29 Dekabr 2015 16:59
5 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Məti Osmanoğlunun tərcüməsində Ziqmund Freydin “Dostoyevski və ata qatilliyi” essesini təqdim edir:

Tərcüməçinin qeydi

Ziqmund Freydin elmə gətirdiyi qənaətə görə, insanın davranış və fəaliyyətinin əsas tənzimləyicisi olan şüur pərdəsi altında onun özünün dərk edə bilmədiyi, şüurun əli yetməyən daha dərin lay gizlənib və daim fəaliyyətdədir. İxtisasca həkim olan və xəstələr üzərində müşahidələr aparan Freyd dərk olunmayan, özünü şüur vasitəsilə büruzə verməyən yaşantıların insanın həyatına necə təsir göstərdiyini, bəzən də insanları ağır əsəb xəstəliyinə düçar etdiyini görürdü. Bu onu insanların şüurlu fəaliyyətləri ilə şüurdan gizli olan qeyri-şüurlu yaşantıları arasındakı ziddiyyətlərin təhlilini aparmağa vadar edirdi. Beləliklə, Freyd insan qəlbini xilas etməyin metodunu yaratmaq qərarına gəlir və bunun sayəsində psixoanaliz elmi yaranır.
Freyd öz işlərini yalnız əsəb xəstələrinin davranışlarını müşahidə etməklə və onların müalicəsi ilə məhdudlaşdırmayaraq, sağlam insanların da yaşantı və davranışlarına aydınlıq gətirən nəzəriyyənin əsasını qoymuşdu. XX əsrin əvvəllərində bu nəzəriyyə dünyada çox böyük populyarlıq qazanmışdı. Freydin nəzəriyyəsi tezliklə başqa elm sahələrinə – sosiologiyaya, pedaqogikaya, antropologiyaya, etnoqrafiyaya ciddi təsir göstərir, eləcə də, ədəbiyyata və incəsənətə nüfuz edirdi.

Müasir nəzəri ədəbiyyatda freydizm termininə yaşlı insanın bütün problemlərini cinsi instinktlə bağlayan klassik, ortodoksal psixoanaliz tərifi verilir. Freydin tələbələri tərəfindən yaradılan neofreydizm nəzəriyyəsi psixoanalizi fərqli bir səviyyəyə çatdırmışdı. Freydin “fərdi şüurdanxaric” nəzəriyyəsi sonradan “kollektiv şüurdanxaric” anlayışı ilə tamamlanmışdı.

Freydin ədəbiyyata və sənətə həsr etdiyi əsərlər içində “Dostoyevski və ata qatilliyi” xüsusi yer tutur. 1926-cı ildə nəşriyyatlardan biri Dostoyevskinin “Karamazov qardaşları” əsərinə ön söz yazmaq üçün Ziqmund Freydə müraciət etmişdi. Həcmi bir çap vərəqi olan bu əsəri Freyd iki ilə yazdı.
Dostoyevski yaradıcılığının və şəxsiyyətinin psixoanaliz baxımından təhlil olunduğu bu əsərdə Freyd Dostoyevskini yaradıcılıq istedadına görə Şekspirlə bir səviyyədə tutur, “Karamazov qardaşları” romanındakı “Böyük inkvizitor əfsanəsi”ni isə dünya ədəbiyyatının ən yüksək uğuru hesab edir.

Bununla belə, Dostoyevskinin yaradıcılığında və tərcümeyi-halında rast gəlinən bir sıra motivlərin psixoanalitik təhlili yazıçının şəxsiyyətinin görünməyən tərəflərini qabardır, onun özünə də gizli olan iç dünyasını işıq üzünə çıxarır. Müəllif Dostoyevskinin mürəkkəb şəxsiyyətindən üç faktoru: “emosional həyatının qeyri-adi gərginliyi, anadangəlmə cinsi pozğunluğa instinktiv meyli və təhlilə gəlməyən yaradıcılıq istedadını” bir arada götürür...

Təqdim etdiyimiz bu məqaləni dünya ədəbiyyatında müəllif şəxsiyyətinə qarşı ən amansız mənbələrdən bir hesab etmək mümkündür.

Dostoyevski və ata qatilliyi

Dostoyevskinin çoxcəhətli şəxsiyyətinə dörd fərqli yöndən baxmaq olar: yazıçı kimi, nevroz xəstəsi kimi, əxlaq tərbiyəçisi kimi və günahkar insan kimi. Bu mürəkkəb dolaşıqlığı aydınlığa çıxarmaq heç də asan deyil.

Onun şəxsiyyətinin ən az şübhə doğuran cəhəti yazıçılığıdır, çünki yazıçı kimi o, Şekspirlə bir səviyyədə durur. “Karamazov qardaşları” indiyə qədər yazılmış romanların ən güclüsüdür, “Böyük inkvizitor” əfsanəsi dünya ədəbiyyatının ən yüksək nailiyyətlərindəndir, onun qiyməti yoxdur. Amma təəssüflər olsun ki, yazıçı yaradıcılığı probleminin həllində psixoanaliz acizdir.

Dostoyevskinin əxlaqçılıq cəhətini təhlil etməksə daha asandır. Yüksək əxlaq səviyyəsinə çatmaq üçün hər hansı bir insanın böyük günahlar işləməsinin zəruri olduğu fikrinə əsaslanmaqla Dostoyevskinin böyük bir əxlaq tərbiyəçisi olduğunu söyləməli olsaq, onda gərək ortaya çıxacaq bir şübhəni görməzliyə vuraq. Əxlaqlı insan odur ki, şeytana uyduğunu anlayan kimi yolundan dönsün və özünü xilas eləsin. Bir yandan günah işləyən, o biri yandan da peşmanlıq hiss edərək əxlaqi qaydalar ortaya qoyan bir insan yolun asanı ilə gedir. Belə bir insan əxlaqın əsas prinsipini – tutduğu yoldan dönmənin zəruriliyini pozmuş sayılmalıdır. Çünki əxlaqlı davranmaq hər şeydən öncə bütün bəşəriyyətin praktiki maraqlarına uyğun dəyər daşımaqdır. Yolun asanı ilə gedən şəxs qədim dövrlərin barbarları kimi davranır. Qədim dövrün vəhşi insanı əvvəl insanı öldürür, sonra peşmanlıq yaşayırdı.

Beləliklə, peşmanlıq hissi keçirmək insan öldürməyi əsaslandıran bir üsul halına gəlmişdi. İvan Qroznı da eyni şəkildə davranmışdı. Əxlaqa münasibətdə göstərilən bu tarazlaşdırıcı vəziyyət rusların fərqləndirici xüsusiyyəti olduğu kimi, Dosteyevskinin əxlaqi axtarışlarının verdiyi nəticə də yüksək bir şey deyildi. Dostoyevski fərdin instinktiv istəkləri ilə cəmiyyət həyatının ehtiyaclarını uzlaşdırmaq üçün çətin mübarizəyə girəndən sonra dünyəvi və ruhi avtoritetlərə baş əymək; xristianların Allahının və çarın önündə əyilmək və kobud bir rus millətçiliyi düşüncəsinə bağlanmaq yoluna düşdü. Əslində, o qədər də ağıllı olmayan insanlar daha az səy göstərməklə eyni nəticələri əldə etmişdilər. Dostoyevski kimi böyük bir şəxsiyyətin zəif nöqtəsi də budur. Bu baxımdan, bəşər mədəniyyətinin gələcəyi Dostoyevskiyə çox az şeyi borclu olacaq. Dostoyevski bəşəriyyətin müəllimi və xilaskarı olmaq şansından imtina etmiş və öz düşmənləri ilə birləşmişdi. Onun bu vəziyyətə keçirdiyi nevroz xəstəliyi ucbatından düşdüyünü deyə bilərlər. Yoxsa zəkasının böyüklüyü və insanlığa bəslədiyi sevginin gücü ona peyğəmbərlərə xas bir həyatın yolunu göstərə bilərdi.

Dostoyevskini bir günahkar və və ya cinayətkar kimi görməkdən çəkinirik, lakin bu çəkinmə obıvatelin cinayətkarı qiymətləndirməsi kimi qəbul edilməməlidir. Cinayətin səbəbləri dərhal ortaya çıxır: cinayətkar üçün iki təməl ruhi özünəməxsusluq var. Bunlardan biri hüdudsuz özünəvurğunluq, digəri isə destruktivliyə güclü meyildir. Bu iki xüsusiyyətin ortaq tərəfi isə onların özünü büruzə verməsi üçün sevgisizlik və insana emosional baxımdan qiymətləndirici münasibətin çatışmazlığıdır. Belə bir insanla Dostoyevski arasında əkslik olduğu ilk baxışdan görünür. Dostoyevski sevilməyə böyük ehtiyacı olan və bəzən bunu, məsələn, özünün ilk arvadına və arvadının aşnasına nifrət etmək və intiqam almaq əvəzinə onlara kömək etməyə şərait yaradan qeyri-adi şəfqətlə dolu bir insandır. Onda belə bir sual çıxır – Dostoyevskini cinayətkarlar cərgəsinə qoymaq nədən irəli gəlir? Bu, onun süjet seçimindən irəli gəlir. Onun qəhrəmanları, əsasən, zorakı, qatil, eqosentrik xarakterlərdir ki, bu da Dostoyevskinin daxili aləmində bu cür meyillərin olduğunu göstərir. Bu, həm də qumar oyunlarına qarşı ehtiraslı marağı, azyaşlı bir qız uşağını pozması (“Etiraf”) kimi onun öz həyatına aid bəzi faktlardan qaynaqlanır. Bu ziddiyyət belə həll olunur: Dostoyevskini cinayətkara çevirə biləcək destruktivliyə güclü meyili həyatında əsas etibarilə onun özünə yönəldilib (yəni xaricə deyil, daxilə yönəldilib), odur ki, özünü mazoxizmdə və günah hissində göstərir. Hər halda, onun xarakterində hər şeyə cırnamağında, əzab verməyində, hətta ən sevdiyi adamlara belə dözümsüzlük göstərməsində, eləcə də, oxucuya müraciət manerasında təzahür edən sadizm əlamətləri az deyil. Demək, xırda şeylərdə o, kənara, mühüm məsələlərdə isə özünə qarşı sadistdir, yəni, əslində, mazoxistdən başqa bir şey deyil. O, mazoxist, üzüyola, xeyirxah və həmişə kömək əli uzatmağa hazır olan insandır.

Dostoyevskinin mürəkkəb şəxsiyyətindən üç faktoru seçmişik – onlardan biri kəmiyyət, digər ikisi isə keyfiyyət faktorlarıdır. Onun emosional həyatının qeyri-adi gərginliyi, anadangəlmə cinsi pozğunluğa instinktiv meyili (bu onun sadomazoxist və cinayətkar bir insan olduğunu qaçılmaz şəkildə ortaya qoyur) və təhlilə gəlməyən yaradıcılıq istedadı. Bunların bir araya gəlməsi nevroz olmadan da tam mümkündür: çünki nevroza aidiyyəti olmayan yüz faizli mazoxistlər var. Bununla birlikdə, instinktiv istəklərlə onlara qaşı duran qadağalar (buraya ucaltma metodlarını da əlavə etsək) arasındakı güclərin tarazlığı Dostoyevskinin “instinktiv xarakter” adlandırılan təbəqəyə aid olunmasını zəruri edir. Lakin onda həm də nevrozun olması vəziyyəti əməlli-başlı qəlizləşdirir. Haqqında bəhs etdiyimiz faktorların nevroza ehtiyacı olmadığını demiş olsaq da gərək unutmayaq ki, “mən” (eqo) tərəfindən cilovlanması gərək olan nizamsızlıqlar nə qədər çox olarsa, nevrozun yaranması da o qədər asanlaşır. Çünki nevroz eqonun (“mən”in) bir sintezə müvəffəq olmadığını göstərən işarədir və “mən” bunun əvəzini öz tənhalığı ilə ödəmiş olur.

Bəs Dostoyevskinin nevrozu özünü nədə göstərir? Dostoyevski özünü epileptik adlandırırdı və başqaları da şüurunu itirməsi, qıcolma və kəskin ruh düşkünlüyü ilə müşayiət olunan ağır tutmalarını əsas gətirərək onun epilepsiya xəstəsi olduğuna inanırdılar. Əslində isə, epilepsiya adlandırdıqları Dostoyevskinin keçirdiyi nevrozun bir simptomu idi ki, bu halda həmin xəstəliyi isteroepilepsiya, başqa sözlə, ağır epilepsiya kimi müəyyənləşdirmək olar. İki səbəbə görə bunu tam əminliklə təsdiqləyə bilmirik: birincisi, ona görə ki, epilepsiya adlandırılan anamnez tutmalar haqqında məlumatlar yetərincə və etibarlı deyil, ikincisi də xəstəlik hallarına aid epletoid tutmalarla bağlı anlayış hələ aydın deyil.

Əvvəlcə ikinci məqamı nəzərdən keçirək. Qarşımızdakı problemə işıq salmayacağı üçün tutma patalogiyasını uzun-uzadı araşdırmağa ehtiyac yoxdur. Yüz illərdir məlum olan morbus sacer bir klinik reallıq kimi mövcuddur. Bu qorxunc xəstəliyin xarici görünüş baxımından səbəbsiz kimi görünən çılğınlıqlar, insanı təşvişə və aqressivliyə yönəltməsi, bütün zehni fəaliyyətləri tədricən zəiflətməsi məlum gerçəkliklərdir. Ancaq buların sərhədləri dəqiq müəyyənləşdirilib. Başlanğıcda dilin qatlanması və sidik qaçırdılması kimi hallarla özünü göstərən və getdikcə xəstənin özünü təhlükəli şəkildə yaralamasına səbəb ola bilən “status epiletikus”a gətirib çıxaran təhlükəli tutmalar; qısamüddətli özündəngetmə hallarına, ya da baş hərlənməsinə çevrilə bilər, xəstənin sanki şüur xaricinin təsirində özündən asılı olmadan göstərdiyi davranışlar kimi də başa düşülə bilər. Bu tutmalar, adətən, ilk baxışdan anlaya bilməyəcəyimiz sırf fiziki səbəblərdən yaransa da ilk dəfə, sadəcə, psixoloji səbəblərlə (məsələn, qorxu ilə) bağlı ola bilər və ya başqa vəziyyətlərdə ruhi həyəcanlardan asılı olar.

Epilepsiya hallarının əksəriyyətində zehni imkanların zəiflədiyinin şahidi olduğumuz halda, bizə məlum olan tək bir halda (Helmholtz) xəstəliyin zehni fəaliyyəti pozmadığını görürük (bu çeşiddən olduğu deyilən digər hallar Dostoyevskinin vəziyyəti kimi mübahisə və ya şübhə doğuran vəziyyətlərdir).

Epilepsiyaya tutulmuş xəstələrdə zehni inkişaf baxımından ləngimə və kütlüyün müşahidə olunması onunla bağlıdır ki, bu xəstəlik klinik mülahizənin məcburi olaraq irəli sürülmədiyinə baxmayaraq açıq şəkildə idiotluğu və ən kobud zehni çatımazlıqları da birlikdə gətirə bilər.

“Epilepsiyanın” tək və dəyişməz bir klinik hadisə kimi götürülə bilməsinin mümkün olmadığı bizi təəccübləndirməməlidir. Aşkar edilən əlamətlərdə rast gəldiyimiz bənzərlik onu göstərir ki, bu əlamətlərə funksional baxımdan yanaşılmalıdır. Burada müxtəlif vəziyyətlərdə istifadə edilməsi mümkün olan bir mexanizmin (anormal instinktiv boşalma mexanizmi) irəli sürüldüyü deyilə bilər. Bu vəziyyətlər toxumaların ağır xəstəliyində və zəhərlənmə zamanı beyin fəaliyyətinin pozulmasında olduğu kimi, psixi ekonomiyaya nəzarətin çatışmadığı və fəaliyyətdə olan ruhi enerjinin kritik hala çatmasında da ortaya çıxa bilər. Bu iki müxtəlif səbəbin arxasında dayanan ilkin instinktiv boşalma mexanizminin birliyini görürük. Həmin mexanizm mənşə baxımından toksik qaynaqdan gələn seksual proseslərdən uzaq deyil. Qədim loğmanlar seksual aktı kiçik ölçüdə özündəngetmə hesab edir və seksual akta qıcıqlanmanın aradan qaldırılmasına yarayan özündəngetmə metodunun yumşaldılması və ya başqa bir vəziyyətə uyğunlaşdırılması kimi baxırdılar.

“Epileptik reaksiya” adlandıra biləcəyimiz bu ümumi ünsür psixi baxımdan uzlaşılması mümkün olmayan uyğunlaşmadan somatik yollarla xilas olmağa çalışmaqdan başqa bir şey olmayan nevrozun da ixtiyarındadır. Beləliklə, epilepsiya tutması isterika simptomudur və normal seksual prosesin gedişində baş verdiyi kimi isterikaya uyğunlaşaraq şəklini dəyişir. Ona görə də biz orqanik epilepsiya ilə duyğusal (affektiv) epilepsiyanı fərqləndirə bilərik. Bu fərqləndirmənin praktik baxımdan daşıdığı məna budur: orqanik epilepsiyalı bir insan beyin xəstəliyinə tutulduğu halda, “duyğusal” epilepsiyalı insan nevroz xəstəsidir. Birinci halda xəstənin psixi həyatı kənardan gələn xarici pozuqluğun təsirində olur, ikinci halda özünü göstərən pozuqluq öz psixoloji həyatının dilə gətirilməsindən ibarətdir.

Dostoyevskinin epilepsiyasının ikinci növə aid olması həqiqətə daha yaxın görünür. Lakin bunu qəti şəkildə irəli sürə bilmərik. Qəti fikir söyləməmiz üçün tutmaların ilk dəfə yaranması və sonrakı dəyişikliklərini Dostoyevskinin psixi həyatının zənciri içində görə bilməyimiz tələb olunur. Ancaq bunu yerinə yetirməmizi təmin edəcək bilgimiz yoxdur. Tutmaların təsviri bizə heç nə öyrətmədiyi kimi, bu tutmalarla Dostoyevski arasındakı əlaqə barədə əldə etdiyimiz bilgi də az və ziddiyyətlidir. Tutmaların Dostoyevskinin uşaqlıq dövrünə gedib çıxdığını və başlanğıcda daha yumşaq əlamətlər halında ortaya çıxdığı halda, on səkkiz yaşında keçirdiyi o dəhşətli yaşantıdan – atasının öldürülməsindən sonra epilepsiya tutmaları formasını aldığını söyləmək daha ağlabatandır.

Dostoyevski Sibirdə katorqada olduğu zaman bu tutmaların sona çatmış olması təsdiqlənsə idi, bu daha yerinə düşərdi. Ancaq əldə olan məlumatlar bunun belə olmadığını göstərir.

“Karamazov qardaşları”ndakı atanın öldürülməsi ilə Dostoyevskinin atasının öldürülməsi arasındakı dəqiq oxşarlıq bu böyük yazıçının həyatını yazanlardan çoxunun nəzərindən yayınmamış və onları “məlum çağdaş psixoloji istiqamət” barədə danışmağa vadar etmişdir. Həqiqətən də psixoanaliz baxımından (onların bəhs etdikləri müasir psixoloji məktəb psixoanalizdir) Dostoyevskinin atasının öldürülməsinin şiddətli bir travma olduğunu və yazıçının bu hadisəyə göstərdiyi reaksiyanın isə nevrozun bir dayaq nöqtəsi kimi qəbul edilə biləcəyini demişdik. Əgər bu baxışı psixoanaliz mövqeyindən əsaslandırmağa başlasam, qorxuram ki, psixoanalizin dilinə və nəzəriyyələrinə nabələd olan oxucuların başa düşməmək təhlükəsi yaransın.

(Ardı sabah)


Müəllif:

Oxşar xəbərlər