13 Fevral 2017 23:54
1 916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz-İslam ordusunun komandanı Nuru paşanın məzarının tapılması və təmirində xeyli fədakarlıq göstərən türk tədqiqatçı, “Nuri Killigil” kitabının müəllifi Atilla Oral paşanın adının əbədiləşdirilməsi üçün növbəti addım atıb.

Bu barədə Teleqraf.com-un Türkiyə təmsilçisinə məlumat verən Atilla Oral bildirib ki, vaxtilə Nuru Killigil silah fabrikinin olduğu ərazi hazırda yaşıllıq sahəsidir.

Türk tədqiqatçı qeyd edib ki, həmin əraziyə “Nuru Killigil Parkı” adının verilməsinə çalışır: “2 Mart 1949-cu ildə Nuru Killigil də daxil olmaqla 28 nəfərin həlak olduğu bu yerdə həmin şəhidlərin adlarının yazılı olduğu Şəhidlər abidəsinin hazırlanmasına çalışıram. Nuru Killigilin uğrunda savaşdığı Türk və Azərbaycan bayrağı abidənin yanında və geniş bir ərazidə ucaldılacaq. Bu abidə eyni zamanda Azərbaycan – Türkiyə qardaşlığının da abidəsi olaraq gələcək nəsillərə çatdırılacaq. Azərbaycan türkləri müstəqilliyini 15 sentyabr 1918-də Bakını işğaldan qurtaran Qafqaz İslam Ordusu və o müzəffər ordunun komandanı Nuru paşaya borcludurlar. Nuru Paşanın şəhid olduğu Sütlüce sahilindəki parkda ucaldılacaq iki bayraq və bir qranit lövhə Azərbaycan – Türkiyə qardaşlığını daha da gücləndirəcək, gələcək nəsillərə bu qardaşlıq duyğusunun ötürülməsinə çox böyük xidmət edəcək”.

A.Oral onu da əlavə edib ki, artıq bayraqlar və qranit lövhə hazırdır: “Bu işin maddi tərəfinə dəstək olanlar da var. İşin sadəcə rəsmi tərəfi qalıb. 2 martda Ədirnəqapıda Nuru Paşanın məzarı qarşısında, daha sonra Sütlücedə Nuru Paşa fabrikinin partladıldığı yerdə anım törəni keçirəcəyik. Bizdən öncəki nəsillərin (müxtəlif səbəblərə görə) yerinə yetirmədiyi bu tarixi vəzifə Türkiyəmizə və qardaş Azərbaycana yaraşan şəkildə həyata keçirilməlidir. Bu tarixi vəzifəni yerinə yetirənləri, istər Azerbaycan, istər Türkiyə türkü olsunlar, əməyi keçənləri gələcək nəsillər minnət və şükranla xatırlayacaqdır”.

Dilqəm ƏHMƏD


Müəllif:

Oxşar xəbərlər