17 İyun 2015 11:33
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazir: “Hazırda yığmamız 19 medalla 2-ci yerdədi. Yarışlar gərgin keçir”

“Sevindirici bir məlumat daxil olub. Ölkə Prezidenti cənab İlham Əliyev Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki qəbul edib.

Bu barədə Azərbaycanın gənclər və idman naziri və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov bu gün “Hilton” oteldə keçirilən mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, bu Oyunların keçirilməsində Patrik Hikinin əməyi böyükdü: "Bu insan bu sevinci Avropaya bağışlayıb. Cənab prezident 70 yaşı tamam olması münasibətilə onu “Şərəf” ordeni ilə təqdim edib. Onu ürəkdən təbrik edirəm”.

A.Rəhimov bildirib ki, oyunların təşkilati məsələləri üçün iki il vaxt sərf edilib: “Çalışdıq ən yüksək nailiyyətlər əldə edək. Hətta xırda detallara da önəm vermişik. Çünki belə yarışlarda kiçik detallar da bəzən böyük rol oynayıq. Şəxsən insanların yarışa bu səviyyədə yanaşmasını gözləmirdim. Hər şeydən çox məmnunam. Nəzərəçarpacaq şikayətlər yoxdu. Yeni layihəni dünyaya təqdim etmək, Oyunlara marağı artırmaq üçün işlər yüksək səviyyədə təşkil edilib. İkinci və ya üçüncü Avropa Oyunlarından belə yüksək təşkilatçılıq gözləmirəm. Bəlkə həmin vaxt heç belə açılış mərasimi olmadı. Avropalı idmançılar rahat yatırlar, yeyirlər, yarışlara vaxtlı-vaxtında gətirilirlər. Onlar da əzmkarlıqla iştirak edib, medal qazanmalıdılar. İstərdim ki, gələcəkdə Oyunlarda dünya rekordu qırılsın”.

A.Rəhimov qeyd edib ki, idman oyunlarının siyasiləşməsinin əleyhinədi: “Bu, çox neqativ haldı. İstəmərəm ki, siyasət idman qarışsın”.

Nazirin sözlərinə görə, Mədəniyyət Nazirliyi və digər müvafiq qurumlar müxtəlif tədbirlər keçirirlər: “Teatrlar, maraqlı sərgilər, tamaşalar görə bilərsiniz. Həmçinin Mədəniyyət Nazirliyi açıq səma altında kiçik konsertlər keçirir. Oyunlardan əvvəl baxanda görürdük ki, cədvəl sıxdı. Amma insanlar bunlara da maraq göstərirlər”.

BAOƏK-in baş icraçı direktoru bilet satışı ilə bağlı da fikirlərini bildirib: “Bəzi sektorlar yayıma görə maraqlı olmur. Çünki kameralar oranı örtür. Bəziləri yüksək vəzifəli insanlar üçün ayrılıb. Biz bilet gizləmirik. Dünən də “Neftçi” klubu azarkeşləri üçün müraciət etdi. Dünən kamandan oxatma yarışlarında o qədər də çox tamaşaçı yox idi. Biz çalışırıq müxtəlif metodlarla bu yarışlara da marağı artıraq”.

A.Rəhimov qarşıdakı illərdə ölkəmizdə keçiriləcək digər böyük idman yarışlarına hazırlıq aparıldığını da bildirib: “FİDE-nin nümayəndələri şahmat üzrə dünya çempionatı üçün tez-tez Bakıya gəlirlər. Fikrimcə, indi elə bir problem yoxdu. Əsas gərginlik yarış öncəsi olacaq. Formula 1-lə bağlı şəhərin bəzi yerlərində asvalt dəyişməlidi. Futbol Federasiyası artıq indidən 2020 Avropa çempionatı üçün hazırlıq görür. Çalışırıq bütün bu işlərə nəzarət edək”.

Nazir bildirib ki, bu Oyunlar Avropa idmançıları üçün sınaqdı: “Olimpiya Oyunlarına cəmi bir il qalıb. Orda psixoloji durum və gərginlik ayrıdı. Bu yarış idmançılar üçün bu baxımdan bir şansdı. Azərbaycanda populyar olmayan bəzi idman növlərində də dirçəlmə hiss edirik. Uşaqların, gənclərin bu yarışlara marağının artdığını hiss edirik”.

Bilet məsələsinə yenidən toxunan Azad Rəhimov tamaşaçı aktivliyinin olduğunu deyib: “Bilet satışı ilə bağlı heç bir problem yoxdu. Bir neçə saat internet işləmədi, hamı bildi. Satışla bağlı texniki problem yoxdu. Olsaydı, hamınız dərhal bilərdiniz. Şəhərin müxtəlif yerlərindən biletləri şəffaf şəkildə almaq olar. Saymon Kleqlə də zarafat edirdik ki, bağlanış mərasiminin biletlərinin qiymətini gərək artıraq (gülür). Çünki açılışa maraq böyük idi. Amma biz bunu etmədik”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər