13 Mart 2017 13:28
883
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın görkəmli aktyoru və rejissoru Həsən Əblucun anım günüdür.

Teleqraf.com xəbər verir ki, Həsən Əbluc 22 aprel 1942-ci ildə Təbrizdə anadan olub. 1947-ci ildə ailəsi ilə birgə Bakıya köçüb. 14-15 yaşında Həsənin aktyorluq sənətinə sevgisi yaranır və o dram dərnəklərinə getməyə başlayır. Amma bu sevgi ona bir gün çox baha başa gəlir. Belə ki, dərnəkdə oynadığı tamaşadan sonra rol gərəyi istifadə etdiyi “bığ”ları ilə məktəbə gələndə aləm bir-birinə dəyir. Buna kəskin etiraz edən rəhbərlik Həsəni məktəbdən qovur.

Həsən Əbluc Politexnik İnstitutunun birinci kursunu bitirdikdən sonra Dövlət İncəsənət İnstitutunun aktyorluq və rejissorluq fakültəsində təhsilini davam etdirib.

Elə həmin il Dram Teatrında rumın yazıçı Sebastyanın "Adsız ulduz" tamaşasına quruluş verib. Sоnralar Gənc Tamaşaçılar Teatrında fəaliyyətini davam etdirib. 40-a yaxın filmdə çəkilib, kinostudiyada film dublyajlarında iştirak edib. Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığından dərs deyib. Bədii qiraət ustası kimi klassik və çağdaş şairlərimizin poeziya nümunələrini minlərlə tamaşaçıya və dinləyiciyə çatdırıb. Müxtəlif dövrlərdə bir neçə teatr və televiziya tamaşasının quruluşçu rejissoru olub.

O gülləri çox sevir və qızının rejissor olmasını arzulayırdı.

Həsən Əbluc 13 mart 1994-cü ildə vəfat edib.

Nərmin


Müəllif:

Oxşar xəbərlər