Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı davam edir.
Trend AzərTAc-a istinadən xəbər verir ki, sentyabrın 25-də festival çərçivəsində “Ensiklopediya azerbaydjanskoqo muqama” ("Azərbaycan muğamı ensiklopediyası") kitabının təqdimatı keçirilib.
Mərasimi açan Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) sədri, xalq artisti, professor Firəngiz Əlizadə sözügedən ensiklopediyanın Üzeyir Hacıbəyli VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdimatının keçirilməsindən çox şad olduğunu bildirib.
Azərbaycan muğam sənətinin intibah dövrünü yaşadığını deyən ABİ-nin sədri istedadlı xanəndələrimiz tərəfindən muğamlarımızın dünyanın çoxsaylı ölkələrində uğurla ifa olunduğunu və böyük maraqla qarşılandığını diqqətə çatdırıb. Qeyd edib ki, bu sənətin yaşamasında və təbliğində muğam ifaçıları ilə yanaşı, tədqiqatçılarımızın və alimlərimizin də böyük xidmətləri var.
Diqqətə çatdırılıb ki, hələ 2008-ci ildə Heydər Əliyev Fondu tərəfindən nəşr olunan “Muğam ensiklopediyası” ölkəmizdə böyük rəğbətlə qarşılanıb. “Ensiklopediya azerbaydjanskoqo muqama” kitabının nəşri isə rusdilli oxucuların yüksək muğam mədəniyyəti haqqında dolğun məlumat almaları baxımından çox faydalıdır.
Ensiklopediyanın redaksiya kollegiyasının sədri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadır.
ABİ-nin sədri Firəngiz Əlizadə vurğulayıb ki, Heydər Əliyev Fondunun mədəniyyətimizin inkişafı və təbliği istiqamətində layihələri sırasında “Muğam aləmi” xüsusi yer tutur. Bu layihə çərçivəsində artıq üç dəfə Beynəlxalq Muğam Festivalı keçirilib.
Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatları - akademiklər İsa Həbibbəyli, Rafael Hüseynov, “Bolşaya Rossiyskaya Ensiklopediya” nəşriyyatının musiqi redaksiyasının müdiri Olqa Frayonova, akademik Vasim Məmmədəliyev və başqaları çıxış edərək nəşrin əhəmiyyətindən söz açıblar.
Diqqətə çatdırılıb ki, “Ensiklopediya azerbaydjanskoqo muqama” mədəniyyətimizin, muğam ifaçılarımızın dünyada tanıdılması istiqamətində atılan çox mühüm addımdır.
Çıxışlarda bu ensiklopediyanın başqa dillərdə də nəşr edilməsinin vacibliyi, müvafiq sahədə işlərin davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Nəşrin redaksiya kollegiyasına əməkdar incəsənət xadimi Sürəyya Ağayeva, xalq artistləri - professorlar F.Əlizadə, Ramiz Zöhrabov, əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov, Azərbaycan Milli Ensiklopediyasının elmi-ədəbi nəzarət və biblioqrafiya elmi mərkəzinin rəhbəri Elmira Məmmədova, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Tofiq Nağıyev, “Bolşaya Rossiyskaya Ensiklopediya” nəşriyyatının musiqi redaksiyasının müdiri O.Frayonova daxildirlər.
Ensiklopediya əməkdar incəsənət xadimi S.Ağayevanın “Azərbaycan muğam sənəti” sərlövhəli məqaləsi ilə başlanır. Məqalə muğam sənəti tarixini, onun janr kimi formalaşması, Yaxın və Orta Şərqdə bu sənətin çiçəklənməsi, muğamın poeziya, din ilə əlaqəsi, muğam ifaçılığı, müasir dövrdə muğam sənəti və digər məsələləri əhatə edib.
“Şərq-Qərb” nəşriyyatında çapdan çıxmış bu nəşrdə əlifba sırası ilə 700-dən artıq məqalə yer alıb. Bu məqalələrdə muğamın tarixi və nəzəriyyəsi, muğam sənətinin mürəkkəb terminlər sistemi və anlayışlar öz əksini tapıb. Məqalələrin əhəmiyyətli bir hissəsi yaradıcılığı muğam sənət ilə bağlı olan ifaçılara, bəstəkarlara, şairlərə, rəssamlara, alimlərə həsr edilib. Həmçinin orta əsr musiqiçilərinə xüsusi diqqət ayrılıb. Kitabda müasir muğam layihələri, o cümlədən 2009-cu ildən Bakıda həyata keçirilən “Muğam aləmi” beynəlxalq muğam festivalları qırmızı xətlə keçir. İllüstrasiya silsiləsi, o cümlədən qədim traktatlardan fraqmentlər rus dilində olan nəşrdə ilk dəfədir ki, yer alıb. Ensiklopediya musiqişünaslar, şərqşünaslar, muğam sənəti, Azərbaycanın mədəniyyəti ilə maraqlanan geniş oxucu kütləsi, həmçinin musiqi və mədəni-maarif təhsil müəssisələri üçün nəzərdə tutulub.