13 Avqust 2014 18:04
1 366
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il 75 illik yubileyini qeyd edən Xalq artisti Tariyel Qasımov hazırda doğulub böyüdüyü Ağstafa rayonunda istirahət edir. Ötən teatr və kino mövsümünü yaradıcılığı üçün uğurlu hesab edən aktyorla söhbətimiz ötənlərə qısa ekskursiya xarakteri daşısa da, yaradıcı yeniliklərindən də kənarda qalmadıq. Ailəsi ilə bağlı suallarımıza ətraflı cavab vermək istəməyən aktyor bəzi sənət və ailə sirrlərini bizim üçün açdı. Teleqraf.com həmin söhbəti təqdim edir.

Uğur, uğurun ardınca...

“Ötən teatr mövsümü mənim üçün çox gözəl və uğurlu keçdi. Həm teatrda, həm də doğulduğum Ağstafa rayonunda mənim 75 illik yubileyim qeyd olundu. Bizim görkəmli yazıçımız İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsərinin səhnələşdirilmiş tamaşasında Muradzadə rolunu oynayıb məzuniyyətə çıxdım. Gözlənilməz və ürəyimcə olan rollardan biri oldu Muradzadə. Bu rolu vaxtilə kinoda Həsən Məmmədov oynayıb. Çox müsbət, ədalətli bir roldur. Kinoda rejissor Fikrət Əliyevin çəkdiyi “Axırıncı dayanacaq” filmində Kazım rolunu oynadım. Rusiyadan gələn serial təklifini isə qəbul etmədim. Orada baş rola dəvət almışdım, amma razılığımı vermədim. Çünki türk qardaşlarımızın əleyhinə olan bir serial idi, mən də xalq artisti olaraq həmin filmdə çəkilmək istəmədim. Doğrudur, həmin serialda Amaliya Pənahova, digər aktyor və aktrisalarımız çəkilib, amma mənə həvalə olunan əsas rol türk ola-ola türklərin əleyhinə gedən bir adamın obrazı idi. Razılaşmadım, bunun şahidləri də var Amaliya Pənahova və digərləri. Halbuki mənə 90 min manat pul verəcəkdilər”.

Həsrətini çəkib, oynaya bilmədiyi rolu

“Oynamadığım və sonradan təəssüfləndiyim rolum olub. O da “Yeddi oğul istərəm”dəki Cəlal obrazıdır. O vaxt “Tacikfilm” kinostudiyasında filmə çəkilirdim. Düşənbədə idim, teleqram vurub məni təcili Bakıya çağırdılar. Gəldim, məlum oldu ki, “Yeddi oğul istərəm” filmi çəkilir və Cəlal roluna rejissor Tofiq Tağızadə məni çəkmək istəyir. Bilirsiniz ki, onun teatr variantında Cəlal rolunu mən oynamışam. Üzüm saqqallı idi və qırxa bilməzdim, çünki “Tacikfilm”lə iki illik müqavilə bağlamışdım ki, saqqalı sərkərdəni canlandıracam və rol gərəyi saqqal saxlayacam. Tofiq müəllim dedi ki, saqqalını qırx, Cəlalı oyna. Saqqalı qırxa bilmədiyim üçün rolu da oynaya bilmədəm. Sonra o rola Ənvər Həsənov təsdiqləndi və gözəl də oynadı. O rol mənim ürəyimdə qaldı”.

Biləcəridən o tərəf...

