Sultan III Səlim (1798-1808) Osmanlı İmperiyasında modernləşmə səylərini başladan sultanlardan birincisi kimi tanınır. Şahzadə olduğu dövrdə musiqi və sənətlə yaxından maraqlanan Sultan Səlimin özünün də yaratdığı musiqi əsərləri var.
Teleqraf.com xəbər verir ki, Osmanlı arxivlərindən sultanın o dövrlərə aid yazısı üzə çıxıb.
Aşkar olunan sənədə görə, Sultan sarayın dəniz tərəfindən yüksək səslə mahnı oxuyaraq keçən əcnəbi dənizçilərdən narahat olur. Baş vəzir səfərdə və ya İstanbuldan kənarda olduğu üçün onun vəzifələrini icra edən mahal valisinə bir rəsmi məktub göndərir.
Rəsmi məktubda aşağıdakı ifadələr yer alır:
“Vali Paşa! Bu gecə səhərə yaxın Frank dənizçiləri bir qayıqla mahnı oxuyaraq sarayın önündən keçdilər və bunu bir neçə dəfədir edirlər. Rəis Əfəndini (xarici işlər naziri) bir daha tənbeh edin. Bütün elçiləri və franklara xəbərdarlıq etsin. Bir daha belə ədəbsizlik etməsinlər. Kim olur-olsun, öldürəcəyəm. O zaman “bizim adamdır” desələr, Rəis Əfəndiyə qəzəbliyəm. Başqa sözlə, xəbərdarlıq etsin”.