13 May 2015 13:25
2 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

2 qat paralimpiya, 2 qat dünya, 5 qat Avropa çempionu İlham Zəkiyev "Bakı-2015" I Avropa Oyunlarına cəmi 30 gün qala "Brifinq"ə təşrif buyurdu. Avropa Oyunlarında cüdo üzrə Azərbaycanı təmsil edəcək İ.Zəkiyev bu mötəbər idman yarışına hazırlıqlardan, ölkəmizin potensialından danışdı.

Kiçik yaşlarından qardaşının məsləhəti ilə güləşlə məşğul olan İlham Zəkiyev 1999-cu ildə Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən düşmən snayperinin gülləsinə tuş gəlib. Güllə sol gicgahından daxil olub sağ gicgahından çıxıb, bu yaradan sonra onun görmə qabiliyyəti itib. Lakin ailəsinin və dostlarının dəstəyi ilə özünü toparlayan idmançı yenə meydana qayıdır. Bu dəfə paralimpiyaçı kimi.

"Brifinq"in formatını bilən İlham Zəkiyev "Teleqraf"çıları qırmadı, Oyunlara hazırlıq ərəfəsində sıx qrafikinə rəğmən, redaksiyamıza qonaq gəldi. Söylədi ki, həmişə media ilə əməkdaşlıq etməyə çalışır: "Çünki bizim qələbə və uğurlarımızı tamaşaçı, dinləyici və oxuculara media qurumları çatdırır".

Nərgiz Ehlamqızı: "Bakı-2015" I Avropa Oyunlarına 30 gün qalıb. Hazırlıq necə gedir? Gözləntilər nədən ibarətdir?
- Cəmi 30 gündən sonra tarixi bir hadisənin şahidi olacağıq. Azərbaycanda ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu Oyunlarda paralimpiyadan yalnız cüdo idman növü salınıb. Kişi idmançılardan Azərbaycanı mən təmsil edəcəyəm. Bunu eşidəndə çox sevindim. Bu, qürurverici və məsuliyyətli işdir. Təlim-məşq toplanışımız artıq başa çatıb. Oyunlara Olimpiya yığma komandası ilə birgə hazırlaşırıq. Çalışırıq ki, ölkəmizi layiqincə təmsil edək, azarkeşlərimizi sevindirək. Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin müsbət amilləri çoxdur. Doğma divarlar, azarkeşlərimizin dəstəyi bizim xeyrimizə işləyəcək. Çalışacağıq, ondan faydalanaq.

N.Ehlamqızı: Adətən, futbol matçlarında doğma meydanda oynamaq futbolçunun məsuliyyətini ikiqat artırır. Cüdoçularımız öz meydanımızda ilk dəfə yarışacaq?
- Yox, ilk deyil, 2007-ci ildə Əl Oyunları sarayında Avropa çempionatı olmuşdu, orada ikinci dəfə Avropa çempionu adını qazandım. Məsuliyyət birə on artır. Bizə olan ümidləri doğrultmağa çalışacağıq.

"Avropa Oyunlarına gələn rəqiblərim məni yaxşı tanıyır"

N.Ehlamqızı: Hansı ölkə təmsilçisi ilə mübarizə bir qədər çətin görünür?
- Rəqiblər bəllidir, Avropa Oyunlarına reytinqdə öndə olan ən güclü 8 idmançı dəvət olunub. Rəqibə zəif baxsan, qələbə səninlə olmaz. Ona görə də hər bir rəqibə qarşı xüsusi hazırlaşırıq. Oyunlara gələcək cüdoçuların 50 faizi ilə güləşmişəm, onlar da məni yaxşı tanıyır.

Aqil Lətifov: Bəzi qüvvələr I Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin əleyhinədir. Sizin mövqeyinizi bilmək istərdik, yarışın ölkəmiz üçün nə xeyri var?
- Oyunlar Azərbaycanın tanınmasında böyük rol oynayır. Tikilən idman kompleksləri, qurğularının hamısı Oyunlardan sonra Azərbaycanda qalacaq. Gənclərimiz ondan istifadə edəcək, bunun nəyi pisdir ki?!

"Xaricilər Azərbaycan adından çıxış etməyə can atır"

A.Lətifov: Tanınmamış ölkənin idmançısı kimi döyüşməklə nüfuzlu ölkənin idmançısı olmaq arasında fərq, yəqin, var.
- Fərq çoxdur, indi ölkəmizi tanıyırlar. Azərbaycan idmançıları arzuolunmaz rəqiblərə çevrilib. Ötən il ABŞ-da dünya çempionatına getmişdik, trenajor zalında güləşçilər vardı, amerikalılar soruşdular ki, haradansınız? Deyəndə azərbaycanlıyıq, söylədilər ki, yaxşı güləşçiləriniz var. Əvvəl Azərbaycanın adını çəkəndə tanımırdılar, biz də çətinlik çəkirdik. Öncə Azərbaycan idmançıları xaricə qaçırdılar, indi isə xaricilər Azərbaycan adından çıxış etməyə çalışırlar.

N.Ehlamqızı: İlham Zəkiyevin qələbələri oxuculara yaxşı məlumdur. Amma istərdim idmana gəlişinizlə bağlı daha geniş danışasınız. Səhv etmirəmsə, əvvəlcə sərbəst güləşlə məşğul olmusunuz...
- 10 yaşım olanda böyük qardaşım Fikrət sərbəst güləşçi idi, məni də özü ilə məşqlərə aparırdı. 3 ilə yaxın güləşlə məşğul oldum, sonra məşqçimiz xaricə getdi, heyətimiz dağıldı. 15 yaşında Sumqayıt şəhərində Mehdi Hüseynzadə adına şəhər stadionunda Əhməd Rəcəblinin başçılığı altında cüdo məşqlərinə başladım. Kiçik yaşlarında televizorda tez-tez qaydasız döyüşləri izləyirdim, hər bir gənc oğlan kimi hamıdan güclü olmaq istəyirdim. Mən kikboksçunun, karate ustasının, yaxud boksçunun bir döyüş udduğunu görməmişdim, qalib gələn yalnız cüdoçular idi. Ona görə də cüdoya həvəsim yarandı. Bu idman növü məndə yaxşı alınırdı. Qısa müddətdə respublikadaxili uğurlarım da oldu, dəfələrlə şəhər çempionu, respublika mükafatçısı oldum. 1998-ci ilin iyununda isə Azərbaycan kubokunun qalibi oldum.

N.Ehlamqızı: Övladlarınız arasında idmana həvəsi olan var?
- Üç övladım var, böyük oğlum İlkin 3-cü sinifdə oxuyur, qızım Aynur 1-ci sinifdə təhsil alır, sonbeşiyimiz Həmzənin isə mən Avropa Oyunlarında güləşən gün 2 yaşı tamam olacaq. Həvəsləri var, amma hələ ki oxuyurlar, dərsdən gələndən axşamacan elmlə məşğul olurlar.

Sevil Hilalqızı: İdmana maraq genetikdir? Nəslinizdə Sizdən öncə idmançı olub?
- Beynəlxalq aləmdə Azərbaycanı təmsil edən olmayıb. Qardaşım idmanla ciddi məşğul olub, amma qohumlar arasında həvəskar səviyyədə idmanla maraqlananlar var. Özüm də idmana başlayanda fikirləşmirdim ki, nə vaxtsa peşəkar idmançı olaram. Həvəskar kimi başlamışdım, tale elə gətirdi ki, peşəkar idmanla məşğul oldum.

Dilqəm Əhməd: İdmançı gücündən yarışdan əlavə hər hansı münasibətlərdə istifadə halları olurmu? Gəncliyinizdə gücünüzü hansısa mübahisə zamanı istifadə etmisiniz?
- İdmançı kodeksi var, yaxşı idmançı heç vaxt öz gücünü həyatda göstərməz. Mən yaşıdlarımdan həmişə fiziki göstəricilərimə görə seçilmişəm, məndən çəkinirdilər.

D.Əhməd: Rinqə çıxanda həm zalda çox azarkeş olur, həm də televiziya vasitəsilə yarışa milyonlar baxır. Məğlub olan anda başqa ölkənin bayrağının qaldırılması, himninin səslənməsi hissi necədir? Yaxud qalib gələndə öz dövlət himnimiz çalınır. Bu iki hissi necə ifadə edərdiniz?
- İdmanda məğlubiyyət də, zəfər də var. İdmançı udar da, uduzar da. Qalib tək Allahdır. Məğlub olmasan, qalib gələ bilməzsən. London paralimpiya oyunlarında mən bürünc medal qazandım, 3-cü yerlə kifayətləndim. Orada yapon idmançıya məğlub oldum, təltifolunmada Yaponiyanın himninə qulaq asmalı oldum. Təbii, bu, yaxşı hisslər deyil. Qalib gələndə Azərbaycan himni səslənəndə, bayrağımız qalxanda, zalda olan insanların ayaq üstdə bizim himnimizə qulaq asması çox qürurverici və fəxrolunası andır. Hər bir Azərbaycan idmançısına o anları yaşamağı arzulayıram.

"Bəxtiyar dedi ki, mən o himnə ayaq üstdə qulaq asa bilməzdim"

N.Ehlamqızı: Erməni idmançısı ilə qarşılaşmısınız?
- Ermənistan hələ o səviyyədə deyil ki, bizimlə gəlib güləşsinlər. Elə bir erməni idmançısı yoxdur ki, mən olduğum səviyyəyə çatsın, mənə rəqib olsun. Axırıncı paralimpiya oyunlarına 4 idmançı ilə qatılmışdılar, cüdo da yoxdurlar. Onların paralimpiya oyunlarında bir medalları belə yoxdur.

N.Ehlamqızı: Bu yaxınlarda samboçu Bəxtiyar Abbasovun erməni himni səslənəndə oturduğuna görə cəzalanması ilə bağlı məsələ də qaldırılıb.
- Bəli, Bəxtiyar Abbasovu tanıyıram. O, Xocavənd rayonundandır, ermənilərin törətdiyi vəhşiliklərin canlı şahidi olub. Bəxtiyarın özü ilə də danışdım, dedi ki, mən o himnə ayaq üstdə qulaq asa bilməzdim.

Aygün İlqarqızı: İdmançı dostu olaraq onun bu hərəkətinə nə fikir bildirdiniz?
- Mən ona təsəlli verdim. O, əvvəlcədən fikirləşməmişdi ki, bu hərəkəti edəcək, ürəkdən gələn bir şey idi.

N.Ehlamqızı: O an psixoloji bir andır. Məşqçi tərəfindən belə mövzularla bağlı məsləhətləşmələr olurmu?
- Əlbəttə, olur. Bu gün hər bir azərbaycanlı düşmənimizin, dostlarımızın kim olduğunu bilir. Heç bir idmançı istəməzdi ki, düşmən ölkənin idmançısına məğlub olsun. İdmançını qınamaq, idmanı siyasətə çevirmək lazım deyil. İdmançı düşmənə qalib gəlməyi hamıdan çox istəyir. Bir şeyi qeyd edim ki, Bəxtiyar erməniyə uduzmamışdı. Yarımfinalda rusiyalı idmançı ilə qarşılaşmışdı, tərəfkeşlik də olmuşdu. Bəxtiyarın döyüşündən xeyli qabaq boks yarışında azərbaycanlı gənc boksçu finalda erməni boksçunu udmuşdu, təltifolunmada erməni boksçu medalı boynundan çıxarıb atmışdı. O hərəkətinə görə boksçunu cəzalandırdılar, idmandan kənarlaşdırdılar.

Aqil Lətifov: Bəxtiyar Abbasovun Xocavənd rayonundan olduğunu dediniz, Qarabağ hadisələri heç bir azərbaycanlının həyatından təsirsiz ötüşməyib, bu olaylar Sizin də həyatınızda müəyyən iz buraxıb...
- Böyük qardaşım 1994-cü ildə Murovda ayağını itirmişdi, 3 il əvvəl dünyasını dəyişdi, II qrup Qarabağ əlili idi. Əmim oğlu da ayağından yaralanıb, hələ də böyründə güllə ilə gəzir. Qarabağ hadisələri hər bir azərbaycanlı ailəsinə toxunub.

A.İlqarqızı: İdmançıların qələbə sevincini azarkeşləri və doğmaları müxtəlif tərzdə qeyd edir. Yadımdadır, çempion olaraq Bakıya qayıdanda hava limanında Sizi kimsə kürəyinə qaldırmışdı.
- Hə, Moskvadakı güləşçi qardaşım idi. Məni ancaq qardaşım kürəyinə qaldıra bilər (gülür). Olimpiya çempionlarımızın hamısının Allah köməyi olsun, Namiq Abdullayev 55 kq çəki dərəcəsində güləşirdi, Fərid Mansurov 66 kq, Elnur Məmmədli 73 kq çəki dərəcəsində olimpiya çempionu olmuşdu, onları kürəyə qaldırmaq elə də çətin deyil, amma İlham Zəkiyev 100 kq-dan artıq çəki dərəcəsindədir. Ona görə deyirəm, məni ancaq qardaşım qaldıra bilər. Çox adam sual verirdi ki, səni kim idi boynuna qaldıran? Qardaşıma həm sevincdən güc gəlmişdi, həm də özü idmançıdır.

"Çox adam deyir ki, görmədən necə güləşirsən?"

S.Hilalqızı: Qardaşınız Sizdən öncə yaralanmışdı, özünüz də döyüşlərdə yara aldınız, bu ağır vəziyyətdən, stressli anlardan çıxarmaq üçün kim dəstək oldu? Özünüz özünüzdə güc tapdınız, yoxsa...
- Ailəm, dostlarım hamısı yanımda oldu. Elə qardaşım özü hospitalda yanımda qalırdı, mənə dəstək verirdi.

A.İlqarqızı: Adətən, azərbaycanlı ailələr övladı cəbhədə zədə alanda digər oğullarını cəbhəyə yola salmaqda tərəddüd edirlər...
- Dörd qardaş idik, evimizdə 5 hərbi biletimiz vardı. Yaralanan, indi dünyasını dəyişmiş qardaşım həm sovet hərbi xidmətində olmuşdu, həm də Azərbaycanda hərbi xidmətə getdi. Qardaşlarım və mən Vətənə layiqincə qulluq etmişik.

A.Lətifov: Döyüşlərdə yara alandan sonra idman karyeranıza paralimpiya oyunları ilə davam etdiniz.
- Çox adam deyir ki, heç görmədən necə güləşirsən? Mən bu hissləri yaşamağı heç kəsə arzu etmirəm.

"London Olimpiadasında məğlub olduğum yapon idmançı görürdü"

A.Lətifov: Səhv etmirəmsə, Sizinlə döyüşənlər arasında görmə qabiliyyəti olanlar da var.
- Üç kateqoriya var, heç görməyənlər və zəif görənlər bir yerdə güləşir. London Olimpiadasında məğlub olduğum yapon idmançı görürdü.

A.İlqarqızı: Amma həmin yaponiyalı idmançıya qalib gəlmişdiniz...
- Fevral ayında Macarıstanda dünya kuboku oldu, finalda həmin idmançı ilə qarşılaşdım, 1 dəqiqə 23 saniyə ərzində revanş götürdüm.

A.İlqarqızı: Avropa Oyunlarında əsas rəqib kimdir?
- Fransalı idmançı Jülyen Turin gələcək.

A.Lətifov: Onunla döyüşmüsünüz?
- Bəli, azarkeşlərim onu çox gözəl tanıyırlar. Zarafatyana deyirlər ki, Azərbaycan himnini əzbər bilən yeganə fransız idmançıdır. Onu 3 dəfə Avropa çempionatının finalında, bir dəfə Olimpiya Oyunlarında, bir dəfə dünya çempionatında, bir dəfə də turnirdə udmuşam. Bir sözlə, himnimizi ona əzbərlədən oğullar var (gülür). Onu da qeyd edim ki, o, Avropa çempionatının finalına çıxırsa, heç də zəif deyil. Pekində çempion olanda o, 3-cü yerə çıxmışdı, 1-ci görüşdə onu cəmi 5 saniyədə məğlub etmişdim.

S.Hilalqızı: Lənkərandan bir məktub gəlmişdi, ata şikayətlənirdi, övladının ikisini də boksa qoymuşdu, fiziki zədə alıb sağlamlıqlarını itirmişdilər. İdman riskli sahə hesab olunur. İdman bir tərəfdən sağlamlıqdır, digər tərəfdən zərbə alınma halları olur. Necə etmək olar ki, fiziki sağlamlıq itməsin.
- Bəli, böyük idman böyük zədələr deməkdir. İdmanı seçəndə diqqətli olmaq, yaşa fikir vermək lazımdır. Bəzən 5 yaşında uşağı gətirirlər ki, istəyirəm boksçu olsun. Olmaz, 5 yaşında çox tezdir. O yaşda uşağı üzgüçülüyə qoymaq lazımdır ki, əzələləri, sümükləri inkişaf eləsin, sonra gimnastikaya və digər idman növlərinə yazdırmaq olar.

S.Hilalqızı: Bir ara güləşi Olimpiya Oyunlarından çıxarmaq istəyirdilər. Səbəbi nə idi?
- Zədəyə və bəzi siyasi gedişlərə görə belə təkliflər vardı. Amma güləş qədim Yunanıstanda ilk idman növlərindən biri idi, çıxarılacağı inandırıcı deyil.

A.Lətifov: Öncə idmanla məşğul olmasaydınız, fiziki məhdudiyyətdən sonra idmana meyl edərdiniz?
- Əvvəldən idmanla məşğul olduğuma görə o, asan gəldi. Heç görməyən insana hər hansı fəndi izah etmək çox çətin olardı. Mən taktikaları da, fəndləri də görmüşdüm. Müəllimimin hansısa fəndlə bağlı tapşırığını dərhal icra edirdim, sadəcə, bir balaca düzəlişlər verirdi.

A.Lətifov: Məşqləri kiminlə edirsiniz?
- Olimpiya yığma komandası ilə birgə təlim-məşqdə oluruq.

A.İlqarqızı: Daim dostunuz Emil Baxşıyev yanınızda olur. Onunla güləşirsiniz?
- Emillə 1987-ci ildə bir yerdə 1-ci sinfə getmişik, dostluğumuz bu vaxtadək davam edir.

A.İlqarqızı: Tanıdığınız adamla, yaxud dostunuzla güləşəndə ona rəhminiz gəlir?
- Kimisə döymürük ki, güləşirik (gülür). Cüdo yeganə idman növüdür ki, ən birinci yıxılmaq texnikasını öyrədirlər, sonra fəndlər gəlir.

Söhbətə Emil Baxşıyev qoşulur: "Heç bir adam deyə bilməz ki, İlham Zəkiyev məni əzdi".
İlham Zəkiyev cüdo idman növü üzrə baş məşqçidən sitat gətirir: Şöhrət ordenli İbrahim müəllim (İbrahim İbrahimov - N.E.) deyirdi ki, London Paralimpiya Oyunlarından sonra İlham 3 görüş keçirdi, udduğu idmançıların hamısı oyunun səhəri günü gipsdə idi. Birinin körpücük sümüyü, birinin quluncu, başqasının dirsəyi sınmışdı.

D.Əhməd: Özünüz zədələr almısınız?
- Bəli, o qədər olub ki.

S.Hilalqızı: Rəqibinizi zədələmədən məğlub etmək mümkündür?
- Yox, mən bilərəkdən etmirdim. Heç kəsi zədələmək istəmərəm.

"Heç vaxt səsimi itirməmişəm, seçkilərdə iştirak edirəm"

D.Əhməd: Siyasətə nə qədər yaxın və ya uzaqsınız?
- Siyasətdən tam uzaq adamam, lakin siyasətdəki gedişləri izləyirəm.

D.Əhməd: Seçkilərdə iştirak edirsiniz?
- Heç vaxt səsimi itirməmişəm, gedib seçkilərdə lazımi şəxslərə səs vermişəm, dəstəkləmişəm.

A.Lətifov: İdmandan başqa nə ilə məşğul olursunuz?
- Daim məşqlərdə oluruq, başqa məşğuliyyət üçün vaxt qalmır. Adətən, zamanımı ailəm, dostlarımla keçirirəm.

A.Lətifov: Gəzmək üçün Bakını, yoxsa daha çox Sumqayıtı seçirsiniz?
- Sumqayıtın gül kimi bulvarı var. Bakılılar deyir, bizdə bulvar var, onları Sumqayıta dəvət edirəm, sonra baxaq hansı bulvar yaxşıdır (gülür).

A.Lətifov: Maddi gəlirləri necə əldə edirsiniz? Hər yarışdan yarışa maliyyə ödənir?
- Biz "Neftçi" idman sağlamlıq mərkəzinin idmançılarıyıq. "Neftçi" klubunun təmsilçiləriyik. Həmçinin sağ olsun Mehriban xanım Əliyeva, bütün olimpiya mükafatçıları Heydər Əliyev Fondundan təqaüd alır. Olimpiya çempionu kimi mərhum Heydər Əliyevin 2002-ci ilin oktyabrında təsis etdiyi olimpiya çempionu təqaüdü, həm də Qarabağ əlili kimi pensiya alıram.

D.Əhməd: Bəs bizim futbol niyə inkişaf etmir?
- Futbol komanda idman növüdür. Yavaş-yavaş inkişaf edəcək. "Qarabağ"ın sonuncu oyunundakı hakimin qərəzli mövqeyi hamımızı kədərləndirdi.

"Bəhram Bağırzadə "Neftçi"dədirsə, hər şey yaxşı olacaq"

N.Ehlamqızı: Azərbaycan futbol komandalarından hansına azarkeşlik edirsiniz?
- "Neftçi" klubunun idmançısı kimi öz klubuma və "Qarabağ"a azarkeşlik edirəm.

A.İlqarqızı: "Qarabağ"ın baş məqşçisi Qurban Qurbanovla münasibələriniz necədir?
- Dostuq. Hər qələbədən sonra zəngləşib danışırıq, hər şey yaxşıdır.

D.Əhməd: Çingiz Abdullayevin "Neftçi" klubunun prezidenti vəzifəsinə təyinat almasını necə qarşıladınız?
- Bəziləri bu təyinatı səhv başa düşdülər. Bu, komandanın daxili siyasətidir. Bəhram Bağırzadə də oradadırsa, hər şey yaxşı olacaq.

Səxavət Həmid: Söylədiniz ki, Azərbaycan adından çıxış etmək istəyən xarici idmançılar çoxdur.
- Özümə nə qədər müraciətlər var.

S.Həmid: London olimpiyasında yarışda iştirak edənlərin əksəriyyəti legionerlər idi.
- Niyə ki? Şərif Şərifov, Gəncəli balası Toğrul, Rövşən Bayramov vardı.

A.Lətifov: Bəs, Sizə hansı ölkələrdən müraciət olmuşdu?
- Dağıstandan müraciət olmuşdu, hamısına kəskin "yox" dedim. Türkiyədən də müraciətlər vardı, dedim ki, öz idmançılarımız özümüzə kifayətdir. Güləşdə legionerlər bir az çoxdur. Amma heç vaxt azərbaycanlıları qoyub legionerləri qabağa çəkmirlər. Respublika çempionatı olur, orada azərbaycanlı idmançı legioneri udsa, yarışlara azərbaycanlı gedir.

N.Ehlamqızı: Hansı tip musiqiləri dinləyirsiniz?
- Xaricdə olanda Azərbaycan mahnılarını dinləyirik. Tünzalə Ağayevanın ifalarına qulaq asmağı xoşlayıram.

A.Lətifov: Fiziki hazırlıqdan sonra oyuna adaptasiya üçün musiqinin rolu olurmu?
- Xüsusi olaraq mahnı dinləyib yarışa hazırlaşmırıq. Hərdən musiqiyə qulaq asırıq, Tünzalə xanımdan başqa aşıqlardan aşıq Əhlimanı dinləyirəm. Dua edirik, qələbəni Allahdan istəyirik. Allah xeyirlisi nədirsə, onu verir.

D.Əhməd: Mütaliə üçün səsli kitablardan istifadə edirsiniz?
- Bəli.

D.Əhməd: Kimlərin əsərlərini dinləmisiniz?
- Ən çox qulaq asdığım Qurani-Kərimdir.

D.Əhməd: Ərəbcə, yoxsa azərbaycanca qulaq asırsınız?
- Həm ərəbcə, həm də azərbaycanca.

S.Həmid: Avropa Oyunlarında komanda hesabı ilə hansı ölkələrin birinciliyi proqnozlaşdırmaq olar?
- Rusiya yığma komandası çox iddialı gəlir, deyirlər ki, biz birinci olacağıq. Amma deyəsən, o, arzu kimi ürəklərində qalacaq. Çalışacağıq ki, Azərbaycan yığma komandası 253 medal dəstindən heç olmazsa 200-nü qazansın.

S.Həmid: Rusiyanın iddiası nəyə əsaslanır?
- Rusiya Olimpiya Komitəsinin prezidenti rusları yığıb demişdi ki, siz Bakıda birinci olmalısınız. Cüdo barədə danışmaq istərdim, burada komanda yarışı da olacaq. Azərbaycan yığma komandasının əsas rəqibləri Rusiya, Fransa, Gürcüstan yığmalarıdır.

S.Həmid: İdmançıların yaralı yeri danışılmış oyunlar, dopinqdən istifadələrdir. Bu məsələ necə tənzimlənir?
- Danışılmış oyunlar barədə bir söz deyə bilmərəm, bizdə komanda oyunu deyil. Dopinq nəzarəti bizdə çox ciddidir. Mən başqa ölkələrdəki yarışlarda, yaxud təlim-məşqlərdə olanda tanımadığım adamdan su belə götürüb içmirəm.

A.Lətifov: Xarici ölkədə olanda qidaları necə qəbul edirsiniz?
- Olimpiya Oyunlarında bütün millətlərin mətbəxindən təamlar olur, müsəlmanları da nəzərə alırlar. Avropa, dünya çempionatlarında menyu kasad olsa da, ac qalmırıq (gülür).

D.Əhməd: İbadətin, Allaha sevginin yarışlarda xüsusi önəmi olurmu, içinizdə əlavə güc, inam...
- Təbii ki. Qələbəni bizə verən Allaha həmd olsun.

"Bəxtimiz onda gətirib ki, İlham Əliyev kimi prezidentimiz var"

A.Lətifov: Görmənizin yenidən bərpası mümkündür?
- Bu gün hələ ki tibbdə bu, mümkün deyil. Axırıncı dəfə 2005-ci ildə cənab Prezidentin şəxsi nəzarəti ilə İsrailə göndərdilər, orada konsilium keçirdilər, tibbdə hələ bunun müalicəsi yoxdur. Orada professor mənə dedi ki, İlham, bəlkə, 3 il bundan qabaq kiməsə desən, ürək transplantasiyası olacaq, sənə gülərdilər, amma bu gün İsrailin hər bir klinikasında bu, mümkündür. Ola bilər 1, yaxud 5 ilə bunun müalicəsi tapılacaq, inkişaf gedir. O izah elədi ki, güllə göz sinirlərimin ikisini də qırıb. Sinir də tük nazikliyindədir. Dedi ki, nə vaxt bu, mümkün olacaqsa, səni mütləq çağıracağıq. Həkimə dedim ki, məni indi Azərbaycan Prezidenti ödənişlər edib buraya göndərib, bəlkə, məni çağıranda pulum olmadı, qayıtdı ki, narahat olma, biz sizin hökumətinizə müraciət edəcəyik ki, sizdə İlham Zəkiyev adında idmançı var, onu göndərin müalicəsini tapmışıq. Cənab Prezident mən İsraildən qayıdanda məyus olmuşdu, dedi, göndərin Amerikaya. Dedim, orada da həmin diaqnoz qoyulacaq, ehtiyac yoxdur. Nə çox Allahın möcüzələri, yoxdan var edən Allaha həmd olsun.

A.Lətifov: Nə zamana qədər cüdo ilə məşğul olmağı düşünürsünüz?
- Cüdoda yaş limiti yoxdur. Nə qədər alınar, inşallah, davam etdirəcəyəm.

A.İlqarqızı: Sənət adamları içərisində də dostluq etdiyiniz şəxslər var.
- Bəli, "Bu şəhərdə"nin üzvləri Rafael İsgəndərov, Coşqun Rəhimov, Müşfiq Abbasovla dostuq. Konsertlərinə də, fəxri qonaqlar kürsüsünə dəvət edirlər, onlar da bizim qələbələrimizi izləyib sevinir, zəng edib təbrik edirlər.


A.Lətifov: Sizə vəzifə təklifləri olub?
- Uşaq Paraolimpiya Komitəsinin icraiyyə komitəsinin üzvüyəm.

A.Lətifov: Bizdə fiziki məhdudiyyətli insanlarda özünə qapanma olur, həyatdan təcrid olurlar. Uşaqlar idmana həvəs göstərirlər?
- Mən fiziki məhdudiyyətli uşaqların valideynlərinə müraciət etmək istərdim ki, onları evdə gizlətməyin.
Sumqayıtda Uşaq Paralimpiya Komitəsi var, gətirsinlər, mütəxəssislər onlarla məşğul olacaq. Bəlkə, onların da arasında gələcəyin olimpiya, dünya, Avropa çempionları var.

S.Həmid: Bədbəxt hadisə nəticəsində ayağını itirən İmran Cəfərzadə Sizin Komitəyə müraciət etməyib?
- İmran Cəfərzadənin valideynləri Komitəyə gətirdilər. Hazırda üzgüçülüklə məşğul olur. Əlillik ayıb bir şey deyil, heç kəs əlillikdən sığortalanmayıb. Sabah başımıza nə gələcəyini bilmirik. Bəzi naşükür insanları Paralimpiya oyunlarına aparmaq lazımdır, baxsınlar, orada necə əlil insanlar var, öz günlərinə şükür eləsinlər. Elə idmançılar var ki, iki qolu, bir ayağı yoxdur, üzgüçülüklə məşğul olur, medal qazanır. Cəmiyyətdə fiziki məhdudiyyətli insanlarla bağlı problemləri var, elə olur barmaqla göstərirlər. Vaxtilə mən də çox sıxılırdım, hadisə başıma gələndə 19 yaşım hələ tamam olmamışdı, çətinliklərim vardı. Şükürlər olsun, olimpiyaçılar arasında 2 qat olimpiya çempionu hələ ki yoxdur, bizdəsə 2 qat paralimpiya çempionları var. Bir idmançımız uzunluğa tullamada çempion olub, cüdodasa mənəm.

Emil Baxşıyev söhbətə qoşulur: "Dövlətin verdiyi qiymət də önəm daşıyır. İlham Zəkiyev yeganə idmançıdır ki, ona Heydər Əliyev Fondundan "Qızıl çinar" verilib".

İlham Zəkiyev yada salır: "Heydər Əliyev Mərkəzinin açılış mərasimində Mehriban xanım şəxsən mükafatı təqdim etdi. Azərbaycan idmançısının bəxti onda gətirib ki, onun İlham Əliyev kimi prezidenti var. Heç bir ölkədə idmana, idmançılara diqqət və qayğı bizim ölkədəki kimi deyil".

Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD


Müəllif:

Oxşar xəbərlər