Ötən gün “Bakı-2015" I Avropa Oyunlarının təbliği məqsədilə Bakıda ”Azərbaycan milli geyimləri sərgisi" açılıb.
Eyniadlı layihə əsasında hazırlanan sərginin bir çox üstünlükləri var. Belə ki, nümayiş yerləri iş vaxtı ilə məhdudlaşdırılmır; ödənişsizdir; geniş kütlə üçün nəzərdə tutulub. Layihədə bir neçə istiqamət üzrə - qadın geyimləri, kişi geyimləri, uşaq geyimləri, baş örtükləri, müxtəlif təbəqələri əhatə edən geyimlər və milli geyimlər təsvir olunmuş tablolar yaradılmış, ictimai yerlərdə, hotellərin foyelərində və s. məkanlarda nümayiş etdirilməsi nəzərdə tutulub. Sərginin təşkil olunacağı məkanlarda geyimlər barədə ziyarətçilərə məlumat vermək, milli geyimlərdə ödənişsiz şəkil çəkdirmək və geyimləri haradan əldə etmək barəsində imkanlar yaradılacaq.
Açılış mərasimində qeyd olunub ki, layihə nazirliyin maliyyə dəstəyi, “Bakı-2015" I Avropa Oyunları Əməliyyat Komitəsinin, (BEGOC) ”Gənclərin təhsil, təlim, peşə və inkişaf mərkəzi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir. Layihənin məqsədi milli geyimlərimizin nümayişi, adət-ənənələrimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi, yeni formatda sərginin təşkili, gənclər arasında milli geyimlərimizin təbliğidir.
Qeyd olunub ki, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq festival və müsabiqələr, yarışlar, çoxsaylı tədbirlər, o cümlədən bu günlərdə başlanacaq I Avropa Oyunları ölkəmizin tanıdılması, təbliği üçün mühüm əhəmiyyət kəsb etməklə yanaşı, milli adət-ənənələrimizin nümayişi üçün də gözəl fürsətdir.
Avropa Oyunları ilə bağlı ölkəmizə çoxsaylı idmançıların, nümayəndə heyətlərinin, azarkeşlərin gəlməsi gözlənilir. Hər bir xalqın milli geyimləri onun milli mənsubiyyətini və qədimliyini, eləcə də adət-ənənələrini özündə əks etdirir. Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği məqsədilə sərginin təşkili də mədəniyyətimizin təbliğinə xidmət edir.
Nərmin