Bu gün xalq artisti Səkinə İsmayılovanın 65 yaşı tamam olur.
Xalq artisti ad günü ərəfəsində Teleqraf.com-un qısa suallarını cavablandırıb.
- Özəl gününüzdə təəssüratlarınız necədir?
- Təəssüratım çox gözəldir, dillə deyiləsi deyil... Vaxtilə çox ilklərə imza atmışam, qavalla səhnəyə çıxmışam. İranın qadağalı dövründə orada səhnəyə çıxan ilk xanım xanəndə olmuşam. Bu gün doğum günümdə çox gözəl hava var, qar yağır. Çox sevinirəm. Bir də ona görə qürur hissi keçirirəm ki, zəfər çalan ölkənin xanəndəsiyəm. İllərdir arzusunda olduğum torpaqlarımızın azad edilməsinin sevinci ilə yaşayıram.
Fəxr edirəm ki, bu xalqın xanəndəsiyəm. Doğum günümü sevinc hissi ilə qeyd edirəm. Dövlətimin, xalqımın sevgisi mənə hədiyyədir. Xoşbəxtəm ki, dövlətim,xalqım məni sevir. .
- 65 yaşınızı necə qeyd edirsiniz?
- Doğum günümü ailəmizlə qeyd edəcəyik. Bir ildir efirlərə çıxmıram, mənim üçün əl-qol qaldırıb, oynamaq ayıb olardı. Ürəyim açılmırdı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Onlara borcluyuq.
Ad günü ərəfəsində efirə çıxıb, xalqımı qələbə münasibəti ilə təbrik edəcəkdim. Amma qarlı havaya görə gedə bilmədim.
- Sizi həmkarlarınızdan kimlər təbrik etdi?
- Muğam dünyasında nə qədər sənətkar tanıysınızsa, hamısı məni təbrik etdi. Hətta kinorejissorlar, dramaturqlar, şairlər də mənə təbrik ünvanladılar.
- Sizin üçün yaşın anlamı nədir?
- Mənim üçün yaşımın anlamı Allahın bəxş etdiyi ömürdür. 65 yaşım var, bu ömrü mənə Allah qismət edib. Həyatı sevən və başa düşən üçün kamillik zirvəsidir. Əsl insani keyfiyyətləri olan adamdan söhbət gedir. Bizim sənətimiz çox çətindir, amma yaşadığım illərə nəzər salanda şükür edirəm.
- Sənətkar kimi sənətinizin zivəsindəsiniz. Xanım kimi necə, xoşbəxtsinizmi?
- Xanıma nə lazımdır?.. Məni başa düşən, sevən həyat yoldaşım var. İllərdir mənə dəstəkdir. Daim qayğı və sevgisi ilə xalqımın qarşısına çıxıram. Sənətkar evdən sevgi ilə çıxmalıdır.
- Hansı arzularınız var?
- Arzudan arzular doğur. Allah yaşamaq qismət edər və arzullarımızı reallaşdırarıq.