İraq parlamenti Mosul yaxınlığındakı Başika hərbi düşərgəsinin qapadılması ilə bağlı qərar qəbul edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, qərar türk əsgərlərinin ölkədən çıxarılması yolunda növbəti addım olub. Qərarda İraq hökumətindən məsələ ilə bağlı narahatlığı Türkiyə nümayəndəsinə çatdırılması, BMT və Ərəb Birliyinin İraqdakı türk hərbi varlığını qınamasını ilə bağlı çağırış etməsi, Türkiyə ilə münasibətləri yenidən nəzərdən keçirməsi tələb olunub.
Bundan başqa, İraq parlamenti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İraqdakı müstəqilliklə bağlı bəyanatını rədd edib və bunu ölkənin parçalanmasına yönəlik açıqlama kimi qiymətləndirib.
Xatırladaq ki, Ərdoğan Dubayın "Rotana" televiziyasına müsahibəsi zamanı "Mosul mosulluların, Telafer telaferlilərindir. Heç kimin bura girməyə haqqı yoxdur. Mosul azad edildikdən sonra burada ancaq sünni ərəblər, türkmənlər, sünni kürdlər qalmalıdır" demişdi.
Parlamentin bu qərarından sonra İraqın Baş naziri Heydər İbadi jurnalistlərə açıqlama verib: "Türkiyə ilə hərbi münaqişəyə girmək istəmirik. Ancaq türk rəsmilərin davranışları qəbuledilməzdir".
İraq xarici işlər nazirinin sözçüsü Əhməd Camal Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Mosul ilə bağlı açıqlamalarına sərt reaksiya verib: "İraqın daxili işlərinə müdaxilə etməyin, Mosuldan əlinizi çəkin. Türkiyə terrorçuluqla mübarizə aparmaq istəyirsə, rəsmi Bağdadla birgə əməliyyatlar keçirməlidir".
Türkiyə tərəfi məsələ ilə bağlı İraqın bu ölkədəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb. Türkiyə XİN-dən verilən bəyanatda deyilir: "İraq parlamentinin oktyabrın 4-də qəbul etdiyi qərarı qınayırıq. Xüsusilə, prezident Rəcəb Tayyib Ərdoğana yönəlik çirkin ittihamlara qarşı etirazımızı bildiririk".
Samir