25 Aprel 2015 14:20
2 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Brifinq”in qonağı əməkdar artist, “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin rəhbəri Suğra Bağırzadədir. “Ulduz” filmindəki “Yetər” obrazı ilə tamaşaçı rəğbəti qazanan Suğra xanım bu qədər gənc görünməsinin sirlərini açdı, aktrisa olmaq üçün göstərdiyi çabalardan danışdı. Hazırda rəhbərlik etdiyi QHT-də floristika və rəssamlıqla məşğul olan S.Bağırzadə aktrisalıqdan rəssamlığa meyillənməsinin səbəblərinə aydınlıq gətirdi.

Nərmin Muradova: Bir serial çəkilirdi, Siz də iştirak edirdiniz, nədənsə efirlərə çıxmadı.
- Elə oldu ki, serialın çəkilişi dayandırıldı. Çünki rejissor Nadir Muqbilov sponsor məsələsini həll etməli idi. Həm də Nadir Muqbilovun özü Rusiyada aktyor kimi filmə çəkilir. İndi serialın ardının olub-olmayacağını bilmirəm. Daha sonra Ramiz Fətəliyevin bir filmində çəkilməyə razılıq verdim. Baş qəhrəmanın anası rolunda çəkiləcəkdim. 2 seriyadan sonra o da dayandırıldı. Səbəbləri mənə tam bəlli olmadı. Dedilər ki, 7, yaxud 8 seriya olacaq, montajdan sonra mayın axırı, iyunda təqdim edəcəyik. Hansı kanalda yayımlanacağını bilmirəm. Bu hadisələrə görə seriallara çəkilməkdən xoşum gəlmir. Kino belədir ki, dəqiq bilirsən ssenari qəbul edilib, aktyor təsdiq olunub, mütləq bu film çəkilməlidir. Amma bizdə serial çəkilişində hər şeyə qarşı etinasızlıq olur.

Aqil Lətifov: Hazırda nə işlə məşğul olursunuz? “Floristika” İncəsənətə Dəstək İctimai Birliyinin rəhbərisiniz. Fəaliyyətinizi daha çox həmin Birliyə həsr edirsiniz?
- 2013-cü ilin axırı, 2014-cü il mənim üçün çətin olub. Çünki 2013-cü ilin sonunda “Floristika” İncəsənətə Dəstək Birliyini yaratdım. Birliyin rəsmi qeydiyyatı üçün sənəd işləri çox vaxt aparır. Sağ olsunlar, mənim adım gələndə hamı hörmət bəslədi, bilirlər ki, mən bu sahə üzrə demək olar tək işləyirəm. Ona görə də hər işdə köməklik elədilər. İyun, iyul, avqust aylarında heç yana getmədim, 12 tələbəmlə birgə işlədik. İnstitutda oxuyan, işləyən qızlar idi, yaş həddi qoymamışdım. Əl qabiliyyəti, dünyagörüşü, floristika və rəssamlıq bacarığı olan qızlara canlı güllərlə işləməyi öyrədirdim. Bütün yayı 12 qızla məşğul oldum. “Azərbaycanfilm” kinostudiyasının nəzdində otaq verdilər, orada çalışdıq. Avqustun 28-də Rəssamlar İttifaqının üzvü olduğum üçün orada fərdi sərgimi keçirdim. Sərginin nəzdində 12 tələbəmin canlı güllərdən hazırladığı işi təqdim elədim. İlk dəfə idi ki, sertifikata imza atdım, onlara sertifikatı təqdim etdim. İndi onların bu sertifikat sayəsində işə düzəlmək imkanları var.

N.Muradova: Bu əsərlərə tələbat varmı?
- Niyə də ehtiyac olmasın? Azərbaycan elə ölkədir ki, turizm inkişaf edir, müxtəlif beynəlxalq forumlar keçirilir. Mərasim salonları və zalların bəzədilməsi dünya standartlarına uyğun gəlmir. Səhnənin kənarında güllərin düzülməsi, tribunanın yanına çələng qoyulmasına öyrənmişik. Artıq dünyada bunlar qəbul edilmir, salonlar başqa cür bəzədilir. Mən Ümumdünya Floristlər Şurasının üzvüyəm. Floristlər Şurasının ildə bir dəfə forumu keçirilir, mən də o forumlarda iştirak edirəm. Orada son illərin dəbdə olan nə varsa, onları qavramağa, öyrənməyə çalışıram. Oradakı ustad dərslərinin hamısında iştirak edirəm. Bütün bunları öz hesabıma öyrənirəm.

“Atam aktrisa olmağa icazə vermədi”

A.Lətifov: Sizin əsas işiniz aktrisalıq idi, necə oldu bu peşəni bir kənara qoyub tamam başqa sahəyə meyilləndiniz?
- Mənim əsas işim aktrisalıq deyildi, mühəndislik idi. Çünki mən indiki Neft Akademisiyasını bitirmişəm, bizim dövrdə Neft-Kimya İnstitutu adlanırdı. Məktəbi qurtaranda iki filmdə çəkilmişdim. Zeynəb Kazımovanın filmində baş rol almışdım, sonra da 8-ci sinifdə oxuyanda hamının sevimlisi “Ulduz” filmində Yetər rolunda çəkildim. Amma 2-ci sinifdə “Cücələrim” mahnısı ilə bağlı Pionerlər Sarayının üzvü olmuşdum, məni həmişə kinostudiyanın dublyaj şöbəsinə dəvət edirdilər. Ələsgər Ələkbərov, Hökümə Qurbanova, Əli Zeynalov kimi möhtəşəm aktyorlarla birgə dublyaj şöbəsində çalışırdım. Kinostudiya Hökumət Evinin yanında idi, 7 nömrəli məktəb də yaxınlıqda yerləşirdi, bir şey lazım olan kimi məni məktəbdən götürürdülər. Məktəbi qurtaranda məni Moskvaya Kinomatoqrafiya İnstitutuna göndərirdilər, atam icazə vermədi. Dedi ki, Bakıda qalacaqsan. Heç Bakıda Teatr İnstitutunda da oxumağa qoymadı. Məktəbi əla qiymətlərlə bitirdim, Neft-Kimya İnstitutu evimizin yaxınlığında idi, artıq mənim üçün harada oxumağın mənası yox idi, ona görə də sənədlərimi həmin ali məktəbə verdim. Yüksək molekullu birləşmələr üzrə mühəndis-texnoloq ixtisası üzrə təhsil aldım. Ailə həyatı qurandan sonra atam işimə müdaxilə etmədi. Mən də kinostudiyada işləməyə başladım. Çünki həyat yoldaşımla bu barədə əvvəldən şərt kəsmişdim (gülür).

Naibə Qurbanova: Mühafizəkar ailədən çıxan bir övlad necə oldu ki, kinoya qayıtdı? Deməli, həyat yoldaşınız Sizə dəstək oldu...
- Çünki məni “Ulduz” filmində görəndə vurulmuşdu. Ona görə də demişdim ki, ya kinoya qayıdacağam, ya da ailə qurmayacağıq. Kişilərin bir pis xasiyyəti var, evlənən kimi istəyirlər, arvadı dəyişdirib öz əllərində bərk saxlasınlar. Həyat yoldaşıma söyləmişdim ki, mənimlə elə nömrə keçməyəcək. Dedim ki, üzr istəyirəm, 10 övladımız da olsa, mən boşanacağam, çünki Kinostudiyada işləyəcəyəm.

N.Qurbanova: Sona qədər o iddilarda qala bildiniz?
- Əlbəttə.

A.Lətifov: Ailədə bu, Sizə maneələr yaratmırdı?
- Yaradırdı, amma maneə, problem olmayan ailə yoxdur axı.

A.Lətifov: Problemlər boşanma həddinə qədər gəlib çatırdı?
- Hər dəfə deyirdim ki, boşanacağam. Yalandan qorxutmaq lazımdır da (gülür). Məsələ uzananda artıq yoldaşımın ürəyi yumşalırdı, qorxurdu ki, boşanaram.

