1 Aprel 2015 11:33
3 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı aktyor Kamran Ağabalayev və “Nargis” Nəşriyyat evinin və “Nargis” jurnalının direktoru, aktrisa Könül Nağıyevanın baş rollarını oynadıqları Türkiyə istehsalı olan “Tərkedilmişlər” filminin aprel ayının 2-də Bakıda Qala gecəsi keçiriləcək.

Teleqraf.com xəbər verir ki, martın 27-də isə film Türkiyədə kino ictimaiyyətinə təqdim olunub və hazırda da sözügedən ölkənin kinoteatrlarında nümayiş olunur. Filmin Türkiyə Qalasında iştirak edən aktyor Kamran Ağabalayev qəzetimizə açıqlamasında filmin ictimaiyyət arasında maraqla qarşılandığını bildirib: “Qala gecədə filmdə rol alan türk aktyorlar iştirak edib. Onu da deyim ki, onlar Bakıda keçiriləcək gecədə də iştirak edəcəklər. Film çox maraqla qarşılanıb. Baxan tamaşaçılar bizə çox müsbət fikirlər söylədilər. Bu, həqiqətən baxılası filmdir. Filmə aynaya baxıb öz içinin əyrisi ilə düzünü görmək istəyən kütlə baxacaq. Çünki filmdə insanlıq üçün çox gözəl mesajlar var. ”Tərkedilmişlər" insan haqda çox yaxşı filmdir".

Aktyorun sözlərinə görə, filmdə yaratdığı obrazın adı yoxdur: “Filmdə ümumiyyətlə, heç kimin adı yoxdur. Sadəcə, müraciət forması var. Mənim obrazıma Çirkin deyərək müraciət edirlər. Bu filmdə bütün qəhrəmanlar tərk ediliblər və filmboyu hamısının necə tərk edilməsinin səbəbləri bəlli olur. Mənim obrazım filmin mənfi qəhrəmanı, eyni zamanda çox xarakterik obrazdır və filmin sonuna doğru öz dediyi sözdən sonra nisbətən dəyişir. Bu nüans mənim üçün çox maraqlı idi. Amma ümumi anlamda filmdə kimin mənfi, kimin müsbət qəhrəman olduğu çox nəzərə çarpmır. Bütün obrazların öz həqiqətləri var. Hamı baş qəhrəmandır. Film dinamikdir. Sonda bu dinamika ən yüksək həddə çatır. Bu film festival filmi deyil. Daha doğrusu, ikisinin arasında bir filmdir, çünki indiyə kimi filmə baxan distribyutorlar qəti qərara gələ bilməyiblər. Bəziləri festival, bəziləri kommersiya filmi deyir”.

Nərmin


Müəllif: