18 Sentyabr 2014 20:33
1 573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də Milli Musiqi Günü münasibətlə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının beşinci hesabat konserti olub.

AzərTAc xəbər verir ki, konsert proqramından əvvəl Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri, muxtar respublikanın Əməkdar İncəsənət Xadimi Şəmsəddin Qasımov çıxış edərək Naxçıvan Muxtar Respublikasında musiqi sənətinin inkişafının Ümummilli Liderimizin adı ilə bağlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, məhz Ulu Öndərin böyük qayğısı sayəsində 1978-ci ilin sentyabr ayında Naxçıvanda Azərbaycan Bəstəkarlar İttifaqının səyyar plenumu keçirilib və ilk dəfə olaraq burada Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı yaradılıb.

Bu gün Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatına böyük qayğı göstərilir, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafı üçün hər cür şərait yaradılır. 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yaradıcı ziyalılarla görüşündən sonra Azərbaycan Bəstəkarlar İttifaqı Naxçıvan Təşkilatının fəaliyyətində də ciddi dönüş yaradılıb. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı muxtar respublikanın ictimai-mədəni həyatında yaxından iştirak edir, musiqi mədəniyyətimizin zənginləşməsi yolunda səyini əsirgəmir.

Təşkilatın sədri qeyd edib ki, muxtar respublikada musiqi mədəniyyətinin inkişafı üçün zəruri baza mövcuddur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində Naxçıvan Dövlət Universitetində incəsənət fakültəsi yaradılıb və onun nəzdində konservatoriya fəaliyyətə başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Dövlət Uşaq Filarmoniyası və Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestri yaradılıb.

Vurğulanıb ki, bəstəkarlarımızın əməyi layiqincə qiymətləndirilib. Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı üzvlərindən 3 nəfəri Prezident mükafatına, 3 nəfəri isə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülüb. Bu böyük qayğı Naxçıvan bəstəkarlarını doğma Azərbaycanımızın gündən-günə gözəlləşən həyatına həsr edilmiş yeni əsərlər yazmağa ruhlandırır.

Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının 2001, 2005, 2007 və 2012-ci illərdə hesabat konserti, 2008-ci ildə isə 30 illik yubiley konserti keçirilib. Bu gün bu möhtəşəm sənət ocağında Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı sayca beşinci hesabat konsertini keçirir.

Sonra Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının hesabat konserti olub. Konsertdə muxtar respublikada yaşayıb-yaradan bəstəkarlardan Kamal Əhmədovun, Yaşar Xəlilovun, Günay Məmmədovanın, Şəmsəddin Qasımovun əsərləri ifa edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov iştirak edib.

Milli Musiqi Günü münasibətilə muxtar respublikanın rayon mərkəzlərində də tədbirlər keçirilib, konsert proqramları təşkil olunub.


Müəllif:

Oxşar xəbərlər