10 Sentyabr 2023 09:05
38 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com sənət aləminin evli cütlüklərini təqdim edir.

Xalq artisti Qurban İsmayılov - aktrisa Lətafət Məmmədova. Uzun illər Hüseynağa Atakişiyevin rəhbərliyi ilə fəaliyyət göstərən Gənclər Teatrında, hazırda isə Gənc Tamaşaçılar Teatrında çalışan ikili 2013-cü ildə ailə qurub. Cütlüyün bir övladı var.

Əməkdar artistlər Nofəl Vəliyevlə Leyli Vəliyeva. Kamera Teatrında tanış olan və 1997-ci ildə ailə quran ikili hazırda Gənc Tamaşaçılar Teatrında çalışır. Cütlüyün Qönçə adlı bir qız övladı var.

Nofəl Vəliyev vaxtilə saytımıza verdiyi müsahibədə “Sevgi, yoxsa məntiq əsasında ailə qurdunuz?” sualımıza belə cavab verib:

“İkisi də var idi. Təbii ki, Leyliyə aşiq olub evlənmək təklif etmişəm. Amma sonra sevgi azalanda məntiq, məntiq azalanda vəzifələr kömək edir.. Hesab edirəm bizim ailə mədəniyyətinin çox səhv cəhətləri var, amma düzgün olan tərəfləri də çoxdur. Bəzən dözmək lazımdır. Amma bu sözüm ifratçılıqdan çox uzaqdır. Hərdən deyirlər ki, “ölsən də dözməlisən”. Deyirəm, niyə dözməlidir axı. Əgər əri narkomandırsa, onu döyürsə, buna niyə dözməlidir? Bunları nəzərdə tutmuram. Amma ailədə kasıbçılıq, çətinlik, konflikt də ola bilər ki, bunlara dözmək mümkündür. Xəyanət olmalı deyil. Amma bizim kişilər tez-tez buna yol verirlər. Ailəni qorumaq üçün imkan varsa və təkrarı olmamaq şərtilə onun da üzərindən keçən qadınlarımız var ki, məncə, bu düzgündür. Lakin söhbət məndən gedirsə, indiyə qədər mənim qarşıma elə insan çıxmayıb ki, aşiq olub və ailəmi ona görə atım. Belə hadisələr olur, bunların içərisində də mində biri həqiqətən aşiq olur. Qalanları məsuliyyətsizlik, cavabdehsizlik, hətta yaxşı pullu qaynata tapdığına görə ailəsini atır.

Leyli çox yaxşı anadır, çox yaxşı həyat yoldaşıdır, çox yaxşı aktrisadır. Leyli mənə lazım olan həyat yoldaşıdır. Leyli həqiqətən həyat yoldaşıdır. Hesab edirəm ki, Leyli xanım Azərbaycan teatrının ən istedadlı aktrisalarından biridir”.

Əməkdar artist Şövqi Hüseynov - aktrisa Şəbnəm Hüseynova. Onlar Kamera Teatrında bir-birini tapan sənət adamlarıdır, hazırda hər ikisi Gənc Tamaşaçılar Teatrında çalışır. Cütlüyün bir oğlu var.

Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının aktyoru Rasim Cəfər - ssenarist Reyhan İsayeva. Cütlüyün Selcan adında bir qızı var.

Gənc Tamaşaçılar Teatrının aktyoru Ədalət Əbdülsəməd - Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira Əbdülsəmədova. Onların iki övladı var.

Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyeva – Musiqili Teatrın aktyoru Əmrah Dadaşov

Əməkdar artist, Akademik Milli Dram Teatrının aktyoru Ayşad Məmmədov - Gənc Tamaşaçılar Teatrının aktrisası İlqarə Tosova. Cütlüyün iki qız övladı var.

“O vaxt biz evlənəndə, az qala bütün bəşəriyyət buna qarşı idi, hətta, təbiət də etirazını bildirib, dizə qədər qar yağdırmışdı. Düzdü, o vaxt tanrı bizi ağ gül yağışı ilə təbrik edir, filan, demişdim. Hər iki tərəf narazı olduğu üçün biz çox çətinliklərdən keçdik və o zamana qədər demək olar ki, heç bir çətinlik görməmiş, gənc qadın, ana üçün bu ağır bir sınaq idi. Kasıb yaşadıq, heç indi də dövlətli deyilik. Övladlarıma, o vaxtkı düzgün seçimimlə necə böyük sərvət bəxş etdiyimi həmişə bilmişəm, bu günlərdə isə bir daha dərk etdim. Bizim atamız nadir nüsxədir və əzrayıl gələrsə, düşünmədən, önə keçə bilərəm ki, ona dəyməsin”- deyə Tosova sosial şəbəkədə yazıb.

Yuğ Teatrının aktrisası Natavan Qeybani – Yuğ Teatrının aktyoru Qasım Nağı. Cütlüyün iki övladı var.

Əməkdar artist, Yuğ Teatrının aktrisası Gülzar Qurbanova – Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov. Cütlüyün iki övladı var.

Elxan Cəfərovun Teleqraf.com-a müsahibəsindən: “Biz Gülzarla bir məktəbdə oxumuşuq. O, bacımla sinif yoldaşı idi. Həmişə onu məktəbdə görürdüm, diqqət yetirirdim. Sonra 1984-cü ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxudum, ordan əsgər getdim, əsgərlikdə olanda eşitdim ki, Aleksey Batalovun Azərbaycan kursu yığılır və orada Gülzar da var. Əsgərlikdən qayıdandan sonra avtomotik o kursun tərkibində yer aldım. Taleyimiz orda - yaradıcılıq əsnasında birləşdi. Gülzar xanımla dost idik. Xoşuma gələn qızlarla tanış olmaq üçün Gülzar xanımdan məsləhət alırdım. Sonra başa düşdüm ki, Gülzar elə axtardığım qadındır. Bu daha çox doğmalıq hiss idi. Mən birdən hiss etdim ki, Gülzar mənə çox doğmadır, sən demə, axtardığım adam düz yanımda imiş. Bunu özüm üçün birdən-birə kəşf etdim. Gülzar əvvəl qəbul eləmirdi. Mən də əl çəkmədim, axırda razılaşdı. 1992-ci ildə ailə qurduq. Sevinirəm ki, sevib ailə qurmuşam”.

Yuğ Teatrının aktrisası Mətanət Abbas – Kinorejissor Babək Şirinsifət

Yuğ Teatrının rejissor, aktyoru Əbdülqəni Əliyev – jurnalist Lalə Əliyeva. Cütlüyün iki övladı var.

Yuğ Teatrının aktrisası Günəş Mehdizadə - səs rejissoru Ramzes təxəllüsü ilə tanınan Rasim Mehdizadə. Cütlüyün iki övladı var.

Rasim Mehdizadənin mətbuata verdiyi açıqlamasından: “Günəş səhnə adamıdır, həyatla səhnəni heç vaxt bir-birinə qarışdırmır. Ona inanıram və buna görə də ona qadağalarım yoxdur. Heç vaxt müti qadınları sevməmişəm. Həmişə arzulayırdım ki, qarşıma elə qadın çıxsın, mənə cavab qaytarmağı bacarsın. Günəş də belədir. Lazım olanda sözünü deməyi və mənə cavab qaytarmağı bacarır. Yoxsa ki bəzi kişilər kimi əlimi masaya çırpıb demirəm ki, mən deyən olmalıdır. Demokratik qaydalarla yaşayan ailəyik. Buna görə də illərdir ki, bərabər yaşayırıq”.

Musiqili Teatrın aktyoru Hüseyn Əlili - Musiqili Teatrın aktrisası Gültac Əlili

Musiqili Teatrın aktrisası Eleanora Mustafayeva – teatr rəssamı Mustafa Mustafayev

Rus Dram Teatrının aktyoru İbrahim Çingiz – Aparıcı, aktrisa Aydan Çingiz. Cütlüyün bir qız övladı var.

Rus Dram Teatrının aktyoru Murad İsmayıl – aktrisa Ülviyyə Xəlilbəyli. Cütlüyün iki oğlu var.

Uşaq Teatrının direktoru İntiqam Soltan – Jurnalist, ssenari müəllifi Arzu Soltan

Uşaq Teatrının aktyoru Niyaz İlyasoğlu – Uşaq Teatrının aktrisası Könül Şahbazova

Pantomima Teatrının aktrisası Nargilə Qəribova - Rejissor, aktyor Ceyhun Dadaşov

Pantimoma Teatrının aktyoru Əli Əlizadə - Teatrşünas Aliyə Dadaşova. Cütlüyün iki qız övladı var.

Bələdiyyə Teatrının rejissoru, aktyoru Tural Baxış - Bələdiyyə Teatrının aktrisası Arzu Ağayeva

"Bəzən bir insanla 15 dəqiqədən artıq danışa bilmirsən. Bəzən də illərin necə keçdiyini hiss eləmirsən"-, Tural Baxış sosial şəbəkədə yazıb.

Bələdiyyə Teatrının aktyoru Tural Rza - Bələdiyyə Teatrının aktrisası Ülviyyə Rza. Cütlüyün iki oğlu var.

Ülviyyə Rzanın saytımıza müsahibəsindən: “Toğrulla mən eyni universitetdə -Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində təhsil almışıq. O “Aktyorluq” fakültəsinin 4 -cü kursunda, mənsə “Rejissorluq” fakültəsinin 1- ci kursunda oxuyurdum. Onunla tanışlığımızın gününü, saatını əzbər bilirəm: 2001 -ci il, noyabrın 19- u, saat 09:30-da. Soruşa bilərsiniz ki, saatı necə yadda saxlamışam. Çünki gecikdiyim üçün sinfə girəndə ilk işim saata baxmaq olmuşdu. Toğrulla universitetin dəhlizində qarşılaşdım. Mən dərsə tələsirdim. O isə bizim sinfin yanındakı dərs cədvəlinə baxırdı. Diqqətimi çəkdi. “Yəqin sevdiyi qız var. Onun hansı dərsdə olduğunu bilmək istəyir” fikirləşib sinfə daxil oldum. Heç on dəqiqə keçmədi ki, o bizim sinifə gəldi. Dedi ki, dövlət tədbiri üçün iki xanım aparıcı seçməlidi. Bizdən xahiş etdi ki, ayağa qalxaq. Nisbətən boyum hündür olduğu üçün məni seçdi və tədbirin məşqinə apardı. Bizim zabitəli və heç vaxt gecikməyən müəlliməmiz həmin gün ikinci dərsə gəlmişdi. Yoxsa yəqin ki, məni tanımadığımız bir oğlanla təkbaşına heç vaxt buraxmazdı. Heç mən özüm də hər adamla icazəsiz getməzdim. Məni tanıyanlar bilir. Ciddi və özünəqapalı bir insanam. Amma onu ilk dəfə görəndə üzündə o qədər təmiz ifadə var idi ki, o qədər insana güvən hissi aşılıyırdı ki, mən fikirləşdim ki, bu odur və mən onunla dünyanın o biri başına da gedərəm.

Məşqlərdə boş olan kimi söhbət edirdik . Fikirlərimiz və həyata baxışımız çox üst - üstə düşürdü. Bir həftə sonra tamaşası var idi. Məni tamaşasına dəvət etdi. Və bir həftə onu görmədim. Tamaşaya getdim. Aktyor kimi də çox xoşuma gəldi. Ondan sonra aradabir universitetdə qarşılaşıb salamlaşırdıq. Bir gün dərsdən çıxanda dedi ki: “Olar yolu bir yerdə gedək?” Mən razılıq verdim və odur ki, o gündən bu yana neçə ildir ki, həyat yolunu bir yerdə addımlayırıq”.

Teatr rejissoru Tərlan Rəsulov – aktrisa Yaqut Paşazadə

Rejissor Elvin Mirzəyev – Aktrisa Nigar Mirzəyeva

Aktyor Zaur Şəfiyev - Aktrisa, aparıcı Dəniz Tacəddin


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər