29 Sentyabr 2021 23:39
3 135
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” Donald Tramp prezidentliyi dövründə onun xanımı Melaniya Trampın şəxsi köməkçisi olan və 2019-2020-ci llərdə Ağ Evin mətbuat katibi vəzifəsini icra edən Stefaniya Qrişam tərəfindən yazılmış kitabın əlyazmasını ələ keçirib.

Teleqraf.com xəbər verir ki, Qrişam hələ çap olunmamış kitabında 2019-cu ildə Yaponiyada G-20 Zirvəsi zamanı Tramp və Rusiya lideri Vladimir Putin arasında 90 dəqiqəlik görüşə də yer verib.

Müəllif kitabda mətbuat konfransından əvvəl jurnalistlər salona girməmiş Trampın əyilərək Putinin qulağına, “Bir neçə dəqiqə sənə qarşı sərt davranacağam. Amma bu kameralar üçündür. Çıxdıqdan sonra danışarıq. Məni başa düşürsən?”, dediyini yazıb.

Trampın son aylarında COVID-19 əleyhinə bütün addımları yenidən prezident seçilmək üçün atdığını vurğulayan Qrişam kürəkəni Jared Kuşnerin özünü onun şəxsi katibi kimi apardığını və bütün görüşlərə qatıldığını bildirib.

“Mən Melaniya Trampa dedim ki, 2020-ci il seçkilərində məğlub olsaq, bunun səbəbi Jared Kuşner olacaq. Melaniya mənim fikrimə etiraz etmədi”, - Qrişam qeyd edib.

Melaniya Trampı da “ən azı əri kimi inadkar” olaraq xarakterizə edən Qrişam Gizli Xidmətin əməkdaşlarının Melaniya Trampın Ağ Evdən nadir hallarda çıxdığı üçün ona “Rapunzel” ləqəbi verdiyini qeyd edib.

Təxminən bir il Ağ Evin sözçüsü işləyən Qrişam vəzifədə olarkən bir dəfə də mətbuat konfransı keçirmədiyinə görə tənqidlərə məruz qalmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər