Aktrisa: “Köməksiz bu sənətdə irəliləmək olmur”
Bu il “Ən yaxşı teleserial aktrisası” adına layiq görülən Rada Nəsibova uzun illər teatrda fəaliyyət göstərsə də onu geniş tamaşaçı kütləsi seriallarda ifa etdiyi rollarla tanıdı. O, “Qaynana”dakı Səqadətlə uşaqlı-böyüklü hər kəsin qəlbini fəth edib. Hazırda isə “Bir ailəm var”dakı Nazlının acı taleyini ekran qarşısındakı tamaşaçılara gözəl aktyorluq ifası ilə çatdırır.
Amma öncə qısa arayış: Rada Nəsibova 29 oktyabr 1982-ci ildə Gəncə şəhərində anadan olub. 2001-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinə daxil olub, 2005-ci ildə oranı prodüserlik ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2002-2007-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında aktrisa vəzifəsində çalışıb. 2007-ci ildən indiyədək Azərbaycan Dövlət Akademik Milli Dram teatrının aktrisası olaraq fəaliyyət göstərir. 2002-ci ildən bu günə kimi 20-ə yaxın filmdə və bir neçə serialda oynayıb. Bu siyahıda “Bir anın həqiqəti”, “Mənim üçün varsan”, “Gəlmişəm ki, deyəm gəlməyəcəyəm”, “Cavad xan”, “Gürzə”, “Qaydasız döyüş” (serial), “Yaddaş”, “Bulağıstan”, “100 000 AZN”, “Sarı gəlin”, “Ünvansız eşq”, “İstanbul reysi” “Aramızda qalsın”, “Qaynana” , “Bir ailəm var”ın adlarını çəkmək olar.
Arzular bizi hara aparır?
“Uşaq yaşlarımda düşünürdüm ki, böyüyəndə həkim olacam. Məktəbi bitirənə qədər bu arzu ilə yaşayırdım. Sonra birdən-birə fikrim dəyişdi. Bir filmdə bir aktrisanın oyun tərzindən sonra aktrisalığa həvəs göstərdim və bu arzumun arxasınca getdim. Kitab, ən çox da bədii ədəbiyyat oxumağı sevirdim. Romanlardakı bəyəndiyim qəhrəmanlarda özümü təsəvvür edirdim. Hər əsərdə təmiz, məsum qəhrəmanları bəyənmişəm.
Sənədlərimi Mədəniyyət və İncəsənət Universitetinə verdim, “Kulturologiya” fakültəsinin qiyabi şöbəsinə daxil oldum. Qiyabi oxumağa məcbur idim, çünki Gəncədə doğulan, orda böyüyən bir qız təhsil almaq üçün Bakıya gəlməli və burda bütün çətinlikləri dəf etməli idi. Universitetdə təhsil ala-ala, həm də işləməyə məcbur idim. O zaman da aktyorluq ixtisasında qiyabi şöbə yox idi. Təhsil aldığım dövrdə aktyor və rejissor sənətinin incəliklərini də bizə öyrətdilər. Amma teatr təcrübəmi teatrda işləyə-işləyə qazandım. İlk dəfə teatrda işə başlayanda 16 yaşım var idi. Hələ o zaman universitetdə oxumurdum. İş üçün Gəncə Teatrına müraciət etdim. Teatra qəbul olunduğum gündən müxtəlif tamaşalarda oynadım. “Ağakərim xan Ərdəbili” tamaşasında Leyla, “Nəsrəddin” tamaşasında Pəri, “Oqtay Eloğlu” əsərində Sevər obrazları bu sıradandır. Tələbə idim, neçə yerə birdən qaçırdım ki, yaşadığım evin kirayəsini ödəyə bilim. O vaxtlar Muğam teatrına gedirdim. Bir müddət İrəvan Teatrında da işlədim və orda həmişə əsas rollar oynadım. Akademik Milli Dram Teatrına qəbul olunmaq bir az çətin idi. Baxmayaraq ki, teatrlarda, televiziya tamaşalarında əsas rollar ifa etmişdim, amma burda sıfırdan başladım. Teatra gələndən kütləvi səhnələrə çıxırdım, hətta bir neçə il maaşsız işlədim. Özümü sübut edənə qədər dözürdüm, fikirləşirdim ki, burda böyük sənətkarların əhatəsindəyəm və gələcəkdə hər şey yaxşı olacaq"
Bakı
“Bakıya ilk dəfə gələndə qəribə hisslər keçirirdim. Təsəvvür edin, özgə şəhərdən gələn bir qızın Bakıdakı çətinlikləri, qorxuları... O zaman çox şeylərdən xəbərsiz idim”.
Teatr
“Teatrı çox sevirəm. Yaşıdlarım içərisində inanmıram ki, mənim qədər teatra bağlı kimsə olsun. Bütün teatrların tamaşalarına baxıram. Pis tamaşada belə yaxşını görməyə çalışıram. Özüm tamaşaçı kimi tamaşaya baxanda aktrisa olduğumu unuduram. Oradakı sözlərə o qədər aludə oluram ki, bəzən onlarla bərabər ağlayıram, bəzən gülürəm, bəzi hadisələri öz həyatımla tutuşdururam. Tamaşaya baxıb özüm üçün nəticələr çıxarıram. İnanın, məşqim, tamaşam olmayanda da teatra gəlib, qrim otağında oturub, axşam tamaşaya baxıb, elə bilirəm ki, özüm oynayıram. Teatr məktəbdir, məbəddir. Biz hər birimiz teatrda öyrəndiklərimizi, qazandıqlarımızı serialda, kinoda xərcləyirik. Teatrın tamaşaçısı bir az zəifdir. Gəlmirlər, tamaşalara baxmırlar. Amma əgər tamaşaçılar gəlsələr teatr da populyarlıq gətirər. Çünki vaxtilə yaşlı nəsil sənətkarlar deyirdilər ki, teatrda anşlaqla keçən tamaşalar olurdu, tamaşaçıların sevgisi var idi. Bu gün bir az internet, bir az telekanalların çox olması tamaşaçıların teatra marağını azaldıb”.
“Azdrama”
“Azdrama”da islahatlar aparılır. Əgər əvvəllər teatrda ştatda olan rejissorlar tamaşalara quruluş verirdisə, İsrafil müəllim gələndən sonra gənc rejissorlara müraciət olundu. Məsələn, Mikayıl Mikayılov, Nicat Kazımov, İradə Gözəlova, Gümrah Ömər və başqaları. Aktyorların müxtəlif rejissorlarla işləməsi onların da inkişafına kömək edir. İdeal alınan tamaşalar, onunla nisbətdə zəif alınan tamaşalar da olur. Bundan başqa İsrafil müəllim teatra gələndən bəri, həm rollar, həm maaş düzəlib. Əlbəttə, maaş o qədər də yüksək deyil. Cavan aktyorların əksəriyyəti bu səbəbdən heç ailə də qura bilmirlər. İndi yaxşı olan cəhət bilirsiniz nədir? Əgər mən Şeksprin “Maqbet” əsərində Maqbet rolunu ifa etmək istədiyimi ərizə ilə rəhbərliyə çatdırsam, bilirəm ki, İsrafil müəllim buna şərait yaradacaq. Əvvəllər belə arzular ürəyimdə qalırdı. Təsadüf nəticəsində mənə rol verilə bilərdi. Amma indi əsər bolluğu var, aktyor o tamaşadan bu tamaşaya qaçır. Sadəcə, mən bu il teatrla bir az məşğul oldum. Bu baxımdan çox yaxşıdır. Heç bir aktyor deyə bilməz ki, mənə rol verilmir, şərait yaradılmır".
Populyarlıq
“Mən bu sənətə populyar olmaq üçün gəlməmişdim. Sənətə yenicə gəldiyim vaxtlar idi, bir müəllimim məni sorğu-suala çəkirdi. İndi onun sözlərini xatırlayıram. O deyirdi ki, ola bilər sən bu sənətə populyar olmaq üçün gəlmisən. Seriallara, kinolara, tamaşalara baxırsan, bahalı geyimlər, avtomobillər, villalar görürsən, həvəslənirsən. Amma sənət kənardan göründüyü kimi deyil. Üstəlik sənət qazanc mənbəyi də deyil. Hamı bilir ki, bizim qazancımız çox azdır. Qazancımız tamaşaçı alqışı, mənəvi zövqdür. Əgər iki tamaşaçı tamaşadan nəsə öyrənə bilirsə, bu bizim qazancımızdır”.
Peşmanlıq?
“İnsan bəzən xəyallara, arzulara qərq olur, ümidlə yaşayır. Amma çətinliyi görəndə başa düşürsən ki, heç də hər şey sənin istədiyin kimi deyil. Peşmanlıq hissi keçirsən də, pəjmürdə olsan da bu sənətə sevgimizdən yenə də səbir edirik, dözürük. Ümumiyyətlə, bizdə aktrisa olmaq daha çətindir. Başqa dövlətlərdə sevgi və sənətə diqqət var”.
“Gecə yatıb, səhər başqa adam ola bilərsən”
“İnamlı insanam. Həyatda mümkünsüz heç nə yoxdur. Bir anın içərisində hər şey dəyişə bilər. Gecə yatıb, səhər başqa adam ola bilərsən. Bir təkliflə həyat tamamilə dəyişə bilər. Mənim yaradıcılığımda dönüş edən obraz ”Qaynana"da oynadığım Sədaqət rolu oldu. O zamana kimi hamı mənə dramatik rollar həvalə edirdi. Hətta yaşımdan böyük rollar da ifa edirdim. Sədaqət rolunu ifa edəndən bəri özümdə bir yüngüllük yaranıb. Ağır rollar özü ilə bərabər ağır ab-hava gətirir. Sədaqətlə mən komediya janrında oynaya biləcəyimi də sübut etdim. Məni özləri dəvət etdilər, amma bəzilərinin sual dolu baxışlarını da hiss etdim. Mənim xoşbəxtliyim ondadır ki, həmişə əsəri ilk oxunuşdan tuturam. Onlar deyirdilər ki, reytinq gətirən aktrisalardanam. Sədaqət çox saf obrazdır o qədər gözləri “kor”dur ki, sevdiyi insanın onu aldatdığını görə bilmir. Onun geyinib-bəzənməyi də uşaq kimidir. Muncuqları çox sevir, geyimi ala-bəzək. Axı normal adam həyatda elə geyinmir. Hər dəfə bir şeylər tapırdım, reallıqdan uzaq bir xarakter yaratmaq istəyirdim və bu, məncə alındı. O rol mənim komediya obrazlarını oynaya biləcəyimi göstərdi. Mən Allahın göndərdiyi şanslara inanıram. Bilirsiniz, çox sakit biriyəm. Sənətə gəldiyim vaxtlar bu sakitliyim, məsumluğum çoxlarının xoşuna gəlirdi. Rejissorları bu keyfiyyətimlə yanaşı üz cizgilərimin milliliyi də cəlb edirdi. Ümumiyyətlə, həmişə əhatəmdə yaxşı insanlar olub. Köməksiz, dəstəksiz bu sənətdə irəliləmək olmur".
“Çətin həyat yaşamışam”
“Çox həssas və kövrəyəm. Yaşadığım hər şeyi: sevincimi, kədərimi simamdan oxumaq olur. Bir sözlə, gözlərim hər şeyi ifşa edir. Özüm də çətin həyat yaşamışam. Anam xəstə olub, tək oxumuşam. 16 yaşımdan etibarən işləyib özüm-özümü dolandırıram. Heç vaxt kiməsə ağız açmaram. Bu keyfiyyətlər belə rolları ifa etməyimə yardımçı olur”.
Gözəllik
“Nəsillikcə bizdə dəri qırışı olmur, hamımız bədən baxımından incəyik. Var qüvvəmlə kökəlməməyə səy göstərirəm. Fikrimcə, bunu bacarsam, heç vaxt əməliyyata ehtiyac duymaram. Üzümə isə təbii yollarla qulluq edirəm. Ümumiyyətlə isə sənətimə görə əməliyyata razılıq verərəm. Yeganə kompleksim burnumla bağlıdır. Avtomobil qəzası keçirdiyimdən burnumda sınıq var. Sadəcə, burun əməliyyatı bir az təhlükəlidir, fəsadları çox olur. Bu, məni bir az qorxudur”
“Sevdiyim adam var”
“Məncə, hər bir qadın arzu edir ki, onun gözəl, xoşbəxt ailəsi olsun. Hər bir qadın istəyir ki, inandığı, güvəndiyi bir kişi ilə yaşasın. Həyatımda sevdiyim biri var. Karyera və ailə - bəzən sual verirlər ki, seçim qarşısında qalsanız, hansını seçərdiniz. Mən heç vaxt belə bir seçimlə qarşılaşmamışam. Əgər seçim etmək lazım gələrsə yəqin ki, ailəni seçərəm. İstənilən halda məncə hər bir qadın sevdiyi şəxsi itirməkdən qorxur, mən də həmçinin. Bilirsiniz, sevgi həm gözəl hissdir, həm də bir o qədər yaxşı hiss deyil. Sevməyəndə göz yaşından, qısqanclıqdan, problemlərdən uzaqsan. Əslində sevgi kənardan çox gözəl görünür, amma adamın öz başına gələndə...(Gülür)”.
Nərmin Muradova