Bu gün AYB-nin Natəvan klubunda Könül Həsənqulunun “O zəminin sahili” adlı şeirlər kitabının təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə tanınmış ədəbiyyat adamlarından Vaqif Yusifli, Seyfəddin Hüseynli, Cavanşir Yusifli, Qismət, Rəbiqə Nazimqızı, Mirmehdi Ağaoğlu, Vaqif Əsədov, Səlim Babullaoğlu, Kənan Hacı, Şəhriyar Del Gerani, Qan Turalı, Ramin Hacılı, Aysel Əlizadə və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan AYB mətbuat xidmətinin katibi Xəyal Rza şairəni təbrik edib, ona uğurlar arzulayıb.
Daha sonra çıxış edən tənqidçi Vaqif Yusifli xanım şairə ilə bağlı bunları deyib:
“Kitabla tanış olmasam da, indi vərəqlədim, bəzi şeirləri oxudum. Könülün poetik təfəkkürü moderndir. O, hamının yanaşdığı duyğuları başqa tərəfdən görə bilir. Şeirinə başlamış olduğu zəmi mövzusunda da məharətlə digər məsələləri qabardır, gözəlliyi ilə inqilab mövzusuna keçid edərək sürrealistliyi göstərir. Bundan əlavə, o, təşbeh və metaforalardan da yerində istifadə edib”.
Vaqif Yusiflidən sonra söz alan Kəmalə Abıyeva da Könül Həsənqulunun şeirləri haqda danışıb: "Şeirlərini sevdim, çox bacarıqlıdır. Mən tənqidçi yox, oxucu kimi onun cümlələrinin ahənginə qapıldım".
Qeyd edək ki, “AybKitab” layihəsində çap olunan “O zəminin sahili” Könül Həsənqulunun ilk kitabıdır.