Heydər Əliyev Sarayında Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, Azərbaycan və Belarusun mədəniyyət nazirləri Adil Kərimli və Anatoli Markeviç, millət vəkilləri, hər iki ölkənin mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə qonaqlar Heydər Əliyev Sarayının foyesində təqdim edilən banner sərgisi, Belarus xalq sənətkarlığı nümunələri və ustad dərsləri ilə tanış olublar.
Azərbaycan və Belarusun Dövlət himnləri səsləndirilib. Açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli belaruslu qonaqları və tədbir iştirakçılarını salamlayıb. Qeyd edib ki, ölkələrimiz arasında hər zaman möhkəm dostluq əlaqələri mövcud olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mütəmadi görüşləri, dostluq münasibətləri sayəsində ölkələrimiz arasında digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də ikitərəfli əməkdaşlığa geniş üfüqlər açılıb.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç çıxışında Azərbaycanı Belarusun etibarlı dostu kimi səciyyələndirib. Bildirib ki, Belarus dövləti Azərbaycanı bu gün beynəlxalq arenada iqtisadi və sosial tərəfdən inkişaf etmiş bir dövlət kimi tanıyır və qəbul edir: “Bizim dostluq ənənələrimizin köklü tarixi var və bu əməkdaşlıq gələcəyə hesablanır. Biz mədəni əməkdaşlığımızı yüksək dəyərləndiririk və bu əməkdaşlığın davamlılığı qarşıda böyük və geniş birgə layihələrin reallaşmasına zəmin yaradacaq. Bu layihələr xalqlarımızın marağına xidmət edəcək".
Anatoli Markeviç “Slavyan bazarı” musiqi festivalının “Ulduz” meydanında tanınmış azərbaycanlı bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlunun da adının qeyd olunduğunu diqqət çatdırıb: “Biz ölkəmizin bütün səhnələrində çox istedadlı və parlaq çıxışları ilə yadda qalan azərbaycanlı sənətçiləri görməkdən məmnunuq. Mən çox şadam ki, Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günləri əsl mədəni dialoqa çevrilə bildi. Bizim bu tədbirlərdə bəzən tərcüməçilərə də ehtiyacımız yoxdur. Çünki biz anlaşılan bir dildə, sülh, dostluq və yüksək sənət dilində danışırıq”.
Bu il Belarusun alman faşizmindən azad olunmasının 80 illiyinin qeyd edildiyini diqqətə çatdıran A.Markeviç ölkəsinin azadlığı uğrunda həlak olan azərbaycanlı əsgərlərin xatirəsinə dərin ehtiramını bildirib.
Belaruslu nazir çıxışının sonunda nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıq edib və tezlikdə Azərbaycanın mədəniyyət xadimlərini Belarusda gözlədiklərini söyləyib.
Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub. Konsertdə Belarus Dövlət Akademik Rəqs Ansamblı, “Vitebsk – 2023” estrada mahnı müsabiqəsinin laureatı Samir Yolçuyev, Belarus Böyük Teatrının solistləri Darya Qorojanko, Əməkdar artist Viktoriya Aleşko və əfsanəvi “Pesnyarı” Dövlət Ansamblı çıxış edib. Belarus ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb.