Bu gün teatr sahəsində uzunmüddətli, səmərəli fəaliyyətlərinə görə bir qrup sənətçiyə Mədəniyyət və Turizm Nazirliyinin və Teatr Xadimləri İttifaqının mükafatları təqdim edilib.
Teleqraf.com xəbər verir ki, Teatr Xadimləri İttifaqında keçirilən tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm naziri Ədalət Vəliyev bildirib ki, 144 illik teatr yolumuz həmişə düz və hamar olmayıb: “XIX əsrin 70-ci illərində yaranan teatrımız XX əsrin əvvəllərinə qədər təşəkkül dövrünü yaşayıb. Sonrakı illər Azərbaycanın ictimai-siyasi həyatında son dərəcə sürətli inkişafla bağlı olan bir dövr olub. Bu 144 ilin içində Azərbaycan birinci dünya müharibəsinin qaranlıqlarını öz həyatından keçirib. Daha sonra Xalq Cümhuriyyətinin qısamüddətli ömrünü yaşayıb. Teatrımız 37-ci il repressiyyalarından keçib. 144 il çətinliklərə rəğmən hər zaman hərəkətlə, dinamik inkişafla yadda qalıb.
Bu gün Azərbaycanda fəaliyyət göstərən 26 dövlət, bir bələdiyyə, Üns yaradıcılıq səhnəsi Azərbaycan xalqına ləyaqətlə xidmət edən sənətkarlar ordusunu özündə birləşdirir. Azərbaycan teatr sənətini hər zaman diqqətdə saxladığı üçün ölkə başçısına hamımızın adından təşəkkür və minmətdarlığımı bildirirəm”.
Nazirliyin və İttifaqın mükafatları ilə təltif olunanlar arasında Pantonima Teatrının rəhbəri Bəxtiyar Xanızadə, Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova, Fidan Qasımova, Vaqif Əsədov, Sona Mikayılova, Səidə Quliyeva, Novruz Qartal, Mehriban Xanlarova, Məleykə Əsədova, Zülfiyyə Qurbanova, Sayya Gözəlova, Ülviyyə Rza və başqaları yer alır.
Nərmin