“Mənim əsərlərimin guya Milli Dram Teatrında oynanılmasına qadağa qoyulması haqqında məlumat yalan və əsassızdır”.
Bunu Teleqraf.com-un əməkdaşı ilə söhbəti zamanı yazıçı, millət vəkili Hüseynbala Mirələmov deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” tamaşasına qadağa qoyulması haqda xəbər yayılmışdı.
Yazıçı bizimlə söhbəti zamanı bu kimi fikirlərin əsassız olduğunu bildirib. O, qeyd edib ki, onun “Axirətdən gələn zəng” tamaşası adı çəkilən teatrda səhnələşdirilib: “Orada Oruc Qurbanov adlı rejissor var idi. Şəxsən özüm iki dəfə məşqlərə baxdım. Açığını deyim ki, xoşuma gəlmədi. Gördüm ki, mətndən kənara çıxmalar var. Bütövlükdə yaxşı işlənmişdi və mən bunu dana bilmərəm. Ancaq müəyyən tövsiyələrimi də verdim. Amma elə səhvlər buraxmışdılar ki...”
Millət vəkili qeyd edib ki, məşqə ikinci dəfə teatrın direktoru Azər Paşa Nemətovla baxıblar: “Ancaq gördüm ki, səhvləri azaltmaq əvəzinə bir qədər də artırıblar. Məşqdən sonra Bədi Şuranın toplantısına yığışdıq. Orada konkret bildirdim ki, bu cür qoyuluşla razı deyiləm. Mənim pyesimə çoxlu yad əlavələr edilib. Elə əlavələr ola bilər ki, bu bütövlükdə əsəri gücləndirər. Ancaq mən yad əlavələrdən bəhs edirəm. Buna etirazımı bildirdim. Azər Paşa Nemətov da tamaşanı saxladı. Güman edirəm ki, yeni rejissor və aktyor qrupu bu tamaşanı yenidən məşq etməyə başlayacaq. Əslində mənim əsərimlə bağlı mətbuatda gedən yazıların başlığı fikrimcə, jurnalistlərin yazını oxutmaq üçün manevrləri idi. Yəni yazırdılar ki, Hüseynbala Mirələmovun tamaşasına qadağa qoyulub. Ancaq mətndə tamam obyektiv fikirlər var idi. Güman edirəm ki, yeni rejissor və aktyor truppası bu tamaşanı müvəfəqqiyyətlə oynayacaq”.
Yazıçı qeyd edib ki, yaradıcılıq fəaliyyəti davam edir. Onun sözlərinə görə, hazırda trilogiya üzərində işləyir: “ Artıq iki kitab hazırdır. Əsərin adı “İki şah, iki sultan”dır. İki şahdan biri Ağqoyunlu dövlətinin başçısı Uzun Həsən, digəri Şah İsmayıl Xətaidir. İki sultan isə Sultan II Mehmet və Sultan Səlim Yavuzdur. Uzun Həsəni Sultan II Mehmet, Şah Xətaini isə Sultan Səlim Yavuz məğlub edib. Əslində bu iki qardaş imperiyanı Avropa ölkələri, Roma Papaları, Bizans imperiyası üz-üzə gətirib. Onların təkidi ilə iki qardaş dövlət bir-birilə vuruşub. Hazırda bu əsəri başa çatdırmaq üzrəyəm. II Mehmetlə Uzun Həsənin münasibətlərini hazırladıqdan sonra əsər çapa gedəcək. Hesab edirəm ki, bu roman Azərbaycan tarixinə, Türkiyə-Azərbaycan münasibətlərinə işıq salan yeni baxış olacaq”.
Sonda Hüseynbala Səlimov daha sonra bildirib ki, “Azərbaycan” jurnalının fevral sayında yeni romanı işıq üzü görüb. Əsərin adı "Od və büt"dür. Hesab edirəm ki, Azərbaycan ədəbiyyatında bütpərəstlik dövrünə aid fundamental bir əsər olmayıb. Düzdür, ayrı-ayrı məqalələr və yanaşmalar ortaya qoyulub, lakin fundamental bir əsər ortaya çıxarılmayıb. Deyilənə görə, "Od və büt" bu baxımdan yaxşı romandır”.
Nemət