21 Noyabr 2014 15:36
2 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaman o zaman idi ki, Mirzə Məhəmməd xan xanlıqlararası çəkişmələrdən xilas olmaq üçün Bakıdan Qubaya köçməli olur, yeddi yaşlı oğlu Abbasqulunu da özü ilə aparır.

Beləliklə, 1794-cü ildə Bakının Əmircan kəndində doğulan Abbasqulu Qubanın Əmsar kəndində ilk təhsilini almağa başlayır.

Biz də eyni yolu gedərək Bakıdan Əmsara yollandıq…

Şəhərlərdən üstün kənd

Qubanın mərkəzindən Əmsar kəndinə taksi ilə 5-10 dəqiqə arası yoldur. Kəndin mərkəzində tarixin keşikçilərindən olan ağsaqqallardan muzeyin yerini öyrənib oraya yollandıq.

...Muzeyin girəcəyində Bakıxanovun büstü qoyulub. İçəri çox soyuq olduğuna görə, kurtkamızı soyunmayıb bələdçimiz Sevil Yusiflinin müşayiəti ilə qoyulan əşyalara nəzər yetirdik.

“II Mirzə Məhəmməd xanın dayısı Fətəli xan Qubanın Əmsar kəndini onlara mülk kimi bağışlayıb. Abbasqulu ağa da ilk təhsilini burada alıb, ərəb-fars dillərini öyrənib. 1819-cu ilin sonlarında general Yermolovun dəvəti ilə Tiflisə gedib, orada mütərcim vəzifəsində çalışıb, polkovnik rütbəsinə qədər yüksəlib. Ədəbi yaradıcılıqla məşğul olub. Avropanın bir çox ölkələrini gəzib, Polşada olub. Amma daim Əmsarı yada salıb. Özünün “Xəyalın uçuşu” adlı poemasında qeyd edir ki:

“Qüdsi xoşdur, Əmsar adlı məskənin
Şəhərlərdən çox üstündür sənin öz kəndin”.

IMG_8750
220 illiklə bağlı tədbirlər

Sevil xanımın dediyinə görə, muzeyin açılışında Azərbaycanla yanaşı Dağıstandan da nümayəndələr iştirak edib:

“Muzeyimiz 1999-cu il iyulun 7-də açılıb. Muzey Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılıb. Açılışda o dönəmin Mədəniyyət naziri Polad Bülbüloğlu, Dağıstanın Mədəniyyət naziri, incəsənət xadimləri, Tofiq Bakıxanov iştirak edib. Bildiyiniz kimi, bu il Prezident Bakıxanovun 220 illiyi ilə bağlı sərəncam verdi. Buna uyğun olaraq iyul ayında 220 illiklə bağlı tədbir keçirildi. Tofiq Bakıxanov da gəlmişdi. Həmçinin 220 illiklə bağlı Qubada konfranslar keçirilib. Bağçalardan, məktəblərdən, universitetlərdən, kəndlərdən, digər rayonlardan ekskursiyaya gələnlər çoxdur. Bu yay BDU-dan tələbələr gəlmişdi. Xaricdən qonaqlarımız olur, çəkilişlər çox olur. Yubileylə bağlı Bakıxanovla bağlı kitablar çap edilib. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov burada olub, muzeyə kitablar hədiyyə edib”.

IMG_8789
Mirzə Şəfinin sayğısı

Bakıxanovun əsas fəaliyyəti Tiflislə bağlı olub. O, “Tiflis” adlı müxəmməsində şəhərin gözəlliyindən söz açıb. Həmin vaxt Tiflisdə müəllim kimi fəaliyyət göstərən Mirzə Şəfi Vazeh “Divani-hikmət” adlı ədəbi məclis yaratmışdı. Bu məclisə gələnlərdən biri də Bakıxanov idi. Biz bu haqda Vazehdən şərq dillərini öyrənmək üçün Almaniyadan gələn tələbə Bodenştedtin xatirələrində oxuyuruq.

Bodenştedt yazdığına görə, Tiflisdə tanış olduğu adamlar içərisində biliyinə və vəzifəsinə görə seçilən şəxs Bakı xanlarının nəslindən Abbasqulu xan olub. O, Abbasqulu xanın Rusiyaya böyük məhəbbəti olan, əsərlərinin gücünə görə tənqid edilə bilinməyən şəxsiyyət olduğunu söyləyir, Şəfinin yaratdığı “Divani-hikmət” məclisində onun fikirlərinə qulaq asdığını, Abbasqulu xanın “Fatma tar çalır” şeirini ondan yadigar olaraq özünün yazmasını xahiş etdiyini qeyd edir:

“Abbasqulu xan otaqdan çıxanda Mirzə Şəfi qarşısındakı şüşəni götürüb özünə şərab süzdü və içəndə mən soruşdum:

- Sən xanın yanında niyə içmədin, Mirzə Şəfi
- O, dindar adamdır. Dindarlar şərab içmirlər.
- Sən də ancaq onun dindar olduğuna görə içmədin?
- O, məndən yaşlı, həm də rütbəcə böyük adamdır. Mən onun yanında içsəm, onu təhqir etmiş olardım”.

Bodenştedtin xatirələrindən də aydın olur ki, Abbasqulu ağa Tiflisdə sayılıb seçilən, hörmət qazanan insanlardan olub.

