Avstriya Olimpiya Komitəsinin baş katibi Peter Mennel “Bakı-2015” ilk Avropa Oyunlarının yekunlarına dair bu ölkənin mətbuatı üçün açıqlama verib. O deyib ki, Oyunlar üçün yüksək səviyyədə təşkilatçılıq səriştəsi, bu tədbirin arxasında dayanaraq dəstəkləyən xalq və Oyunlara layiqli ev sahibliyi üçün Bakının mövqelərini möhkəmləndirən ölkə rəhbərliyi yaddaqalan olub.
Yarışlara hazırlığın mükəmməl şəkildə keçirildiyini vurğulayan P. Mennel yeni formatın böyük gələcəyi olacağını qeyd edib. Öz Avropa çempionatlarını keçirməkdə çətinlik çəkən və medianın diqqətini özünə cəlb edə bilməyən bəzi idman növləri gələcəkdə Avropa Oyunlarının çətiri altında geniş tamaşaçı kütləsinə çıxış əldə edə biləcək.
P. Mennel Bakıda qəza nəticəsində xəsarət almış avstriyalı atlet Vanessa Sahinoviçlə bağlı suala cavabında Azərbaycan tərəfinin gənc atletə hər cür diqqət göstərdiyini bildirib. Baş katib, həmçinin qeyd edib ki, ölkənin birinci xanımı, gənclər və idman naziri də avstriyalı idmançının səhhəti ilə maraqlanıblar və hazırda onun sağlamlığının tam bərpa olunması üçün bütün səylər göstərilir.