18 Yanvar 18:12
235
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan-Gürcüstan münasibətləri əsl strateji tərəfdaşlıq nümunəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin “Gürcü Arzusu” fraksiyasının sədr müavini Levan Maçavariani baş nazir İrakli Kobaxidzenin Azərbaycana səfərini jurnalistlərə şərh edərkən deyib.

Deputat ölkələr arasında bir çox ortaq layihələrin olduğunu, Azərbaycanın Gürcüstanın ən böyük ticarət tərəfdaşlarının ilk beşliyində yer aldığını bildirib.

“Bakıda aparılmış müzakirələrdə iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Cənubi Qafqazda sabitliyin qorunub saxlanılması məsələləri müzakirə olunub. Gürcüstan və Azərbaycan bölgədə sabitlik və təhlükəsizliyin qarantıdırlar. Hər iki ölkə tərəfdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır”, - L.Maçavariani söyləyib.

Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə komitəsinin sədri İrakli Kadaqaşvili öz növbəsində bildirib ki, İ.Kobaxidzenin Azərbaycana səfəri strateji münasibətlərin daha da dərinləşməsinə və möhkəmlənməsinə xidmət edir.

“Bizim Azərbaycanla təkcə siyasi deyil, həm də iqtisadi və dəyərlər baxımından çox oxşar cəhətlərimiz var və ona görə də bu səfərlər ölkələr arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verir”, - deputat əlavə edib.

Digər deputat Paata Salia baş nazirin Azərbaycana səfərinin çox mühüm siyasi əhəmiyyəti kəsb etdiyini söyləyib.

“Azərbaycan “Gürcü Arzusu”nu seçkilərdə qələbə və seçkilərin uğurla keçirilməsi münasibətilə Gürcüstanı təbrik edən ilk dövlət oldu. Azərbaycan regionda mühüm tərəfdaşdır və yaxşı anlayır ki, bütün Cənubi Qafqazın sabitliyi daha çox Gürcüstanın sabitliyindən asılıdır. Buna görə də ikitərəfli münasibətlərin dərinləşdirilməsi və möhkəmləndirilməsi çox vacibdir və Cənubi Qafqazda sabitliyin olacağına əsas təminatdır”, - parlament üzvü deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər