Bakıda Dünya Biznes Mərkəzinin akt zalında “Əhli-beyt sevənlərin yurdu Azərbaycan” adlı sənədli filmin təqdimat mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, film 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi təşəbbüsünə dəstək olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun sifarişi ilə ərsəyə gətirilib.
Təqdimat mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi, İƏT Gənclər Forumunun səlahiyyətli nümayəndələri, Bakı və ətraf qəsəbələrin dini icma rəhbərləri və imamları, dini icmaların, ictimai birliklərin, gənclər təşkilatlarının üzvləri, eləcə də yaradıcı heyəti iştirak edib.
Mərasimdə çıxış edən DQİDK şöbə müdiri Əliheydər Zülfüqarov, filmin eksperti, QMİ Fətva şöbəsi müdiri Aqil Şirinov, filmin ssenaristi, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, filmin sifarisçisi olan İƏT Gənclər Forumunun Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov sənədli məqsədləri haqda iştirakçılara geniş məlumat veriblər.
Xalq artisti Nurəddin Mehdixanlının səsləndirdiyi 33 dəqiqəlik filmdə çıxış edən ilahiyyatçı və ekspertlər, tarix boyu ölkədə Əhli-beyt irsinə olan sevgi və hörmətdən, eyni zamanda bununla bağlı formalaşan ənənələrdən və həmin irsə hörmət olaraq inşa edilən tarixi abidələrdən bəhs ediblər.
Filmin rejissoru Kamran Səfərəlizadə, ssenari müəllifi Natiq Rəhimov, direktoru Elçin Əsgərovdur.