“Aktrisa həyat yoldaşının mənliyini qorumalıdır”

N.Qurbanova: Qadın iddialı olarsa, ailə ilə sənəti eyni səviyyədə idarə edə bilər?
- Əlbəttə. Deyirlər ki, seçim et: ya ailə, ya sənət. Bu, düzgün deyil. Sənətin ailəyə heç bir aidiyyatı yoxdur axı. Sən yaxşı həyat yoldaşısansa, evdə xörəyin varsa, evin təmizdirsə, kişinin paltarı yuyulubsa, o sənə nə deyə bilər? Özünü normal aparırsansa, xalq arasında hörmətin varsa, heç kəs sözünü danışmırsa, normal rollar oynayırsansa, problem yaranmaz. Təbii ki, qadın kişinin mənliyini qorumalıdır. Həyat yoldaşının mənliyinə toxunacaq filmlərdə çəkilirsənsə, təbii ki, onu qəbul etməyəcək.

N.Qurbanova: Siz gözəl qadın olmusunuz, yəqin kənardan komplimentlər deyənlər olurdu. Bu, Sizə çətinlik yaratmırdı?
- Gözəllik iki halda qadın üçün problem yaradır: birincisi, gözəllik olmayanda, ikinci halda isə gözəllik olub amma istedadın, başqa bir işin olmazsa. Mənim o qədər işim olur ki, gözəllik yadıma düşmür. Mənə kompliment deyəndə təşəkkür etmişəm. Kinostudiyada aşqarlanma sexinə gəldim, orada laborant vəzifəsindən başladım, müdir vəzifəsinədək qalxdım. Bunlar elə vəzifələr idi ki, filmlərə başımla cavabdeh idim. “Plyonka”ları yoxlayırdım, camaatın işini yerə vura bilməzdim, diqqətli olmalı idim. Hərdən soruşurlar ki, filmlərə niyə az çəkilmisiniz? Deyirəm mənim aktyorluqdan başqa əsas işim mühəndislik idi. Diplomuma çox hörmət edirəm.

N.Muradova: Həyat yoldaşınız da mühəndisdir?
- Bəli, o Politexnik İnstitutunu bitirib.

A.Lətifov: Sonda yoldaşınız istəyinə çatıb da, Siz sənətdə deyilsiniz.
- Həmişə sənətdəyəm. İşim çox olduğundan kinolara çox çəkilməyə vaxtım yox idi.

N.Muradova: “Alma almaya bənzər” filmi çəkiləndə ailəli idiniz?
- Bəli, film çəkiləndə ailə qurmuşdum. Qubadakı çəkilişlərdə iştirak etməli idim. Arif Babayevə dedim ki, mən Qubaya gedə bilmərəm. Ona görə də pavilyon qurdular. Bütün film Qubada çəkilib qayıtmışdı, soruşdum ki, çəkdiniz? Dedi ki, yox, sabah sənin çəkilişindir. Dedim paltar filan yoxdur, məni necə çəkəcəksiniz? Cins şalvar, köynəkdə idim. Söylədi ki, sabah bax belə gələrsən. Pavilyonda 2 gün məni çəkdilər. Filmi Moskvada təhvil verməyə apardılar. Narahat idim ki, Qubada tamam başqa geyimdə olan aktyorlardan sonra mən cins şalvar, köynəkdə çəkilmişdim. Arif Babayev çox zarafatcıl insan idi, qanı qara vəziyyətdə gəlib yanıma dedi ki, sənin ucbatından filmi götürmədilər. Dedim mən Sizə dedim lazım deyil, mən çəkilməyim. Sonra dedi ki, zarafat edirəm, filmi götürdülər, sadəcə, dedilər ki, Qubanı Parisə döndərmisən (gülür). Rayonlarda çəkilməyə imkanım yox idi. Hansı rejissor mənim mütləq şəkildə filmdə olmağımı istəyirdisə, pavilyon qururdu. O vaxt pavilyon çox baha başa gəlirdi, hər kino qrup bunu öz üzərinə götürə bilməzdi.

