“Biri var idi, biri yox idi”, “göydən üç alma düşdü” - hamımız həm olan, həm də olmayan birinin göydən endirəcək almaların xəyalı ilə şirin yuxuya getmişik. Hər gecə də eyni həvəslə “can nənə, bir nağıl de” söyləyib yalvarmışıq. Bizə nağıl danışıblar, böyüdükcə də o nağıllara inanmağımızı istəyiblər. İndi isə durum fərqlidir. Uşaqlar hələ uşaqkən o dövrün nağıllarına inanmırlar. Onlara təkcə tülkü, böcək, qarğa maraqlı deyil. Bəs indi uşaq ədəbiyyatının vəziyyəti nə yerdədir?
Teleqraf.com mövzuyla bağlı sualları gənc vloger Sərxan Rüstəmova ünvanlayıb.
Sərxan Rüstəmov son illər uşaq ədəbiyyatı ilə bağlı bəzi məsələlərə toxunub: “Son illərdə uşaq ədəbiyyatı ilə bağlı kifayət qədər kitablar, vəsaitlər var. Əslində, əvvəllər daha çox boşluq var idi, təkcə uşaq ədəbiyyatında deyil, elə böyüklər üçün də. Məsələn, türk, rus, ingilis dilindəki uşaq kitabları daha zəngindir, tərtibatı da yaxşıdır, üz qabıqları daha rəngarəngdir, cəlbedicidir.
Amma son dövrlərdə bu məsələ bizdə də həllini tapır. Nəşriyyatlar üz qabıqlarının dizaynına xüsusi diqqət edirlər. Çeşidlər artır, tərcümələr çoxalır. Məni qane etməyən məsələ isə psixoloji cəhətdən uşağa uyğun olub-olmadığının çox da yoxlanılmamasıdır. Azyaşlı uşaqların psixologiyasına, tərbiyəsinə mənfi təsir edəcək məqamlar çoxdur.
Baxırsan ki, 3-5 yaşlı uşaq üçün nəzərdə tutulmuş kitabdır, amma həmin yaş kateqoriyası uşaqların ümumi psixologiyasına uyğun gəlmir. Uşaq ədəbiyyatında daha bir əksiklik şahmat sahəsindəki vəsaitlərlə bağlıdır. Məsələn, dilimizdə şahmat oyununu öyrədən kitablar, vəsaitlər çox azdır. Eynilə dil öyrənmək məsələsi üçün də həmin çətinliyi deyə bilərik. İstədiyimiz qədər və istədiyimiz səviyyədə deyillər”
Sərxan Rüstəmovun sözlərinə görə, uşaqların valideynləri daha diqqətli olmalıdırlar: “İstər uşaqlar, istərsə böyüklər üçün nəzərdə tutulmuş kitablar olsun, ad çəkməyin tərəfdarı deyiləm. Əsas odur ki, uşaqlarına kitab seçən valideynlər əvvəlcə həmin kitaları özləri oxusunlar, kitabla ətraflı şəkildə tanış olsunlar, kitabın üzərində uyğun yaş göstərilsə də, kitabı oxuyub ondan sonra uşaqlarına oxusunlar.”
Günay Şahmar