1 Noyabr 2014 17:06
3 863
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdir əməkdar artist Tünzalə Ağayeva ilə çalışan prodüser Yalçın Cabbarov Azərbaycanda bu sahənin fəaliyyətindən danışıb.

O, Teleqraf.com-a açıqlamasında bildirib ki, Azərbaycanda prodüser fəaliyyəti ilə məşğul olan və bu istiqamətdə müntəzəm axtarışlar aparan insanların sayı çox azdır: “Onların arasında Anar Mədətovun adını çəkə bilərəm. Onu ölkəmizdə prodüserliyin bünövrəsini qoyanlardan biri hesab etmək olar. Uzun müddətdir ki, bu sektordadır, bir neçə müğənninin irəli getməsinə dəstək olub. Nigar Hacızadə ilk şəxslərdəndir ki, müğənninin bütün yaradıcı fəaliyyətinin təşkilatçılığı ilə məşğuldur. Toliki də bu siyahıda qeyd edə bilərəm. Çünki, həqiqətən, bir neçə müğənni məhz onun dəstəyi ilə üzə çıxıb. Roland da çox aktivdir”.

O bildirib ki, artıq beş ilə yaxındır ki, prodüser adından imtina edib. Bu qərarının səbəblərini Yalçın Cabbarov belə izah edib: “Prodüser sözünün əsl açıqlamasının nə olduğunu bildiyimə görə bu işə çox məsuliyyətlə yanaşıram. Hərçənd ki, indiki halda mən özümə tam arxayınlıqla prodüser deyə bilərəm. İşimin prodüser fəaliyyətinə yaxınlığının səbəbi Tünzalə Ağayevadır. Tünzalə xanım Azərbaycan estrada musiqisinə gəlməsəydi, mənim də bu sektorda işim olmazdı. Hər şey ”Bakı payızı" müsabiqəsindən başladı. Müsabiqədən sonra o, dəstək üçün mənə müraciət etdi və biz belə bir fikrə gəldik ki, birgə çalışaq. Neçə illərdir ki, bərabər işləyirik, bir-birimizə hörmət edirik, həm çox yaxın dostuq, həm də iş baxımından fikirlərimiz uyğun gəlir. Tünzalə xanımın hər bir addımı mənim tərəfimdən kontrol olunur. Bu, şərt deyil, amma ikimiz də bunun belə olmasını istəyirik. Müğənni ilə prodüser də bir-birinə uyğun gəlməlidir. Əks təqdirdə bir neçə aydan sonra müğənni prodüserdən ayrılır. Hərtərəfli uyğunluq uzunmüddət bərabər çalışmaya gətirib çıxarır". Tünzalə ilə yanaşı, bir neçə müğənniyə işlərində yardımçı olduğunu deyən Y.Cabbarov onların adlarını açıqlamaq istəmədi: “Son on il ərzində iki-üç müğənni ilə müqavilə imzalayıb, onlara fəaliyyətlərində dəstək olmuşam. Amma adlarını çəkməyəcəm, çünki mən özüm də onlardan adımın çəkilməsini istəməmişəm. İşimə görə də maliyyə almışam. Yəni buna kommersiya xarakterli layihələr demək olar. Bu vaxta kimi mənə uzunmüddətli çalışmaqla bağlı çox müraciətlər olub, hətta pul da təklif ediblər. Amma imtina etmişəm”.

Pərvin


Müəllif:

Oxşar xəbərlər