29 Aprel 2019 12:59
1 463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com rejissor, kino tənqidçisi, 2017-ci ildə VII Avropa Filmləri Festivalı Kinoresenziya Müsabiqəsinin qalibi olmuş Kamal Yaşarla müsahibəni təqdim edir:

- Öncə fəaliyyətiniz haqqında bizə danışardız, hazırda hansı işlərlə məşğulsunuz, yaradıcılıq necə gedir?

- Uzun illər müxtəlif televiziyalarda çalışsam da, son 3 ildir rəsmən heç bir yerə mənsub deyiləm, müstəqil çalışıram. Sadəcə, davamlı əməkdaşlıq etdiyim layihələr var. Məsələn, “Audiokitab” layihəsi, dublyaj fəaliyyəti kimi. Eyni zamanda əsas peşəm olan rejissorluq fəaliyyətimi də davam etdirirəm. Təbii ki, bu da hansısa layihələr, sifarişlər çərçivəsindədir. Sənədli filmlər, bədii filmlər, bədii-sənədli filmlər, reklamlar, sosial çarxlar və s.

Hazırda Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasının istehsal bazasında çəkdiyim bədii filmin festival hazırlıqları məsələləri ilə məşğulam. Yəni filmin tərcüməsi, subtitrlərin yazılması, poster, treyler və digər məsələlər.

Bundan başqa, bir sifarişli sənədli filmin hazırlıq mərhələsindəyəm.

- Kino sahəsindəki ümumi görüntü necədir, sizcə? Son illər müstəqil şəkildə çəkilən filmlərin keyfiyyətini qənaətbəxş sayırsız?

- Ümumi görüntü budur ki, cəhdlər var, iddialar var və bu, getdikcə artmaqdadır. Neqativlərsə həmişə var, onlara toxunmağa dəyməz, maraqlı deyil. Keyfiyyət birbaşa büdcəyə bağlıdı. Amma yenə də ümidli olmaq lazımdı. Biz hər şeyin ən yaxşı olması üçün çalışmağa həm sevdalıyıq, həm də məhkum.

- Vəsait olsa belə, samballı ssenarilər yoxdur, mövzular bəsitdir. Sizcə bunun səbəbi nədədir?

- “Vəsait olsa” deyirik, amma bizdə o büdcə olmayacaq. Çünki bizdə nə o satış var, nə də o həddə kütləvi tamaşaçı sayı ki, film nümayişdən öz pulunu çıxarsın. Mövzular var, yanaşma yoxdur, zəifdir, axsaqdır. Bunun səbəbi istənilən işin, peşənin arxasında dayanan şəxsin xarakteri, savadı, dünyagörüşü, intellekti, vizyonudu.

Azdısa az, çoxdusa çox nəticə alırıq. Hələlik az olduğuna görə eşşəyi qoyub palanı döyəcləmək lazım deyil, deməli, elə birinci özümüzdədir problem. Böyüməliyik.

- Yeri gəlmişkən, bəzən belə fikirlər səslənir ki, Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin intellektual səviyyəsi aşağı olur.

- Dövlət Mədəniyyət və İncəsənət Universiteti, yaxud digər universitet haqqında həm müsbət, həm də mənfi fikirlər söyləmək olar. Tələbələr xüsusi klassifikasiyaya aid deyil, onlar tələbəlikdən əvvəl də, sonra da cəmiyyətin adamlarıdı.

İncəsənət Universitetində kifayət qədər intellektual tələbələr də var. Təbii ki, tənbəllər də var. Mən Berlin Film Festivalında iştirak edəndə İncəsənət Universitetinin tələbəsi idim.

Hansısa beynəlxalq layihələrdə iştirak edən bacarıqlı tələbələr indi də var. İslahatlardan danışırıqsa, hə, islahata ehtiyac böyükdü. Həm İncəsənət Universitetində, həm də ümumiyyətlə, bütövlükdə təhsil sistemimizdə.

- Məsələ tələbələrdə yox, universitetdədi bəlkə? İncəsənət Universiteti ölkənin ən yaxşı 10 təhsil müəssisəsi arasında deyil, kinoya aid kitablar dilimizə, demək olar ki, tərcümə edilmir, əlçatan deyil tələbələr üçün. Belə halda yaxşı rejissor, yaxşı ssenarist necə yetişəcək?

- Qeyd etdikləriniz ciddi problemlərdir. Əlbəttə, təhsil sistemində problemlər var. Tərcümələrsə yox səviyyəsindədir. Yaxşı ki, sovetlərdən qalan barmaq sayı tərcümələr var. Onlar da kinoya yox, teatra aid ədəbiyyatdı. Yaxşı ssenarist və yaxşı rejissor ancaq öz üzərində işləməklə yetişəcək. Bugünkü şəraitdə başqa yolu yoxdu.

- Cəmiyyətmizdə ədəbiyyatçılar daha ön plandadı, "ağsaqqal" missiyası daşıyırlar sanki, niyə rejissorlar, ssenaristlər, rəssamlar sosial müzakirələrdə öndə deyillər, sizcə? Halbuki şairlərdən daha elmli, bilikli ssenaristlər, rejissorlar var.

- Əslində köhnə nəsildə bir paralellik varıydı və təxminən eyni statusda idilər. Amma kinonun və teatrın böyükləri nadir istisnalar xaric öz eqolarından başqa heç nəyi təmin edə bilmədilər və nəticə etibarilə indiki vəziyyət yarandı - böyüksüzlük, başıpozuqluq. Səbəb budur.

Deyim ki, heç ədəbiyyatda da vəziyyət ürəkaçan deyil. Sadəcə onlar sosial şəbəkələr dövründə ədəbiyyatçı kimi, amma əksərən ədəbiyyatdan kənar mövzularla gündəmə gələ bildilər. Əslində bu, ciddi problemdi. Bizdə normalar yoxdu, o məktəb deyilən şey nədirsə, bax o yoxdu. Yəni tutacaq bir yer, bir nəsnə yoxdu. Gərək hər kəs öz başının çarəsinə baxsın. Belə bir naqolay vəziyyətdəyik. Bizdən sonra nə olacaq, onu Allah bilir.

- Deyəsən ədəbiyyatda olduğu kimi, teatrda da, kinoda da əsas rolu istedad yox, münasibətlər oynayır? Yoxsa belə deyil?

- Bu, elə bir şeydi ki, dünyanın harasına getsəniz deyəcəklər ki, hə, bax bu ciddi problemdi. Məncə, önəmlisi istedaddı. Biz indi o sarıdan da korluq çəkirik. Münasibətlər iki istedadsızı qapasa da, digər ikisi hardansa boy atıb çıxacaq. Məsələ burasındadır ki, vəziyyətdən çıxa biləsi iki istedadımız da yox kimidir, can çəkişir, yaxud varlığıyla-yoxluğu bilinmir.

Bizdə gənc olsun, yaşlı olsun, xaraktersizlik, savadsızlıq, diletantlıq problemi var. Fərdlər şəxsiyyət ola bilməlidi. Şəxsiyyət kinodan və bütün sənətdən üstündü. Elə bu cür olduğu üçün sənəti şəxsiyyət yaradır. Sənət yaranmırsa, deməli, şəxsiyyət yoxdur, bu qədər sadə... Yol gedənlər, cəhd edənlərsə var və bu da ümid, iddia, zəhmət məsələsidir.

- Açıq-saçıq fotolarla gündəmdə olan müğənninin lüks həyat yaşadığı, aktyorun, şairin metroda getdiyi cəmiyyətdə sənətə ömür həsr etməyə dəyərmi?

- Yaxşı sənətçini hansısa gündəm, lüks həyat heç vaxt cəlb etmir. Sənətçinin təminatı olmalıdı, bu, başqa məsələdi.

Sənətçinin iddiası çox böyükdü. O, kainatın, bəşəriyyətin gündəmində qalmaq istəyir…

- Son olaraq, sizcə sonda kapitalizm qalib gələcək, ya sənət?

-Heç biri. Çünki kapitalizm bu dünyaya, bu quruluгşa aiddir. Sənətsə bunun fövqündədi. Sonda yəqin ki, həqiqət qalib gələcək...


Müəllif: Zəhra Rəsul

Oxşar xəbərlər