“İlk filmim 1965-ci ildə çəkildiyim “Liftçi qız” idi. 1969-cü ildə kinostudiyanın dəhlizi ilə gedirdim, bir nəfər mənə yaxınlaşdı. Aktyor olub-olmadığımı soruşdu. Dedi, “Tacikfilm”dən gəlmişəm istəyirəm sizin şəklinizi çəkib Boris Kimyagərova göstərim. Onlar “Rüstəm və Söhrab” filmini çəkirdilər və Söhrab roluna aktyor axtarırdılar. Şəklimi çəkdi və bir müddət sonra teleqram gəldi ki, artıq Söhrab roluna təsdiq olunmuşam. Mən Tacikistana gedəndə yanımda Rafiq Əzimov, Hacı Murad Yedigizarov, Şəfiqə Məmmədova da var idi. Amma onların heç biri rola təsdiqlənmədilər. Bircə mən çəkildim. Film Orta Asiyada məşhurlaşdı və beləliklə, rejissorların məndən xəbərləri oldu. Söhrab rolu mənim xarici ölkələrə çıxış vəsiqəm oldu. Mən “Mosfilm”, Almaniyada “Defafilm”, “Belorusfilm”, “Qazaxfilm”, “Tacikfilm”, “Özbəkfilm və “Türkmənfilm”lə işlədim. Təəssüf edirəm ki, çəkildiyim filmlərin əksəriyyəti Azərbaycanda nümayiş olunmayıb və heç kim də bilmir ki, o cür obrazlar oynamışam. 75 illik yubileyimdə “Özbəkfilm”in haqqımda hazırladığı filmə baxan Aydın Kazımzadə səhnədə belə bir söz dedi: “Ay yoldaşlar, belə bir aktyordan “Azərbaycanfilm” az istifadə edib, balaca epizodda çəkib”. Həqiqətən, məndən o vaxt az faydalanmışdılar, amma buna görə çox pis olmuram, fikirləşirəm ki, özümüzkülər çəkməyib, əcnəbilər çəkib. Əsas odur ki, kinoda yetərincə rol ifa etmişəm. Teatrda isə mənim hələ balaca rolum olmayıb”.

Biz və əcnəbilər

“Xarici ölkələrin rejissorları, yaradıcı heyəti aktyora böyük diqqət və qayğı göstərir. Aktyor üçün hər cür imkan yaradırlar. O baxımdan əcnəbi ölkələrdə filmə çəkilmək aktyor üçün çox rahatdır. Hər cür şərait var, aktyor yalnız rolunu gözəl yaratmalıdır. Bizdə isə səhər saat 8-də çəkilişə çağırıb, axşam saat 8-ə ancaq çəkib bitirirlər. Bütün günü ac-susuz oturursan sənə diqqət yetirən belə olmur. Ona görə də bizim aktyorlar –Həsən, Şahmar, Rasim kimi aktyorlar gözəl rollar oynayıblarsa, demək onların qədrini bilmək lazımdır. Çünki onlar belə şəraitdə obraz yaradıblar”.

“Onda kinorejissorlarımız özlərini dahi sayırdılar”

“1963-cü ildə institutun üçüncü kursunda oxuduğum zaman rəhmətlik Tofiq Kazımov məni Akademik Milli Dram Teatrına çağırdı və bir il orda çalışdım. Daha sonra on manat artıq maaşla Gənc Tamaşaçılar Teatrı məni ora dəvət etdi və belə demək mümkünsə, o pula aldandım. Baxmayaraq ki, mən orda neçə illər baş rolları ifa etdim, ancaq bizim kinorejissorların heç birini Gənc Tamaşaçılar Teatrının zalında görmədim. Bu səbəbdən də rejissorlar mənim yaradıcılığımdan xəbərsiz oldular. Hətta onlar nəinki mənim, Yusif Vəliyev kimi dahi sənətkarı belə filmə az çəkdilar. O vaxt kinorejissorlarımız özlərini dahi sayırdılar, bizim teatra da uşaq teatrı kimi yanaşırdılar. Əbdül Mahmudbəyov ilk dəfə məni “Doğma sahillər” filmində baş rola çəkəndən sonra digər rejissorlar da məni gördülər”.

Haqsızlıqlarla qarşılaşan Yusif Vəliyev

“Yusif Vəliyev dahi sənətkar olmaqla yanaşı çox intizamlı aktyor idi. Ömrü boyu işə gecikməzdi, rola etinasız yanaşmazdı. Onun oynadığı rolu daha heç kim o səviyyədə oynaya bilmirdi. Bütün aktyorlar ona həsəd aparıb, paxıllığını çəkirdilər. Ələlxüsus da onu sevməyən teatrın rəhbərliyi – direktor Məmməd Mərdanov və baş rejissor Ağakişi Kazımov idi. Bir maraqlı hadisə danışacam: günlərin biri günü baş rejissorla direktor yola getmədi. O vaxt kollektiv iki ayrı cəbhəyə bölündü. Teatrda yaradıcılıqdan söhbət getmirdi, intriqa, bir-birinin arxasınca danışmaq baş alıb gedirdi. Aktyorlar sözü bir yerə qoyub nazirliyə müraciət etdi. Məsələni həll etmək üçün Zakir Bağırov gəldi, müzakirə başladı. Yusif müəllimdən soruşanda o da sərt şəkildə dedi: “Onların ikisini də teatrdan qovmaq lazımdır. İkisi bu teatrı tənəzzülə aparır”. Həmin toplantıdan sonra Yusif müəllim cəmi bir il teatrda işləyə bildi. Yusif müəllim rəhmətə gedəndə nə direktor, nə də baş rejissor yas məclisinə gəldi. Düzlüyün tərəfində olduğuna görə onu teatrda sevmirdilər. Amma bütün gənc aktyorlar onu çox sevirdi”.

“75 illik”dən geriyə qalanlar

“75 illiklə əlaqədar keçirilən yubiley tədbirləri ürəyimcə oldu, amma bir az qayğıdan kənarda qaldığımı düşünürəm. Bu da bir az məni sıxır. Bütün hallarda tədbirlər keçirilən zalları tamaşaçıların doldurması qürurverici idi. Bu, mənə olan tamaşaçı sevgisidir, aktyorluqda qazandığım böyük uğurdur. Doğrudur, bunun arxasında xalq artisti, prezident təqaüdü kimi mükafatlar var. Cənab Prezidentimiz məni evlə də təmin edib. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mənim teatr aləmində xidmətlərim həddindən artıq çoxdur. Qazaxda teatr bağlanırdı, mən imkan vermədim. Dağıstanda teatr açılırdı, mən onu yaratdım. Necə ola bilər ki, 50 yaşında Biləcəridən o yana tanınmayan adamlar ordeni ala bilirlər, amma mən ala bilmirəm”.

Ölümü gözə alan iranlı qızdan gələn məktub

“Hamı kimi mən də deyirəm ki, bütün rollar biz aktyorların övladları kimidir. Amma elə rol var ki, aktyora şöhrət gətirir. Maşallah, elə rollar da məndə çoxdur. Teatrda ilk rolum Cəlal olub və o rolla tamaşaçılar məni sevib. Ələlxüsus da gənc qızlar...Həm yaraşıqlı oğlan kimi, həm də Cəlalın taleyinə acıdıqlarına görə... Ardınca Söhrab və “Yadında” tamaşasında oynadığım Zaur rolu gəlir. Təsəvvür edin, sovet dönəmində İran məsələsinin qadağan olunan dövründə iranlı cavan bir qız o rolumu televiziyada görüb mənə məktub yazmışdı. Asılmaqdan, cəza almaqdan belə qorxmamışdı”.

“O məsələ üstüörtülü qalsın”

“Universiteti bitirəndən sonra öz seçimimlə ailə həyatı qurdum. Heç aktyor kimi də şöhrət qazanmamışdım. Bu barədə daha ətraflı danışmayacam. Qoyun, o məsələ üstüörtülü qalsın. Belə şöhrətə çatmağımda ailəmin xidməti böyükdür. Yoldaşım məni qısqanmayıb ki, yaradıcılıqda hər şey yolunda gedib. İstədiyim kimi əcnəbi ölkələrdə çəkilmişəm, səhnədə qucaqlaşmışam da, öpüşməmişəm də. Deyib, sən aktyorsan sənətindir, belə də olmalıdır. Məni olduğum kimi qəbul edib. Bu, böyük xoşbəxtlikdir”.

Nərmin Muradova


Müəllif:

Oxşar xəbərlər