IMG_8786
Rus yazıçıları ilə dostluq

Muzeydə Bakıxanovun Qriboyedovla təsviri var. “Ağıldan bəla”nın müəllifi A.S.Qriboyedov əsərlərini yazarkən ilk variantını Bakıxanova oxuyur, onun fikirlərinə önəm verirmiş. Bakıxanov rus yazıçılarının əsərlərini sevir, onlarla münasibət qururdu.

“Varşavada Puşkinin ailəsi ilə görüşüb. Puşkinin bacısı ilə yaxın dostluq əlaqələri olub. Puşkinin bacısından, Puşkinin anasına məktub gətirib”. – Sevil xanım deyir.

Bakıxanovun bizə gəlib çatan əsərləri içində “Riyazül-Qüds”, “Mişkatül-ənvar”, “Qanuni-Qüdsi”, “Əsrarül-mələkut”, “Kəşfül-Qəraib”, “Eynəl-mizan” və başqaları var.

“Əsrarül-mələkut” əsərinin maraqlı tarixçəsi var. Bu əsərində Bakıxanov Yeri kainatın mərkəzi sayan geosentrik nəzəriyyəyə qarşı çıxaraq, Kopernikin müdafiə etdiyi heliosentrik nəzəriyyəni dəstəkləyir.

IMG_8801
Sultana təqdim edilən kitab

Bakıxanov Məkkə səfərinə çıxarkən 1832-ci ildə yazdığı bu əsərini də özü ilə aparıb, 1846-cı ildə Osmanlıda Sultan Əbdülməcidə təqdim edib. Sultanın göstərişi ilə bu əsər türk alimi Həyatizadə Seyid Şərif tərəfindən türk dilinə tərcümə edilərək nəşr edilib. Bakıxanov bu əsəri fars dilində yazsa da, fars dilində nüsxə günümüzə çatmayıb.

“Təəssüf ki, Bakıxanov Məkkəyə səfər edərkən yolda vəba xəstəliyinə düçar olub, Vadiyi-Fatimə adlı yerdə dəfn olunub”.

IMG_8788
Evinin kərpiclərindən ev tikildi

“Bakıxanovun özü haqqında eksponatımız yoxdur. Bakıxanovun evi Ağ çayın sol sahilində yerləşib. Son dönəmlərə qədər həmin ərazi Ağa bağı adlanıb. Sonra isə o ərazidə kənd salınıb. Evi uçulub. Amma kənddə bir neçə ev var ki, Bakıxanovun evinin kərpicindən tikilib. Bakıxanovun anası Sofiya xanım müsəlmanlığı qəbul etmiş gürcü qızı idi”.

IMG_8773
Bakıxanovlar

Muzeydə Bakıxanovların sonrakı nəsillərinə aid kitablar da sərgilənir. Bakıxanovun nəticəsi, bəstəkar, xalq artisti, professor Tofiq Bakıxanovun, nəvəsi, tarzən, pedaqoq, musiqi xadimi, xalq artisti Əhməd Bakıxanovun kitablarını qeyd etmək olar. Həmçinin Bakıxanıvun özünə aid köhnə əlifba ilə olan kitablar sərgilənir.

IMG_8879
Səkinə xanım məscidi

Qubanı gəzərkən Səkinə xanm məscidində də olduq.

“Səkixanım Bakıxanovun həyat yoldaşı olub. Məscidin tikintisinə Bakıxanov özü başlayıb, lakin Məkkəyə gedərkən vəfat etdiyinə görə Səkinə xanım özü davam etdirib. Məscidin döşəməsi daş plitələrlə örtülüb, tavanı dörd böyük sütun üzərində dayanıb. Minbər qoz ağacından düzəldilib və səkkizpilləlidir. Məscidin interyeri çox nəfis şəkildə işlənib. Yerdən günbəzədək 9 metrdir. Günbəzin diametri 4,5 metrdir. Damı və günbəzin üstü dəmir təbəqə ilə örtülüb. Sovetlər dövründə tikiş fabriki kimi istifadə olunub. 1991-ci ildən məscid fəaliyyətə başlayıb. 1992-ci ildə məsciddə təmir işləri aparılıb”.
Muzeyin içərisində həmçinin XIX əsr ab-havasına uyğun olaraq müxtəlif məişət əşyaları, şamdanlar, qablar qoyulub, “Gülüstan” məclisinin maketi hazırlanıb.

IMG_8791
Tarixşünaslığımızın gülüstanı

Azərbaycan Tarix institutu Bakıxanovun adını daşıyır. Çünki Bakıxanov həm də Azərbaycan tarixini ilk dəfə sistemli yazan şəxs idi. Onun ən məşhur əsəri olan “Gülüstani-İrəm” Azərbaycan və Dağıstan xalqlarının tarixinə aid olan ən böyük elmi əsəridir.

Gülüstani-İrəm"in müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırıb və buna əsasən də əsərini 5 fəslə bölüb: İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr; Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər; Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr; Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər; Nadir şahın vəfatından "Gülüstan" adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər.

Dilqəm Əhməd

Foto: Mülkədar Rüstəmov

Yazı “Bakcell”in maliyyə dəstəyi ilə hazırlanıb


Müəllif:

Oxşar xəbərlər