Teleqraf.com-un müsahibləri Türkiyənin məşhur cütlüyü Əmir Benderlioğlu və Ceren Benderlioğludur.
Onlarla söhbətimiz Azərbaycan haqda, eləcə də yeni çəkildikləri, bu gündən Azərbaycan kinoteatrlarında nümayiş olunmağa başlayan “Qız qaçıran” filmi və xoşbəxt evlilikləri barədə oldu.
Amma öncə...
Ankarada dünyaya gələn Əmir Benderlioğlu Ankara Hacettepe Üniversitetinin gözəl sənətlər fakültəsini bitirib. Azərbaycan tamaşaçılarının da maraqla izlədiyi “Kavak yelleri”, “Keskin bıçak”, “Yer, gök, aşk”, “Qalib Derviş” və son olaraq “Evli, öfkeli” seriallarında rol alıb.
Kadıköydə dünyaya göz açan Ceren Benderlioğlu Trakya Universitetinin radio-televiziya fakültəsinin məzunudur. “Kırık kanatlar”, “Çemberimde gül oya”, “Parmaklıklar ardında”, “Adanalı”, “Geniş ailə” və son olaraq “Kərtənkələ” seriallarında oynayıb.
2010-cu ildə ailə həyatı quran cütlüyün Nur adında qızları var.
-Hər ikinizi “Qız qaçıran” filmi münasibətilə təbrik edirik. Ssenarini oxuyanda nədən təsirləndiniz?
Ceren Benderlioğlu: Təbrikə görə çox sağ olun. Ssenari mükəmməl idi. Komediya janrında yazılması, təqdim olunan hekayənin gözəlliyi, axıcılığı layihəni qəbul etməyimizə səbəb oldu.
Əmir Benderlioğlu: Korhan Uğurun yazdığı ssenari səmimi və isti bir komediya anlayışını tam və cəlbedici bir hekayə düzümü ilə birləşdirməsi mənə çox xoş gəldi. Bu ssenari öyrəşdiyimiz komediya anlayışından fərqli, obrazların komikliyi üzərində yox, komik situasiyalar əsasında qurulmuş bir komediyadır. Bu ara deyim ki, obrazlar da komikdir.
-Obrazınızın özünüzə bənzərliyi varmı?
Ceren Benderlioğlu: Qəhrəmanım olan Gülə bənzədiyimi deyə bilmərəm, amma Gülün gülüşü eynən mənimkidir...
Əmir Benderlioğlu: Əhməd isə çox saf və dalğın adamdır. Təəssüf ki, mən o qədər saf deyiləm. Amma onun hər vəziyyətə zarafatla reaksiya verməsini bir az özümə bənzədə bilərəm.
-Əmir bəy, sevdiyiniz birini Əhməd kimi qaçırardınızmı? Yəni elə bir cəsarətiniz varmı?
Əmir Benderlioğlu: Sevdiyim birini deməyim, bu, çox ümumi olar. Cereni qaçırmaq məcburiyyətində qalsaydım, qaçırardımmı? Böyük ehtimalla bəli.
-Ceren xanım bəs siz? Gül kimi sevdiyiniz ola-ola başqasıyla ailə qurardınızmı?
Ceren Benderlioğlu: Xeyr. Mən sevdiyimi buraxıb başqasına qaçmazdım.
-Bu filmdə azərbaycanlı aktyorlarla çalışmaq və ümumiyyətlə çəkiliş mühiti necə idi?
Ceren Benderlioğlu: Kamran Ağabalayev də, Könül Nağıyeva da bir-birindən dəyərli aktyorlardır. Mövsüm şərtlərindən dolayı film çəkilişləri çox sıx qrafiklə müşayət olunurdu. Hamımız həm çox əyləndik, həm də çox çalışdıq.
Əmir Benderlioğlu: Kamran və Könüllə tanış olmaqdan çox məmnun oldum, onlar işlərini son dərəcə ciddi və intizamlı görən dünya standartlarında aktyorlardır. Çəkiliş mühiti də əyləncəli idi.
-Filmin Türkiyə nümayişindən razı qaldınızmı? Azərbaycanda nümayişindən gözləntiləriniz nələrdir?
Ceren Benderlioğlu: Türkiyədə filmə baxanlar “Qız qaçıran”ı sevdilər. İzləyicilərdən gələn enerji çox gözəl idi, ümid edirəm ki, Azərbaycan xalqı da filmi çox sevəcək.
Əmir Benderlioğlu: Cerenin dediyi kimi Türkiyədə filmimizə maraq böyükdür. Mən kinoteatrda gülməkdən yerə yıxılan adam da gördüm. Azərbaycanda da bu filmi izləyən hər kəsin əməlli-başlı əylənəcəyinə heç bir şübhəm yoxdur.
-Azərbaycan haqqında fikirlərinizi bilmək istərdim. Sizi Azərbaycanla bağlı daha çox nə maraqlandırır?
Ceren Benderlioğlu: Əslində mənim atam azəri immiqrantı olub. Zamanında Qarsa, ordan da İstanbula gəlib. Mənə Bakı haqqında çox danışıblar, oranı görmək üçün yaman darıxıram.
Əmir Benderlioğlu: Türkiyədə verdiyim bir müsahibədə iki dövlət olaraq bu günə qədər təəssüf ki, daha çox acılarımızı paylaşdığımızı, artıq qəh-qəhələrimizi bölüşməyin vaxtı çatdığını demişdim. Həqiqi bir türkün bir tərəfi Türkiyə, digər tərəfi Azərbaycandır. Bizlər iki ayrı dövlətin fərdləri ola bilərik, amma dünya durduqca Türkiyədə yaşayan türk biləcək ki, nə zaman dara düşsə Azərbaycanda yaşayan soydaşı, qardaşı ona əl uzadacaq.
Eyni şəkildə azərbaycanlı qardaşımıza nə olur-olsun burdan ona qeyd-şərtsiz uzanacaq əllər var.
Azərbaycana gəlmək indiyənə kimi bizə nəsib olmadı. Amma ağlımızın, qəlbimizin yolu bir gün bizi qardaş vətənə aparacaq. Ümid edirəm ki, “Qız qaçıran” sayəsində də bu, qısa zamanda gerçəkləşəcək.
-Bildiyim qədər “Qız qaçıran” birgə rol aldığınız ikinci filminizdir. Birlikdə çalışmanın müsbət və mənfi tərəfləri varmı?
Ceren Benderlioğlu: Əmirlə biz evdə də, işdə də gözəl bir komandayıq. Eyni iş görürük. 8 ildir birlikdəyik. Mən onunla çalışmaqdan zövq alıram. Həmçinin əylənirəm.
Əmir Benderlioğlu: Artıq Cerenlə bərabər işləməyə öyrəşmişik. Bu, bizim üçün çətin olmur. Kimsəyə də çətinlik yaşatdığımızı düşünmürəm. Onunla işləməkdən mən də zövq duyuram.
-Sevgi hekayənizdən də danışıq. Necə tanış olmusunuz? Aktyor olmaqdan başqa, ana-ata olmaq necə bir duyğudur?
Ceren Benderlioğlu: İlk görüşdə aşiq olduq. O gün-bu gün əllərimizi buraxmadıq. 3 yaşında bir qızımız var. Ana olmaq o qədər gözəl bir hissdir ki... Bunu sözlərlə ifadə etmək mümkün deyil. Allah istəyən hər kəsə versin.
Əmir Benderlioğlu: Doğurdan da biz bir-birimizi görər-görməz vurulduq. Tanış olduğum andan Cereni ağlımdan çıxarmadım. Gördüm ki, o da mənim vəziyyətimdədir, ona görə qaçırmağa gərək qalmadı. Çox şükür ki, evləndik (gülür).
Ata olmaq Allahdan hər kəsə dilədiyim bir hissdir. Dünyaya gəlməyinizin səbəbini sizə başa salan bir hadisədir. Allah hər kəsə sağlam, ağıllı və xeyirli uşaqlar nəsib etsin.
-Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.
-Biz təşəkkür edirik. Bizdən bütün qardaş- bacılarımıza sevgilər, salamlar və yaxşı seyrlər...
Nərmin Muradova