və Ka onların sevgisiylə öz sevgisini hardasa müqayisə edir. Kanın sevdiyi kimdir? Universitetdən tələbə yoldaşları İpəklə Muxtar evləniblər, Qarsda yaşayırlar, bir müddətdən sonra uşaqları olmadığı üçün və Muxtar İpəyi hicaba məcbur etdiyi üçün boşanıblar, yenə Qarsda yaşayırlar. İpək, atası və bacısı ilə özlərinə məxsus kiçik “Qarpalas” mehmanxanasında yaşayırlar. Ka Qarsa gəlib yenidən İpəyi görüncə onun yenə də gözəl olmasından təsirlənərək aşiq olduğunu düşünür və düşünərək aşiq olur. Ka cəmi üç gün Qarsda qalır. Bu üç gün ərzində uzun illər fasilədən sonra yenidən şer yazmağa başlayır və on doqquz şer yazır. Sonradan Qarsda başına gələnləri dostu Orxana (müəllifə) danışır, amma bir şeirini yazmayıb unutduğunu deyir, tapa bilərsə, kitab nəşr elətdirəcəyindən danışır. Amma...
Kanın sevgisi sürətlidir. Üç gün ərzində öncə İpəyi görüb aşiq olur, sonra da ona ürəyini açır, yetkin adamlar olduqlarını deyir, onunla Avropaya gedərsə xoşbəxt olacaqlarını deyir. Özünü xoşbəxt hiss edir, bunu hər yerdə bəyan edir. Onu ölümlə hədələyən dinçilərə və qiyamçılara Qarsa kəşfiyyat üçünmü gəldiyini soruşduqda xoşbəxt olmaq üçün gəldiyini deyir.
Qiyamçılarla dinçilər arasında aradüzəldənliyə məruz qaldıqda bu işə xoşbəxt olduğu üçün, məqsədinin Qarsdan İpəklə sağ-salamat çıxmaq olduğunu bildirir. Ka küçədə imsanlara baxır, hadisələri izləyir, itə, günəşə, ağaca və qara baxaraq sevgi, insanlıq haqqında düşünür, keçmişləri xatırlayır, xatırladıqlarını şeirlə təsvir edir və on doqquz şeir yazır. Bu şeirləri altı bucaqlı qar dənəciyinin budaqlarının üzərinə düzür, həyatın mənasının bu qar dənəciyində olduğunu deyir. Mərkəzdə “Mən Ka” şeirini yerləşdirir ki, həyat, sadəcə, mənim ətrafımda dönənlərdən ibarətdir. Mərkəz mənəm, həyat mənəm, sevgi mənəm. Pamukun bu təsvirlərindən bu nəticə alınır ki, hər bir insan üçün həyatın mənası ancaq onun özünün anladığı qədərdir. Sevgidə, azadlıq istəyində, cümhuriyyət və Atatürk sevgisində və nəhayət inancda insanın səmimiyyəti ancaq qəlbində döyünür və bu qəlbindəki səmimiyyəti insan bəyan edə bilmir. Avropanın dinsiz deyil, hamısının xaçı sevdiyini deyir, Türkiyədəki dinçilərin dindar deyil, hamısının ehtiraslarını sevdiyini deyir. Özünün dinsizliklə Allaha inam arasında qaldığını deyir. Tez-tez avropalının heç Allahın mövcud olub-olmadığını düşünmədiyini deyir. Amma Qarsda "Qar mənə Allahı xatırladırdı" deyir. Məşhur radikal dindarın, əslində, din üçün vuruşmadığını öyrəndikdən sonra doğru addım hesab edərək onun yerini polislərə bildirir və İpək buna görə də onunla Almaniyaya getmək fikrindən daşınır. Sonda Ka yenidən məğlub olaraq Almaniyaya qayıdır, Avropada dörd il İpəyi düşünərək yaşadıqdan sonra tapılmayan qatil tərəfindən öldürülür. Dostu Orxan onun haqqında danışdığı on doqquz şeiri tapmaq üçün Qarsa gəlir, tanıdığı insanlarla söhbətləşir və bir qərar alır: İnsan öləndə onun düşüncələri, hissləri, sevgisi, inancı da onunla bərabər ölür. Necə ki, Kada öldü...