Danimarkalı rejissor Lars fon Trierin “Nimfomanyak” filminin ikinci hissəsi daha əvvəl yayımlanmamış versiyası ilə, tam şəkildə “Venesiya” Film Festivalında nümayiş etdiriləcək. Məşhur rejissor festivalqabağı filmin kəsilmiş səhnələrindən üçünü artıq yayımlayıb.
Türkiyədə “Etiraf” adıyla nümayiş olunması planlaşdırılan, ancaq məhkəmənin qərarı ilə qadağan edilən filmin dünya kinoteatrlarında iki hissəsi də yer alıb.
Bütün dünyada səs-küyə səbəb olan “Nimfomanyak” 50 yaşlarında bir qadının uşaqlığından etibarən kişilərlə olan münasibətlərindən bəhs edir. Filmdə ictimai tabular, əxlaq anlayışı və qadının cəmiyyətdəki yeri, cinsəllik, ailə münasibətləri nəzərdən keçirilir. Burada əxlaq anlayışına başqa pəncərədən baxılır.
Şarlotta Gensbur, Stellan Skarsqord, Steysi Martin, Şaya Labaf, Kristian Sleyter, Ceymi Bell, Uma Turman, Uillem Defo kimi aktyorların çəkildiyi film ilk dəfə “Berlin” Film Festivalında senzurasız təqdim olunandan sonra tənqidçilər tərəfindən yüksək qiymətləndirilsə də, onun müxtəlif ölkələrdəki nümayişinə qadağa qoyulmuşdu.
Film kinoteatrlarda senzura ilə qarşılaşmaqla yanaşı, bu qadağa ilə bağlı müzakirələrə də səbəb olub.
Bir qadının cinsi təkamülünün və özünü ifadə etməsinin əksi olan “Nimfomanyak”da bütün bədii metodlardan istifadə edilib. Musiqi, ədəbiyyat və rəsmin epik bir dillə istifadəsi iç dünyanı açmaqda rejissorun köməyinə çatıb. Bütün bu məqamların mənasını anlamaq isə tamaşaçının öhdəsinə buraxılır.
Lars fon Trierin filmlərində adət edilən təmkinli rəftardan fərqli olaraq, bu filmdə tragikomedik bir ironiyayla qarşılaşmaq mümkündür.
1937.az