N.Qurbanova: 1990-cı illərdə müstəqillik qazanandan sonra yaradıcı adamların bir çoxu, xüsusən Bakıda doğulan insanlar xaricə getdilər, fəaliyyətlərini də dayandırmadılar. Həmin şəxslər arasında musiqiçilər, aktyorlar oldu. Sizdə belə bir istək olmuşdu?
- Yox, heç vaxt belə istək olmayıb. Dünyanın demək olar ki, yarısından çoxunu gəzmişəm. Hər yana əsərlərimlə gedirəm. Mənə qalmaqla bağlı çox təkliflər gəlir. Yüksək postda əyləşən insanlar, mədəniyyət nazirləri təklif edirlər ki, qalım rəssamlıq sənətini həmin ölkədə öyrədim. Mənsə ailəyə, Azərbaycana çox bağlı insanam. Bir yana getdimsə ən çox 15 gün qala bilərəm. Cəmi bir dəfə Kaliforniyada birinci dəfə 2 ay qalmışdım. O vaxt Kaliforniya mənim üçün çox maraqlı idi, Santa-Barbara, Las-Veqas, Universal Studio, Hollivud kimi baxmalı yerlər vardı. Həm rəssam, həm də aktyor kimi mənim üçün maraqlı olduğundan orada çox qaldım, amma darıxdım.

Nərgiz Ehlamqızı: Özünüzü daha çox rəssamlıqda tapırsınız, yoxsa aktrisalıqda?
- İndi daha çox rəssamlıqda. Artıq təqaüdə çıxmışam, mühəndis kimi işləmirəm. Müəllimlərimin, hökumətin qarşısında borcumu yerinə yetirdim. Çəkiləsi film yoxdur, ona görə də özümü rəssamlıqda tapıram. Əlbəttə, aktyor işi üçün çox darıxıram. Yaxşı ssenari, rejissor işi olsa, qiymətləndirirəm, çəkilərəm.

A.Lətifov: Bəyəndiyiniz rollar yoxdur, yoxsa ümumiyyətlə, filmlərlə bağlı təkliflər olmur?
- Mən bir az köhnə adamam. Bizim dövrümüzdə rejissorlarla iş mühiti tamam başqa cür idi. İndiki rejissorlarla ünsiyyətdə olanda başa düşürəm ki, nə isə xoşuma gəlmir, çəkilmirəm.

N.Muradova: Sizi daha çox nə uzaqlaşdırır?
- Ssenari, dramaturgiya, başa düşməzlik. Mən özüm həm filmlərdə çəkilmişəm, həm mühəndis kimi filmlərlə işləmişəm, filmi səsləndirmişəm, dünyada çox film görmüşəm. Yeri gəlmişkən, dublyaj böyük aktyor işidir. Çünki sən öz səsinlə rolu həm qaldıra, həm də öldürə bilərsən. Aktyorluq işinə də, öz işimə də hörmət edirəm. Xoşuma gəlmirsə, çəkilə bilmərəm. Yaxşısı budur, insanların yaddaşında çəkildiyim filmlərlə qalım.

“Rejissor nə deyirsə, aktrisa onu da oynamalıdır”

N.Qurbanova: Bu yaxınlarda serialların birindəki açıq-saçıq səhnə geniş rezonans doğurdu. Tənqidlərlə yanaşı belə fikirlər də səsləndi ki, bu səhnələr yerli seriallarımızda olmalıdır. Sizin fikriniz necədir?
- Təəssüf ki, bizim cəmiyyət bu cür səhnələrə hazır deyil. Bizdə heç bir filmdə açıq-saçıq kadrlar olmayıb. Üstüörtülü səhnələrə belə insanlar reaksiya verir. Biz hələ öz tamaşaçılarımızı bu cür səhnələrə hazırlamamışıq. Aktrisanı filmdə hansı obrazda görürlərsə, elə bilirlər həyatda da bu yolun yolçusudur. Rejissor aktrisaya nə deyirsə, onu da oynamalıdır. Aktrisa insanları öz rolu ilə əsəbiləşdiribsə, deməli, rolu yaxşı oynayıb, ona qiymət vermək lazımdır. Xatırlayırsınızsa, Şahmar Ələkbərovun “Sahilsiz gecə” filmi necə ajiotajla qarşılanmışdı, amma o filmdə böyük aktyorlar peşəkarcasına oynamışdılar.

N.Qurbanova: “Təhminə” filmində baş rolu türk aktrisa canlandırsa da, hələ də o rol birmənalı qəbul olunmur...
- Başım çıxmır bizim camaat bu qədər görür, oxuyur, internet məkanına daxil olur, amma düşüncəsi niyə dəyişmir. Bizim vaxtımızda xaricə getməyə belə icazə vermirdilər. Sorğu-sual edirdilər ki, getdiyin ölkənin himnini, qayda-qanunlarını bilirsənmi. Sonda ya buraxırdılar, ya da icazə vermirdilər. İndiki cavanların isə bütün imkanları var. Mənim qızlarıma verdiyim tərbiyə başqadır, qızımın nəvələrimə verdiyi tərbiyə bir başqa cürdür. Məncə, cəmiyyətimiz lazımi səviyyəyə gəlib çatacaq, amma bir az gec olacaq, biz ondan bir xeyir görməyəcəyik. Mənim 4 nəvəm var. Böyük oğlan nəvəmin 13, kiçiyin 5 yaşı, qız nəvələrimin isə 10 yaşı var. Mənim internetimdə problem olanda çağıranda tez düzəldir, deyirəm asta elə, mən də öyrənim. Qayıdır ki, sən indi bunu özün üçün hələ vərəqdə qeyd edəcəksən, hövsələm yoxdur (gülür). Hər şeyi də məndən yaxşı bilir. Düşünürəm ki, ailəyə bağlılıq, böyüklərə hörmət kimi xüsusiyyətlərimizi saxlaya bilsəydik, lap yaxşı olardı.

N.Qurbanova: Monika Belluçi sosial şəbəkədə şəklini paylaşır. Kişili-qadınlı hamımız onun şəninə xoş sözlər deməyə başlayırıq. Doğrudan da, gözəl qadındır. Türk aktrisa Nebahət Çəhrə yaşına görə gənc görünür və gözəldir. Mənə görə Suğra Bağırzadə də onlardan heç geri qalmır.
- Çox sağ olun.

N.Qurbanova: Onların cəmiyyəti bu qadınları göylərə qaldırır. Bizdə niyə gözəl və istedadlı aktrisalarımızı sevən toplum yoxdur?
- O qadınlar camaat üçün qeyri-adi bir məxluqa çevriliblər. Çünki onların ətrafında reklam çoxdur. Reklamçılar onların gözəlliyindən istifadə edirlər, pul qazanırlar, filmlərə gözəlliyinə görə çəkirlər. Monikaya pis aktrisadır demək olar? Heç vaxt! Çünki onlar belə qadınlar üçün çox pul xərcləyirlər. O qədər adam var, onların içindən birini seçirlərsə, bunun üçün çoxlu maliyyə xərcləyirlər, dərs keçirlər, lazım olanda xarici görünüşünü bir az da dəyişirlər.

N.Muradova: Yəni ortalığa məhsul qoyurlar.
- Bəli, demirlər, ucuz ətin şorbası olmaz. Özümüzünkülərə qiymət verməyi, onların gözəlliyindən, əqlindən istifadə etməyi gərək bacarasan. Bax bu, bizdə o qədər yüksək səviyyədə deyil. Canlı simfonik orkestrin müşayiəti ilə böyük teatrın səhnəsində “Cücələrim” mahnısını oxuyanda uşaq kimi Azərbaycanda, Sovet məkanında qeyri-adi məxluqa çevrilmişdim. Görürsünüz necə oldu, atam dedi yox, aktrisa ola bilməzsən, mühəndis oldum. Sonra mühəndislik aktyorluq işimə mane oldu, çünki başqa respublikalardan kinolara çəkilməyə dəvət edirdilər, gedə bilmirdim. Ona görə ki, əsas işim vardı.

N.Qurbanova: Nə əcəb müğənni yox, aktrisa oldunuz?
- Heç vaxt müğənni olmaq istəməmişəm. Hərdən deyirlər bir şey oxu, oxumuram. Deyirəm rəssam və aktrisa oldum, çünki bacarığım var, ali təhsil alıb mühəndis olmuşam. Oxumağa başlasam, onda məni öldürəcəklər, deyəcəklər etmədiyin iş qalmadı (gülür). Ona görə də yaxşısı budur, bu sahəyə toxunmayım. Oynamaqla, oxumaqla işim yoxdur.

N.Qurbanova: Atanıza heç etiraz etmirdiniz?
- Yox, nə ixtiyarım vardı ki. Özümü guya ondan küsmüş kimi göstərirdim. Amma işdən gələn kimi başmaqlarını qabağına qoyurdum, onun üçün çay dəmləyirdim.

N.Muradova: Evdə köməkçiniz var, yoxsa ev işlərini özünüz görürsünüz?
- Evi yığışdırmasam da, xörəkləri özüm bişirirəm. Çünki başqası hazırlayan kimi yoldaşım bilir ki, mən bişirməmişəm.

N.Muradova: Yoldaşınıza nə bişirməyi xoşlayırsınız?
- Ən çox kotleti, sulu xörəklərdən borşu xoşlayır.

“Həyat yoldaşımı ağlına görə seçdim”

N.Muradova: Onu necə seçdiniz?
- “Hə” cavabı alana qədər qarabaqara dalımca düşüb (gülür). Biz var-dövlət arxasınca qaçmırdıq, ağıllı oğlanları seçirdik. Bizim telefonumuz, internetimiz yox idi. Yalnız kitabları bir-birimizə dəyişməklə, söhbət etməklə, “Tarqovı”da görüşməklə, bir-birimizə informasiya ötürməklə yaxınlıq edirdik. Mənə onunla söhbət etmək maraqlı idi, həyat yoldaşımı ağlına görə seçdim.

A.Lətifov: O illərdən ötrü nə üçün darıxırsınız?
- Aktyor işi, köhnə rejissorlarımız üçün darıxıram. Bircə ondan narahat deyiləm ki, mənim 68 yaşım oldu, bu illər ərzində heç bir dost itirməmişəm. Məndən rəfiqə kimi heç kəs imtina etməyib. Özüm kimlərdənsə uzaqlaşmışam. Xasiyyətim elədir ki, heç bir söz demərəm, amma elə uzaqlaşacağam, başa düşəcəklər ki, artıq onlarla yaxınlıq etmək istəmirəm.

R.Xəlil: Əsərlərinizi satırsınız?
- Çox az. Harada görürlər ki? Əsərlərimizi yalnız sərgidən-sərgiyə nümayiş etdirirəm. Emalatxanam yoxdur. Amma Kinostudiyada bir otaq veriblər. Orada əsərlərim asılıb. Bütün görüşlər orada keçir, evə heç kəsi dəvət etmirəm. İstəmirəm ailəmə müdaxilə olsun.

“Mənim işlərimin dünyada analoqu yoxdur”

N.Muradova: Floristika kifayət qədər çox vəsait aparır, əsərlərinizi sata bilməyəndə onun pulunu yəqin başqa yerdən əldə edirsiniz.
- Ailəm, yoldaşım, uşaqlarım, özüm aktyor işindən vəsait əldə edirəm. Az halda olur ki, rəssam sağlığında əsərlərindən gəlir əldə edir. Bəlkə də dünyamı dəyişəndən sonra əsərlərimi almağa başlayacaqlar (gülür). Mənim işlərimin dünyada analoqu yoxdur. Ümumdünya Floristlər Şurası 2003-cü ildə mənə floristika industriyasında yeni professional səmt yaratdığıma görə sertifikat verib.

N.Ehlamqızı: Hansı gülü sevirsiniz?
- Bütün gülləri sevirəm, çünki onlar mənim işçi materialımdır. Dibçək güllərim də çoxdur. Mən balaca budağa, çöl gülünə də böyük hörmət edirəm.

N.Muradova: Yəqin Sizi güllə təəccübləndirmək çətin olar...
- Həyat yoldaşım artıq öyrənib, gül mağazasına gedəndə deyir ki, Suğra xanım üçün alıram ha, məni biabır etməyin (gülür).

N.Ehlamqızı: Uşaq vaxtı AzTV-də “Kinoklubda görüş” adlı veriliş gedirdi, hamı o veriliş başlayan kimi ekran başına yığılardı...
- Görürsünüz, yaşım belə bəlli olur (gülür). Çox adam yaşını gizlədir. Amma mən heç vaxt gizlətmirəm. Çünki yaşı gizlətmək gülməlidir, bu yaşın nəyini gizlədəsiniz. Həmin verilişdəki aktyorların çoxu dünyasını dəyişib. İndiki serialların hamısına baxırsınızmı? O aktyorları kinokluba gətirsələr, kim baxacaq? Bizə ona görə baxırdılar ki, doğrudan da maraqlı insanlar idik. Tamaşaçı bizim kinodan kənar həyatımızı, gülməyimizi, danışmağımızı, oynamağımızı, zarafatımızı görürdü. Çox adam deyir heyf o kinoklub yoxdur.

N.Qurbanova: Deyirlər, gözəl qadınların yaş qorxusu olmur. Bəlkə özünüzə əminliyinizdən irəli gəlir?
- Ağılsız adam yaşından qorxar. Şükürlər olsun, bu yaşımda ailəm, övladlarım, nəvələrim, dostlarım, həyatda qazandığım səviyyə var. Niyə yaşımı gizlədim ki? Mən filmdə 45 yaşlı bir xanım obrazında çəkilirəm, ekranda 45 yaşlı qadına oxşayıram. Hər yanda deyim ki, 45 yaşım var? Elə qızımın 43 yaşı var, gülməli gəlməz? Başım çıxmır qadınlar yaşlarını niyə gizlədirlər.

R.Xəlil: Kompleksləri var da.
- Çox doğru dediniz, məndə kompleks yoxdur. Səndən cavan, gözəl, ağıllı, dövlətli insanlar ola bilər. Ona görə deyirlər ki, yuxarıya baxıb qanını qaraltmaqdansa, aşağıya baxıb şükür etmək lazımdır. Bu, insanın həyatında qanun kimi olmalıdır. Uşaqları da belə tərbiyə etməlisən. Həmişə deyirəm ki, uşaqlara ilk növbədə “yox” sözünü öyrətmək lazımdır. Mən sənə bunu verirəm ona görə ki, imkanım buna çatır. Bundan da yaxşısı var, amma şükür elə ki, bu var. Xoşuna gəlmirsə, səni qane etmirsə, get oxu, işlə, məndən yaxşı ana, ata ol.

N.Qurbanova: Özünüzü siyasi aləmdə sınamaq istəmisiniz?
- Yox, siyasətdən çox uzaq adamam. Amma siyasi xəbərlərə nəzər yetirirəm. Evdən çıxanda fikirləşirdim ki, Sizinlə görüşə gələcəyəm, Putin danışmalı idi, qulaq asa bilməyəcəyəm (gülür).

R.Xəlil: Rusiya Prezidentinin pərəstişkarısınız?
- Yox, pərəstişkarı deyiləm. Sadəcə, Putinin keçirdiyi brifinqlərdə ağıllı sualları və ona verilən cavabları izləməyi xoşlayıram.

N.Qurbanova: Son vaxtlar bir çox dövlət qurumlarında qadınlar vəzifəyə daha çox çəkilir. Bu tendensiyanı necə dəyərləndirirsiniz?
- Biz artıq elə zamanda yaşayırıq ki, biz qadını və ya kişini qabağa çəkməkdənsə, ağıllı insanı irəli çəkməyə üstünlük verməliyik.

“Qənirə Paşayeva ilə tez-tez ünsiyyətdəyəm”

N.Ehlamqızı: Bir çox sənətçi xanımlar və ya aktrisalar qadın deputatlarla rəfiqəlik edirlər. Sizin elə bir rəfiqəniz var?
- Rəfiqə deyə bilmərəm, amma Qənirə Paşayeva ilə tez-tez ünsiyyətdəyəm. Çox hörmətcil qadındır, TRT televiziyasında mənim haqqımda 1 həftəlik veriliş gedirdi, məni dəvət etmişdilər, canlı yayımda Qənirə xanım zəng elədi, ürək sözlərini dedi. Çox diqqətcil adamdır, sərgimə də gəlmişdi.

A.Lətifov: Qənirə xanım əsərlərinizdən alıb?
- Yox, mən ona bir əsərimi hədiyyə vermişəm.

N.Muradova: Uzun müddətdir ki, Sizi uzun saçda görmürük.
- Qocalmışam da (gülür). Uzun saçı gərək cavan qızlar saxlasın.

R.Xəlil: Bir çox gənc oğlanlar üçün arzulanan qadın olmusunuz. Kinoya baxıb deyirdilər, kaş belə qadınla tanış olardım. Sizin kimi qadınla ailə qurmayanda ruh düşkünlüyü yaşayıblar. Özünüz kənardan münasibətlərdə kişilərin arzuladığı qadın olduğunuzu hiss etmisiniz?
- Bunu həmişə hiss edirəm (gülür). Uşaqlıqdan indiyədək hər zaman bunu duymuşam. Artıq normal vəziyyət sayıram. Uşaq olanda hamının xoşuna gəlirdim, çünki həm əlaçı idim, həm xarici görünüşüm yaxşı idi, uzun hörüklərim vardı, Pionerlər Sarayında oxuyub oynayırdım, Sovet məkanı məni tanıyırdı. Başa düşürdüm ki, doğrudan da, sevilməli qızam. İnstitututda, idarədə həmin şeyləri anlayırdım.

A.Lətifov: Gözəlliyiniz yoldaşınıza narahatlıq yaratmayıb?
- Niyə yaratmayıb, indiyədək yaradır. Amma neyləmək olar? Öz seçimidir də (gülür). Gözləyirdi ki, qocalacam, dəyişəcəyəm, geyimim başqa cür olacaq, bir azdan 70 yaşım olacaq, amma alınmır (gülür).

R.Xəlil: Kürəkənlərinizdən razısınız?
- Onlar məndən razı olsunlar. Çünki qayınananın adı həmişə ağır olur( gülür), Münasibətlərimiz normaldır.

“Əməkdar artist fəxri adını 62 yaşında verdilər”

A.Lətifov: Xalq artisti fəxri adını almağı gözləyirsiniz?
- Heç nə gözləmirəm, versələr də, verməsələr də sağ olsunlar. Mənə Əməkdar artist fəxri adını da gec, 62 yaşında verdilər. Gedib qapı döyüb xahiş edən deyiləm ki.

N.Ehlamqızı: Gözünüzün çox gözəl rəngi var, övladlarınız Sizə oxşayır?
- Gözümün rəngi nəvəmin birinə keçib.

R.Xəlil: Babanız, yaxud nənəniz başqa millətdən deyil?
- Yox, Çəmbərəkənddənik. Mənə atamın nənəsinin adını qoyublar. Məşədi Kərbəlayi molla Suğra xanımın adını daşıyıram. Suğra xanımın da gözləri yaşıl olub. Adını mənə qoyublar, özüm də ona oxşayıram. Bizim nəsildə Məkkəyə gedən ilk mən olmuşam. Ad insanı harasa yönəldir.

Nərgiz EHLAMQIZI

Foto: Rəşad ABBASOV


Müəllif: