Martın 10-da Birinci Fəxri Xiyabanda Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılış mərasimi olacaq.
Bu barədə Teleqraf.com-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, 10 mart görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun vəfatının bir ili tamam olur.
Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur. Bir sıra görkəmli abidələrin müəllifidir. Onun müəllifi olduğu abidələr sırasında F.İvanoviç, Dostoyevski, İ.Nəsimi, Cüzeppe Verdi, C.Puççini, Rixard Vaqner, Franz List və s. görkəmli şəxslər yer alır.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov 5 fevral 1939-cu ildə Bakıda anadan olub. Əsərləri əsasında 40-dan çox bədii filmlər və televiziya filmləri çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” şirkətinin və eyniadlı teatrın təsisçisi olub. 15 pyesi dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub.
Rüstəm İbrahimbəyov 2022-ci il martın 10-dan 11-nə keçən gecə Moskvada uzunsürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.