Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Azərbaycan Velosiped Federasiyanın dəstəyi ilə həyata keçirilən “Bakı- 2015 İlk Avropa Oyunlarına velosipedlə” adlı layihə çərçivəsində bu ölkənin “Pedalinac” velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən Bakıya yola düşüblər.
Layihə ilə əlaqədar Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Bakıya səfər edəcək velosipedçilərin Dubrovnikdən yola salınma mərasimi təşkil olunmuş və mərasim Xorvatiyanın milli televiziyası HRT 1 kanalında geniş işıqlandırılıb. Mərasimdə çıxış edən səfir Kamil Xasiyev Bakı- 2015 İlk Avropa Oyunları kimi mötəbər yarışın Azərbaycanda keçirilməsinin tarixi hadisə olduğunu qeyd edərək bu hadisənin bütün Avropa idmançılarının ümumi bayramına çevrildiyini bildirib. Səfir 20 idman növü üzrə altı mindən çox idmançının mübarizə aparacağı İlk Avropa Oyunlarına ölkəmizin yüksək səviyyədə hazırlaşdığını qeyd edərək, Oyunların məşəlinin Prezident İlham Əliyev tərəfindən alovlandırıldığını və məşəlin artıq ölkəmizdə səyahətdə olduğunu vurğulayıb.
Səfir K.Xasiyev Xorvatiyanın Bakı- 2015 İlk Avropa Oyunlarında geniş tərkibdə - 200 nəfərlik idman heyəti ilə təmsil olunacağını yüksək qiymətləndirib və “Pedalinaç” velosiped klubu üzvlərinin “Bakı- 2015 İlk Avropa Oyunlarına velosipedlə” layihəsinin bu idman yarışının təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Tədbirdə iştirak edən Dubrovnik şəhərinin merinin müavini layihənin Azərbaycanla Xorvatiya arasında mədəni-idman münasibətlərinin inkişafı baxımından əvəzedilməz olduğunu qeyd edib. Mərasim yerli ictimaiyyət və Dubrovnik şəhərində olan əcnəbi turistlər tərəfindən böyük maraqla qarşılanmış və velosipedçilər böyük alqışlarla Bakıya yola salınıblar. Məlumat üçün bildirək ki, Xorvatiyanın velosiped idmanının və turizminin təşviqi ilə məşğul olan “Pedalinac” velosiped klubunun üzvləri Xorvatiyanın Dubrovnik şəhərindən təqribən 4000 km-lik yürüş edərək Bakıda Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcəklər. Təxminən 35-40 gün davam etməsi nəzərdə tutulan yürüşün marşrutu Xorvatiya - Monteneqro - Albaniya - Makedoniya - Yunanıstan - Türkiyə - Gürcüstan - Azərbaycan olacaq.
BƏXTİYAR