Ukrayna Silahlı Qüvvələri Donetsk ətrafını atəşə tutmağa başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə öz müstəqilliyini elan etmiş “Donetsk Xalq Respublikası”nın (DXR) Atəşkəs rejiminə nəzarət və koordinasiya Birgə Mərkəzindəki nümayəndəliyi məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik qüvvələri Donetsk istiqamətində Yelenovka qəsəbəsini və Siqnalnoe kəndini, Qorlovka istiqamətində Qaqarin və İzotov adına mədən qəsəbələrini, Mariupol istiqamətində Petrovskoye və Novolasp kəndlərini atəşə tutub. DXR atışmada 82 mm-lik minaatanlardan, qumbaraatanlardan və atıcı silahlardan istifadə edildiyini iddia edir.
Digər qondarma rejim – “Luqansk Xalq Respublikası”nın (LXR) hakimiyyəti Ukrayna hərbçilərinin Luqansk ərazisini sutka ərzində dörd dəfə 120 və 82 mm-lik minaatanlardan, SPQ-9 ağır tank əleyhinə qumbaraatanlardan atəşə tutduğunu açıqlayıb. “LXR”in xalq milisləri təmas xəttində vəziyyətin əhəmiyyətli dərəcədə gərginləşdiyini qeyd ediblər.
Donbas bölgələrinin atəşə tutulmasına cavab olaraq Ukrayna Silahlı Qüvvələri atəşkəs rejiminə əməl etdiyini bildirib. Qeyd olunub ki, atəşkəsi Donbas respublikaları 8 dəfə pozublar.