19 Noyabr 2022 17:51
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dəvəti ilə Azərbaycanda qonaq olan Özbəkistandan gələn professor və müəllim heyəti Sumqayıt şəhərində Əli Kərim adına poeziya evində şəhərin ədəbi cameəsinin üzvləri ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, Əli Kərim adına Sumqayıt Poeziya evinin direktoru, şair İbrahim İlyaslı qonaqları salamlayaraq, Azərbaycan –Özbəkistan ədəbi əlaqələrinin qədim köklərindən, ortaq dilimizdən və bu dili və dostluğu zaman-zaman qoruyan Özbəkistanın və Azərbaycanın ədəbiyyat xadimlərinin bu yolda göstərdiyi xidmətlərdən danışıb.

Tanınmış şairə, “Şöhrət” Ordenli Ofelya Babayeva öz çıxışında bu gün türkdilli ölkələrin ədəbiyyat, incəsənət xadimlərinin və siyasi liderlərinin görüşməsinin əhəmiyyətini qeyd edərək bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistana sonuncu rəsmi səfəri zaman Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə tərcüməçi olmadan danışmağı təklif etməsi Türk Dövləti Təşkilatlarının yaxın zamanlarda öz istək və arzularını yerinə yetirəcəklərinə verilmiş ciddi mesajdır: "Biz də öz ədəbi əlaqələrimizlə böyük ədiblərimiz kimi töhfələr verməliyik".

Özbəkistanın böyük klassik şairi Əlişir Nəvainin irsininin araşdıran AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Azərbaycan-Türkmənistan - Özbəkistan ədəbi əlaqələr" şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi Binnətova vurğulayıb ki, iki qardaş dövlət başçısının görüşündən sonra o da bir alim kimi Özbəkistanın “Dostluq” Ordeninə layiq görülüb. Onun sözlərinə görə, türkdilli xalqların ədəbiyyatı, ədəbi əlaqələri, ədəbi təsiri və türkdilli xalqların ədəbi əsərlərinin uyğun dilə çevrilməsi hər zaman rəhbərlik etdiyi şöbədə gözəl nəticələr verib: "Bu gün yetişən gənc alimlər türkdilli ədəbiyyatların araşdırılması yolunda böyük maraq göstərirlər. Özbəkistandan gələn professor və müəllim heyəti də Azərbaycanın elm mərkəzləri ilə hər zaman birgə işləyiblər".

Özbəkistandan konfransa gələn professor və müəllim heyətininin rəhbəri Mikumi adına Kokand Dövlət Universitetinin Pedaqoji İnstitutunun filologiya kafedrasının müdiri Ziba Qabilova Azərbaycan və Özbəkistan ədəbi əlaqələrinin yeni müstəvidə bərpasının iki ölkənin elm mərkəzlərində türk dünyasında görüləcək böyük axtarışlardan və tapıntılardan xəbər verdiyini söyləyib: "Bizim ədəbiyyatlarımız, ədəbi irsimiz o qədər zəngindir ki, burada yazılan hər fikir türk dünyasının birləşməyi üçün çox mühümdür. Biz inanırıq ki, bundan sonra da elmi araşdırmalarımıza cəlb etdiyimiz gənc alimlər də bu sahədə yeni töhfələrini verəcəklər".

Görüşdə iştirak edən Özbəkistanın Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin kafedra müdiri filologiya elmləri doktoru, professor Nurbay Cabbar Azərbaycanla Özbəkistanı birləşdirən Nizami Gəncəvi və Əlişir Nəvai irsindən, eləcə də Əlişir Nəvainin Nizami Gəncəvini özünə ustad bildiyini, Əlişir Nəvainin türk dilində yazıb qoyduğu ədəbi irsi ilə dilimizin necə böyük və mənalı olduğunu göstərdiyini diqqətə çatdırıb. Daha sonra isə Azərbaycan haqqında yazdığı şerini oxuyub, çıxışının sonunda deyib ki, əgər dünyada Azərbaycan adlı diyar olmasaydı, dünya öz gözəl mənzərəsini itirərdi.

Əli Kərim adına Poeziya Evindəki görüşdə özbəkistanlı qonaqlar professor Dilşad Qayıbov, Gülsənəm Norova, gənc tədqiqatçı Urqenc Dövlət Universitetinin müəllimi Moyibə Atamuradova, tənqidçi şair , gənc tədqiqatçı Ölməzbəy Xocayev də öz şerlərini oxumaqla Azərbaycanın Vətən Müharibəsində qazandığı böyük Zəfərindən danışıblar.

Özbək dilindən Azərbaycan dilinə ədəbi nümunələr və şeirləri tərcümə edən Süleyman Hüseynov , Şahməmməd Dağlaroğlu da tərcümə etdikləri ədəbi əsərlər haqqında , eləcə də Özbəkistanda çap olunmuş müəllifləri olduqları əsərlərdən bəhs ediblər. Görüşün sonunda qonaqlara poeziya evinin təsis etdiyi “Sumayıtın Fəxri Qonağı” sertifikatı hədiyyə olunub. Görüş başa çatandan sonra Özbəkistandan gəlmiş nümayəndə heyəti Sumqayıt şəhəri ilə tanış olub və Şəhidlər Ziyabanını ziyarət edib, şəhidlərimizin ruhuna dua ediblər.

Fotolar: Şakir Rəhman


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər