Özbəkistan prezidenti İslam Kərimovun insult keçirərək, xəstəxanaya yerləşdirilməsindən sonra ekspertlər onu kimlərin əvəz edə biləcəyi ilə bağlı maraqlı iddialar irəli sürüblər.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnovun fikrincə, Kərimovun postuna ən real namizəd hazırki baş nazir Şavkat Mirziyevdir. 59 yaşlı Mirziyev 2003-cü ildən hökumətə rəhbərlik edir.
Qazaxıstan universitetində şöbə müdiri vəzifəsində çalışan Andrey Qrozin əmindir ki, Kərimovu ona yaxın və sadiq insan əvəz edəcək: "Burada 3 variant mövcuddur. 1-ci variant ölkənin milli təhlükəsizlik xidmətinin rəhbəri Rüstəm İnoyatov, ikinci variant ölkənin baş naziri Şavkat Mirziyev, 3-cü variant isə baş nazirin müavini Rüstəm Azimovdur".
Özbəkistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Alişer Taksanov isə bu məsələni şərh edərkən, konstitusiyanın 96-cı maddəsini xatırladıb: "Bu maddədə deyilir ki, əgər prezident öz vəzifəsini icara etmək qabiliyyətini itirirsə, onun səlahiyyətləri müvəqqəti olaraq Özbəkistan Ali Məclisinin sədrinə verilir və o, 3 ay müddətində ölkədə prezident seçkilərinin keçirilməsi üçün hazırlıqlara başlayır". Taksanov hesab edir ki, bu halda ölkəyə Daşkənd klanının üzvü Niqmatulla Yuldaşev rəhbərlik edə bilər.
Rusiya institunun eksperti Acar Kurtov Özbəkistandakı hazırki vəziyyəti belə qiymətləndirib: "Fikrimcə, hazırda Özbəkistan sərhədlərindən kənarda yaşayan islamçı və müxaliflər üçün imkanlar yaranıb. Özlərini demokratik şəxslər adlandıran qüvvələr ölkədəki bu vəziyyətə müdaxilə edə və Özbəkistanı qarışdıra bilərlər. Daha bir təhlükə isə qonşu Əfqanıstandan gələ bilər".
Samir